Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 173 Bakı şəhəri, 14 may 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarix­li 103 nömrəli, “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2004-cü il 25 avqust tarixli 117 nömrəli, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 21 aprel tarixli 74 nömrəli, “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 iyul tarixli 167 nömrəli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli Fərmanının 1.4-cü bəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798, № 8, maddə 1817; 2019, № 1, maddə 154) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haq­qında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”;

1.2. 1.4-cü bəndə aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:

“Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud boru kəmərləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduq­da, həmin kəmərlərin yenidən qurulması və ya həmin kəmərlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlan­ması tələb olunmur, lakin həmin kəmərlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud kəmərlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.”;

1.3. 7.1-ci bənddə “xüsusi” sözü “Qaz təchizatı” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə əvəz edilsin;

1.4. 7.7-ci bəndin üçüncü abzasının ikinci cümləsində “xüsusi” sözü (birinci halda) “qanunla müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə, “xüsusi icazə verən müvafiq icra hakimiyyəti orqanına” sözləri “aidiyyəti üzrə” sözləri ilə əvəz edilsin;

1.5. 7.9-cu bənddə “müvafiq qaydada alınmış xüsusi icazədə verilmiş” sözləri “qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.6. 7.12-ci bəndin ikinci abzasının birinci cümləsindən “qaydada alınmış xüsusi” sözləri çıxarılsın;

1.7. 7.18-ci bənddə “və ya tələb olunduqda xüsusi” sözləri “və qanunla müəyyən edilən hallarda lienziya və ya” sözləri ilə əvəz edilsin;

1.8. 7.78-ci bəndin üçüncü abzasında “xüsusi” sözü “qanunla müəyyən edilən hallarda lisenziya və ya” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 avqust tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 661) ilə təsdiq edilmiş “Azərbaycanda təhlükəli tullantıların idarə olunma­sının Dövlət Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.1-ci yarımbənd üzrə:

2.1.1. on ikinci abzasda “qurğulara müvafiq şərtlərlə sertifikatın verilməsinə zəmanətin təmin edilməsi” sözləri “qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haq­qında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılma­sının təşkil edilməsi” sözləri ilə əvəz edilsin;

2.1.2. on üçüncü abzasda “sertifikatın şərtlərinə əməl olunmasını və bu” sözləri “təhlükəli tullantı­ların idarə edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. 2.2.2-ci yarımbəndin birinci abzasında “sertifikatların verilməsi” sözü “sertifikatlaşdırılma­nın təşkili” sözləri ilə, ikinci abzasında “sertifikat­laşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilsin;

2.3. 2.2.4-cü yarımbəndin “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 388; 2007, № 10, maddə 1027; 2008, № 2, maddə 132; 2012, № 9, maddə 920; 2018, № 4, maddə 794) ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na aşa­ğıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:

“7.2-1.Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, po­liqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respubli-kasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji eksper­tizası keçirilməlidir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 686) ilə təsdiq edilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

4.2. 2.2-2.10-cu, 2.14-cü və 3.4-cü bəndlər ləğv edisin;

4.3. 4.1-ci bənddə “icazə” sözü “yol” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 284; 2018, № 10, maddə 2164, № 11, maddə 2440) ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. aşağıdakı məzmunda 2.1.2-1-ci, 4.1.1-1-ci və 8.1.1-1-ci yarımbəndlər əlavə edilsin:

“2.1.2-1. qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

4.1.1-1. layihələndirmə mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

8.1.1-1. dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri, habelə tikinti materialları yataqlarının mənimsə-nilməsi və istismarı layihələri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazır­lanması və həmin sənədin dövlət ekoloji ekspertiza­sının keçirilməsi;”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə