Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təkmilləşdirilməsi üçün yeni layihə həyata keçirir

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada əlçatanlığının təmin olunması istiqamətində görülən işlər davam etdirilməkdədir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, Agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış layihə əsasında növbəti belə yenidənqurma işlərinə Əliyar Əliyev küçəsində başlanılmışdır. Həmin küçədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hərəkətin kanallaşdırılması məqsədilə “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq. 

Nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq.

Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək. Bundan əlavə sərnişindaşımalarda xidmət səviyyəsinin yüksəldilməsi üçün avtobus dayanacağı məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaqdır.

Agentliyə barəsində ən çox şikayət daxil olan yol sahələrindən biri olan Əliyar Əliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində hərəkət yenidən təşkil ediləcəkdir. Belə ki, layihə çərçivəsində həmin kəsişmədə nişanlanma xətləri vasitəsilə çəkilmiş adacıq ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaqdır. Həmçinin, “Çermet körpüsü”nün altnda hərəkət bir istiqamətli təşkil edilərək sürücülər arasında yaranan çaşqınlıq aradan qaldırılacaq, bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaqdır. 

Samirə Əliyeva,
“Xalq qəzeti”

12 2020 15:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə