Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Arizona ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir ki, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu diqqətə çatdırılır.

Bəyannamədə, həmçinin ABŞ-da və bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda mer K.Qayeqo 28 may tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edir və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırır.

Qeyd edək ki, 1,6 miyon əhalisi olan Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci böyük şəhərdir.

“Xalq qəzeti”

19 2020 11:30 -

Köhnə versiyamızdan xəbərləri izlə