Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyində videokonfrans keçirilib

Mədəniyyət Nazirliyində nazirliyin aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

Konfransda son günlər Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin saxlanılması, müvafiq orqanlar tərəfindən istintaq araşdırmalarının aparılması, bir sıra cinayət tərkibli faktların üzə çıxarılması müzakirə edilib. Vurğulanıb ki, bu istiqamətdə müvafiq orqanlar tərəfindən araşdırmalar davam etdirilir və bütün təqsirkar şəxslər ciddi məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verəcəklər.

Videokonfransda həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar diqqətə çatdırılmış, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilmişdir. Bu məkanlarda dezinfeksiya tədbirlərinin davam etdirilməsi, ziyarətçilərin tibbi maskalardan istifadə etmələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır.

Hələlik fəaliyyəti bərpa olunmayan mədəniyyət müəssislərinin öz işlərinə sosial təcrid rejimi şərtlərinə uyğun davam etməsi, nazirlik tərəfindən elan olunmuş müsabiqələrin yekunları ilə bağlı müvafiq işlərin görülməsi tövsiyə olunmuşdur.

Videokonfransda təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunması məsələsi xüsusilə qeyd edilmişdir. İştirakçıların nəzərinə çatdırılmışdır ki, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulunun yalnız elektron qaydada həyata keçirilməsi təmin edilməlidir.

Beynəlxalq səviyyədə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən işlərin layiqincə davam etdirilməsinin vacibliyi vurğulanmış, Mədəniyyət Nazirliyinin fəaliyyətinin yeni qəbul edilmiş iş planına uyğun olaraq həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, vəzifələr məsuliyyətlə yerinə yetirilməli və mədəniyyət sahəsində çalışan hər bir şəxs baş verənlərdən nəticə çıxarmalıdır.

Videokonfransın sonunda nazirliyin müvafiq struktur və idarə rəhbərlərinə nöqsanların aradan qaldırılması və neqativ hallara yol verilməməsi barədə ciddi tapşırıqlar verilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 May 2020 10:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə