Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio-2020 ləğv oluna bilər

“Marca”nın məlumatına görə, Yaponiyada bu il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının ləğvi gündəmə gəlib. İddialara görə, Olimpiadanın 2021-ci ildə keçirilməsi sonuncu variantdı. Bu, mümkün olmasa, yarış ləğv ediləcək.

Mənbə qeyd edir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bah bu variantı istisna etməyib: “Bizim bir prinsipimiz var: Yay Olimpiya Oyunlarını bütün iştirakçılar üçün təhlükəsiz şəraitdə keçirmək. Heç kim bir il və ya iki ay sonra dünyanın necə görünəcəyini bilmir. Buna görə də ilk növbədə mütəxəssislərə güvənməli və onların tövsiyələrinə uyğun qərar qəbul etməliyik. Mən başa düşürəm, Olimpiadanı daim təxirə salmaq və hər dəfə 3-5 min arası insanı təşkilat komitəsində işə cəlb etmək olmaz. Hər il dünyada beynəlxalq idman federasiyalarının iş qrafikini dəyişdirmək də mümkün deyil, çünki idmançılarda əminlik olmalıdı. Fərqli ssenarilərə hazır olmalıyıq. Ümid edirik ki, Yay Olimpiya Oyunları gələn ilin iyul ayında keçiriləcək. Bununla birlikdə, təhlükəsiz mühitin yaradılması üçün əlavə tədbirlərin görülməsi tələb oluna bilər. Bu mənada idmançılar və Olimpiadanın digər əməkdaşları üçün karantin rejimi də istisna deyil”.

Bah Yaponiyadakı sosial məsafə məsələsi ilə bağlı mövcud məhdudiyyətlər haqqında da danışıb. Bəzi mütəxəssislər hesab edir ki, Tokiodakı şərait Oyunların qapalı qapılar arxasında keçirilməsinə imkan verir. BOK rəhbəri bu fikirləri “spekulyasiya” adlandırıb.

Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Daha öncə Yaponiyanın baş naziri Şinzo Abe növbəti yay baş tutmayacağı təqdirdə, Olimpiadanın təqvimdən çıxarılacağını bildirmişdi.

Elçin ABBASOV,
“Xalq qəzeti”

21 2020 14:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə