Ən son xəbərlər
Ermənistanda son günlər sosial-iqtisadi və siyasi gərginlik kəskin artmışdır. Nikol Paşinyanın başçılıq etdiyi hökumət ölkədə vəziyyətə nəzarəti tamamilə itirməkdədir. Bir çox siyasi təhlilçilər ölkədə yeni “məxməri inqilab”ın baş verəcəyini, Paşinyanın siyasət meydanından qovulacağını bildirirlər.
Ölkədə siyasi təfriqə gücləndikcə, rəqib partiya və qruplaşmalar hakim dəstədən qopan “narazı siyasətçiləri” dərhal öz tərəflərinə çəkməyə cəhd edirlər. Niyyətləri bəllidir: hər vəchlə yaranmış xaos və özbaşınalıqdan öz şəxsi maraqları üçün istifadə etmək.
Əslində, bütün bunlar gözlənilən idi. N.Paşinyanın bir vaxtlar küçə və meydanlarda özündən əvvəlki iqtidarı devirmək üçün istifadə etdiyi populist və psevdo-patriotik şüar və metodlar bu dəfə onun özünə qarşı istifadə olunur.
Ölkədə kütlənin mövcud hakimiyyətdən narazılığı isə günbəgün güclənir. N.Paşinyan Ermənistanda sürətli iqtisadi inkişafa nail olunacağı, yoxsulluğun ləğv ediləcəyi, xarici sərmayələr cəlb ediləcəyi, yüksək məvacibli yeni iş yerləri yaradılacağı ilə bağlı bolluca yağlı vədlər vermişdi. Bütün bunlar boş xülya olaraq qalır.
Ermənistan mətbuatı yazır ki, ölkədə sosial-iqtisadi vəziyyət kritik həddə çatdığından hər an aclıq qiyamı baş verə bilər. Bir sıra bölgələrdə bunun simptomları artıq özünü biruzə verir. Səfalət içində olan sakinlər etiraz mitinqlərinə toplaşaraq, hökumətə qarşı itaətsizlik göstərməyə başlayıblar.
Respublikaçılar Partiyasından olan keçmiş vitse-spiker Eduard Şarmazanov “Ermənistanın səsi” radiosuna müsahibəsində bildirib ki, N.Paşinyan idarəetmədə səriştəsizliyini etiraf etmək əvəzinə bütün günahları müxalifətin üzərinə atmağa çalışır. Siyasətçi hesab edir ki, Ermənistanda növbəti “məxməri” inqilab baş versə, ölkə tamamilə uçuruma yuvarlanacaq. Buna yol verməmək üçün təcili növbədənkənar parlament seçkiləri keçirilməlidir. Çünki, hazırda parlamentdə təmsil olunan deputatlar real siyasi qüvvələr nisbətini əks etdirmir.
Sərt təzyiqlərlə üzləşən, bir vaxtlar “demokrat” cildinə girən N.Paşinyan indi özünü diktator kimi aparır, heç bir haqlı irad və tənqidi qəbul etmək istəmir. O, insanları “özününkülər”ə və “düşmənləri”nə ayırır və qarşı tərəfi cəzalandırmağa tələsir. Paşinyanın şəxsi hikkələri nəticədə ölkədə siyasi intriqalara rəvac verir.
Erməni publisisti, dramaturq Karine Xodikyan yazıb ki, bu gün Ermənistanda iqtidarla müxalifət arasında faktiki olaraq müharibə gedir. “Nədir, mütləq küçəyə çıxmalı, qırmızılara və ağlara bölünməli və bir-birini öldürməlidirlər ki, buna vətəndaş müharibəsi deyək? İki ordu arasında vətəndaş müharibəsi var, bir tərəf üçün bu, ölüm və həyat məsələsidir, çünki həmin tərəf üçün həyat və ölüm şəxsi rifah, milyon-milyardlar, itirdiyi hakimiyyət və itirdiyi nüfuzlu mövqe ilə əlaqədardır”, - deyə o bildirib. K.Xodikyan sonra qeyd edib ki, məhkəmə-hüquq sisteminin islahatları baxımından Ermənistanda inqilab uğursuz olub.
Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində canlı yayım vasitəsilə bildirib ki, mayın 20-si günorta saatlarında həm “Adekvat” ictimai təşkilatından, həm də digər ictimai təşəbbüslərdən onlarla fəal qeyri-qanuni olaraq saxlanılıb. Qeyd edib ki, Ermənistan Respublikaçılar Partiyasının gənclər təşkilatının üzvləri, eləcə də təşkilatın sədri Hayk Mamicanyan həbs olunanlar arasındadır.”
Bəli, N.Paşinyan ölkəni idarə etmək qabiliyyətində deyil. Ermənistanda çoxları bunun fərqindədir. “Vahid Ermənistan” partiyasının sədr müavini Vladimir Martirosyan öz “Facebook” səhifəsində yazıb ki, Paşinyan siyasi lider səviyyəsinə yüksələ bilməyib və belə bir imkanlara qadir də deyil.
M.HACIXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə