Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən gün koronavirusa ən çox yoluxma qeydə alınıb

Son günlər dünyada koronavirusa yoluxanların sayı sürətlə artmaq­dadır. Mayın 21-də Rusiyanın 84 subyektində 8 min 849 yoluxma halı qeydə alınıb. Məlumatı ölkənin koronavirusun yayılması ilə bağlı operativ qərargahına istinadən “İnterfaks.ru” verib.

Məlumata əsasən, pasiyentlərin 42 faizində xəstəliyin kliniki əlamətləri özünü göstərməyib. Ümumilikdə, ölkədə 318 mindən artıq xəstə qeydə alınıb.

ABŞ-ın Con Hopkins Universitetinin verdiyi məlumatda isə bildirilir ki, xəstələrin sayına görə dünya­da ilk üçlükdə hələ də ABŞ (1,5 milyon nəfər), Rusiya (ikinci yeri tutur) və Brazili­ya (292 mindən artıq, son sutkada 20 min nəfər artıb) qərarlaşıb. Sonrakı yerdə isə Səudiyyə Ərəbistanı dayanır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da yeni növ koronavirusa yoluxma halları ilə bağlı yeni rekord statisti­kasını açıqlayıb. Təşkilatdan bildirilib ki, ötən 24 saat ərzində epidemiya başla­yandan bəri bir gün üçün ən yüksək sayda yeni yoluxma halı qeydə alınıb.

Mayın 20-si səhərdən 21-i səhərə qədər dünya üzrə koronavirusa yeni yoluxanların sayı 106 min nəfər olub. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, bu artım, ilk növbədə, yoxsul ölkələrdə vəziyyəti acınacaqlı nəticələrə aparıb çıxaracaq. ÜST-ün əsas narahatlığı bununla bağlıdır.

Onun sözlərinə görə, əhalinin gəlirləri orta və aşağı olan ölkələrdə, xüsusilə də səhiyyə sisteminin zəif inkişaf etdiyi və sosial məsafə qay­dalarını tətbiq etməyin çətin olduğu dövlətlərdə yoluxma hallarının artımı həyəcan doğurur.

ÜST rəsmisi COVID-19 pandemiyası ilə əlaqədar qarşıda hələ uzun yolun olduğunu bildirib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

22 2020 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə