Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib YENİLƏNİB

Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunub

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Zirvə görüşünün iştirakçıları­nı salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli Zirvə görüşünün iştirak­çıları. Mən sizi səmimiyyətlə salamla­yıram. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pande­miyaya – koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunmuşdur.

Zirvə görüşünün gündəliyi üzv dövlətlərlə razılaşdırılmışdır. Etiraz yox­dursa, Zirvə görüşünün gündəliyi qəbul olunur. Mən Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19-la mübarizəyə həsr olunan onlayn Zirvə görüşünü açıq elan edirəm.

Dövlətimizin başçısı Zirvə görüşündə giriş nitqi söylədi.

 

 PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

– Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli BMT Baş Assambleyasının sədri.

Hörmətli beynəlxalq təşkilatların rəhbərləri.

Zati-aliləri.

 

Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olun­muş Metodologiyalar üzrə Kartaxe­na sənədindən çıxış edərək korona­virusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu for­matda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Təqdirəlayiq haldır ki, Qo­şulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun­muşdur.

Zirvə görüşündə iştirakına görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkürümü bildirirəm.

Mən, eyni zamanda, Zirvə görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru­na və Afrika İttifaqının Komissiyası­nın sədrinə öz minnətdarlığımı ifadə etmək istərdim.

BMT Baş katibi cənab Antonio Quterreşə və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komis­siyasının vitse-prezidenti cənab Cozef Borelə videomüraciətinə görə təşəkkürümü bildirirəm.

2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirildi. Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda, bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulma­ma Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük inam və etima­da görə bir daha minnətdarlığımı bildirirəm.

Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünya­da vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar mey­dana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat re­aksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir.

COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığor­talanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik.

BMT Baş katibi Antonio Qu­terreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleya­sında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebre­yesusa təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVİD-19-a qarşı Zirvə görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi.

Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd etmək istərdim.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi ko­ronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı.

Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir. Mənim sərəncamımla ilin əvvəlində Nazirlər Kabine­ti yanında operativ qərargah yaradılmışdır.

Pandemiya dövründə bizim üçün prioritet məsələ insanla­rın sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir.

Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salın­mış və ya ləğv edilmişdir. Mart ayı­nın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 labora­toriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir.

Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır.

Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasın­dakı dinamika müsbətdir. Pan­demiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.

Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılıb.

Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makro­iqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanıl­maqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimu­muna uyğun olaraq iki ay ərzində vəsait ödənilir.

İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılma­sı nəzərdə tutulur.

Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir.

Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir.

Bütün bunlar atılan addımların yalnız bir hissəsidir. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir.

Hörmətli həmkarlar, pande­miya şəraitində ölkələrimiz ara­sında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasi­yada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq- Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılma­sında böyük rol oynamışdır. Pan­demiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yara­dılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qo­şulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırıl­maqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası re­gional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oy­nadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qo­şulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assamble­yanın COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonf­rans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.

Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyev: İndi isə sözü BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandeyə verirəm.

 

 Ticani Məhəmməd- Bandenin çıxışı

– Hörmətli Sədr, nazirlər, xanımlar və cənablar.

Mən cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, bu gün bu cür mühüm tədbirə ev sahibliyi edir.

Mən öz yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm və xəstəlikdən əziyyət çəkənlərə tezliklə sağalmala­rını arzulayıram.

Mən bu xəstəliklə mübarizənin ön cəbhəsində vuru­şan səhiyyə işçilərinə və digər şəxslərə əhalinin sağlam və təhlükəsiz qalması üçün gördükləri işə görə təşəkkür edirəm.

Bu gün üzərimizə düşən səlahiyyətlərdən çıxış edərək bildirmək istəyirəm ki, biz pandemiyanı məğlub etmək üçün verdiyi mühüm dəstəyə və göstərdiyi xidmətlərə görə Ümumdünya Səhiyyə Təşkilatının, Qoşulmama Hərəkatının üzv dövlətlərinin, vətəndaş cəmiyyəti və özəl sektorun səylərini alqışlamalıyıq. BMT-nin COVİD-19 qlobal humani­tar cavab tədbirləri planına da maliyyə dəstəyi verilməlidir.

Zati-aliləri, bu gün COVİD-19 bütün dünyada milyardlar­la insanı təhlükə ilə üz-üzə qoydu. Bu gün Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, həmin insanlar 3,4 trilyon ABŞ dolları məbləğində gəlirlərini itiriblər.

Qlobal səhiyyə sistemi bu gün çox ağır təzyiq altındadır və təbii ki, beynəlxalq səfərlər də dayandırılıbdır. Heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına ara­dan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVİD-19 virusunun yayılmasının qarşısını alaq. Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərsizlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni zamanda, biz görürük ki, inkişafda olan bir sıra ölkələrin borcları çox kəskin şəkildə artır. Bun­lardan irəli gələrək bildirmək istəyirik ki, biz cari böhranın lap ortasındayıq. Bir çox ölkələr, həmçinin öz həllini tapmayan silahlı münaqişələrdən əziyyət çəkir, münaqişələr dayandı­rılmalıdır. Biz bununla bağlı BMT-nin Baş katibi adından qlo­bal miqyasda atəşkəsin təmin edilməsi üçün çağırış etmişik. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik.

Bu böhrana gəldikdə, görürük ki, biz məhz Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı onillik tədbirlər pla­nını tam həyata keçirməliyik. Biz verdiyimiz bu vədlərdən heç zaman geri çəkilə bilmərik. Əlimizdən gələni etməliyik ki, 2030-cu ilə olan Gündəliyi icra edək və Əddis-Əbəbə tədbirlər planının maliyyələşdirilməsi, onun icrası üçün ça­lışmalıyıq. Biz bununla bağlı çoxtərəfli səylərimizi nümayiş etdirməliyik.

Zati-aliləri, həmçinin Birləşmiş Millətlər Təşkilatı olaraq bildiririk ki, Qoşulmama Hərəkatı da müxtəlif cavab tədbirləri görməyə başladı. Bilirik ki, insanlar və ölkələr arasında etimadın artırılması üçün təşkilatın üzv dövlətləri bir çox mühüm işlər görməyə başlamışlar. Biz artıq yeni erada ya­şayırıq, vəziyyət əvvəlki kimi deyil. Ölkələr bu gün anlayırlar ki, onlar çox böyük çətinliklər qarşısındadırlar. Bütün bunlar bizim ümumi vəzifəmizin icrası üçün vacibdir. Biz birgə işləməyə çalışmalıyıq və elə etməliyik ki, bu və ya digər əhalinin spesifik ehtiyaclarına cavab verək. Biz buna məhz çoxtərəfli əməkdaşlıq sayəsində nail ola bilərik. Yalnız belə olan halda biz prosesləri əlaqələndirə və mövcud şəraitə görə təcrid olunmuş insanlara bu yolla yardım edə bilərik.

Zati-aliləri, 2030-cu ilin Gündəliyinin icrasında təhsilə də xüsusi önəm verilir. Biz çalışmalıyıq bir işçi planı tərtib edək və orada səmərəli mexanizmlər olsun ki, həm pan­demiyaya qarşı mübarizə aparılsın, həm də istədiyimiz nəticələr təmin edilsin. Biz bunu ona görə etməliyik ki, bunlar təxirəsalınmaz məsələlərdir və dünyada təhsillə bağlı məsələlər daha da dərinləşməsin. Bu gün dünya üzrə tələbələrin ümumi sayının 90 faizindən çoxu məhz bu çətinliklərlə üzləşib. Bir çox tədris ocaqları bağlanıb. Biz öz işimizi səmərəli şəkildə əlaqələndirməli və bir-birimizə dəstək verməliyik. Heç bir halda imkan yarada bilmərik ki, bu sahədə boşluq olsun. Bütün bunlar məhz sizə, sizin göstərdiyiniz əməkdaşlığa əsaslanır. Biz istərdik ki, pande­miyaya qarşı bu cavab tədbirləri uğurla nəticələnsin.

Biz bilirik ki, dünya kənd təsərrüfatı sahəsində vəziyyətdən asılıdır. İnsanların ərzaqla təmin olunması, eyni zamanda, onların gəlir qazanması üçün əlimizdən gələni etməliyik ki, kənd təsərrüfatı sahəsində çalışan işçilər əhalini ərzaqla minimal itkilərlə təmin edə bilsinlər. Zati-aliləri, sizə müraciət edirəm ki, bu sahəyə inklüziv olaraq geniş şəkildə sərmayələr qoyulsun, daha müqavimətli ərzaq sistemləri qurulsun və hər bir dövlət bu sistemlə əhatə olunsun. Biz çox diqqətli olmalıyıq ki, milyonlarla insan aclıq problemləri ilə üzləşməsin.

Zati-aliləri, biz təxirəsalınmaz tədbirlər görərkən dayanmadan öz yardımlarımızı göstərməliyik. Xüsusən də bu, zəif ölkələrə aid­dir ki, onlar səhiyyə sahəsində cavab tədbirləri görsünlər və əhalisinin sosial müdafiəsini təmin etsinlər. Biz öz səylərimizi birləşdirməliyik, qeyri-qanuni maliyyə axınlarının qarşısının alınma­sında konkret tədbirləri davam etdirməliyik. Bu məqsədlə əlavə vəsaitləri səfərbər etməliyik ki, COVİD-19-un təsirlərini aradan qaldıraq.

Zati-aliləri, mən bu baxımdan Qoşulmama Hərəkatının və onun üzv dövlətlərinin göstərdiyi rəhbərlik keyfiyyətlərini alqışlayıram. Çünki onlar pandemiyanın lap başlanğıcından öz həmrəyliyini nümayiş etdirmişlər və beləliklə onlar ən yaxşı təcrübəni mübadilə etməlidirlər, bir-birinə tibbi avadanlığı və ləvazimatı çatdır­malıdırlar, ərzaq və digər bu kimi humanitar yardımları göstərməlidirlər. Mən müraciət edirəm ki, Qoşulmama Hərəkatı bu ülvi məqsədləri, bir-birinə iqtisadi yardımı və digər bu kimi halları təşviq etsin. Mən Qoşulmama Hərəkatına minnətdaram ki, onlar bir çox for­mada öz prinsiplərindən çıxış edərək, həmçinin BMT-nin Xartiyasına da dəstək vermişlər. İna­nıram ki, Qoşulmama Hərəkatı bundan sonra da öz haqlı səsini ucaldacaq və işini davam etdirəcək. Həmçinin BMT-nin Nizamnaməsi və Banduq prinsipləri çərçivəsində mühüm işlərə, beynəlxalq sülhə və təhlükəsizliyə, qanunun aliliyinə, ədalətə xidmət edəcək. İstərdim ki, tərəfdaşlığı bundan sonra da davam etdirəsiniz, COVİD-19-un məğlub edilməsi istiqamətində başladığınız işi daha da gücləndirəsiniz və biz bu çətinlikləri birgə aradan qaldıraq.

Sağ olun, cənab Prezident!

* * *

Prezident İlham Əliyev: Sağ olun, cənab prezident! İndi isə mən hamınızı BMT-nin Baş katibi cənab Antonio Quterreşin videomüraciətini dinləməyə dəvət edirəm.

Antonio Quterreşin videomüraciəti

– Bu görüşü təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.

Cəmiyyətlərimiz ağır sınaqdan keçməkdədir.

COVİD-19 bütün dünyada milyardlarla insana ciddi iztirablar verərək və qlobal iqtisadiyyatı pozaraq, onların həyatlarında təşviş yaradıb.

O, cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşı­sında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı.

Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir.

Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir.

Etiraf etməliyik ki, inkişaf edən ölkələrə münasibətdə kifayət qədər həmrəylik göstərilməyib.

Həm pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərindəki boşluqları, həm də cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiq­yaslı dəstəyə ehtiyacı var.

Biz COVİD-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik.

Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin forma­laşdırılmasında əhəmiyyətli rol oynayır.

Bizim üç təxirəsalınmaz prioritetimiz var: COVİD-19 pan­demiyasına son qoymaq, onun sosial-iqtisadi təsirlərini ara­dan qaldırmaq və bərpa mərhələsindən daha güclü əsasları qurmaqda və heç kəsi kənarda qoymamaqda istifadə etmək.

Biz Dayanıqlı İnkişaf üçün 2030-cu il gündəliyinin və İqlim dəyişikliyi üzrə Paris Sazişinə dair gözləntilərin nəticəsiz qalmasına imkan verə bilmərik.

Bu münasibətlə, mən BMT-nin bütün səylərinizi dəstəklədiyini bir daha bəyan edirəm.

Sizə məhsuldar görüş arzulayıram.

* * *

Prezident İlham Əliyev: Mən BMT-nin Baş katibinə bu videomüraciətə görə təşəkkürümü bildirirəm. İndi isə söz verilir Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesusa.

Tedros Adhanom Qebreyesusun çıxışı

– Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, çox sağ olun!

Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli nazirlər, həmkarlar, əziz dostlar.

Bu gün sizinlə bu tədbirdə iştirak etməkdən şərəf duyuram.

Məni bu tədbirə dəvət etdiyinə və Qoşulmama Hərəkatının Təmas Qrupu qarşısında çıxış etmək imkanı yaratdığına görə Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.

Biz Ümumdünya Səhiyyə Təşkilatına Sizin verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Mən, həmçinin fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz.

Mən məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Ümum­dünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına və onun üzv dövlətlərinə COVİD-19 xəstəliyinə qarşı apardıqları mübarizədə onlara dəstək verir. Mən bilirəm ki, bu il Bandunq Prinsiplərinin 65 illiyi qeyd olunur. Biz bilirik əməkdaşlıq bizim üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsin, COVİD-19 xəstəliyinə qarşı mübarizə aparılsın və bu kimi digər fövqəladə halları aradan qaldırsın.

Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurs­larından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalı­yıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o, qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik.

Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVİD-19-un qarşısının alınmasında çox vacibdir.

Ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Ona görə dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanla­rı və millətləri bu səylərdə birləşdirməliyik. Əvvəlcə bildirildiyi kimi, COVİD-19 yanvar ayında pandemiya elan edildi. Həmin vaxtdan etibarən dünyanın müxtəlif guşələrinə çox sürətlə yayıldı, siyasi, sosial və iqtisadi sistemlərdə problem yaratdı. Pandemiya bizdən həm qlobal, həm də milli səviyyələrdə fövqəladə tədbirlərin görülməsini tələb etdi. Buna görə də bizim qarşımızda sadə bir vəzifə dayanır ki, biz planetimizi qorumalıyıq, eyni məqsədlərdən çıxış edərək insanları xilas etməliyik. Buna görə də biz, həmçinin burada güclü milli və alt milli səhiyyə sistemlərinin əhəmiyyətini qeyd edirik ki, qlobal təhlükəsizlik və universal səhiyyə paketi təmin oluna bilsin. Bütün cəmiyyətlərin, bu baxımdan, ehtiyac­larından irəli gələrək deyə bilərik ki, biz həlledici böhran mərhələsindəyik. Çünki burada qaçqınlar problemi var. İnsan­lar münaqişələrdən əziyyət çəkirlər. Bu gün ictimai səhiyyə üçün böhrana səbəb olan COVİD-19 inkişafda çox ciddi problemlər yaratmışdı. Bunu eşitmək ağrılıdır və dünya bu­nun şahididir. Pandemiya ilə bağlı hazırkı həlledici mərhələdə bütün dövlətlər və maraqlı olan tərəflər, o cümlədən, özəl sektorun nümayəndələri birgə çalışmalıdırlar ki, geridə qalan olmasın. Qoşulmama Hərəkatının Nizamnaməsinin təməlində duran çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi bu həlledici məqamda çox önəmlidir.

Ümumdünya Səhiyyə Təşkilatı müşahidə və erkən müəyyənetmə, şübhəli hallar zamanı təcrid, test aparma imkanlarının artırılması, xəstələrin klinik şəraitdə müalicəsi, məlumat mübadiləsi, müxtəlif sektorlar üzrə fəaliyyət, risklərlə bağlı məlumatlandırma və cəmiyyətin səfərbər edilməsi sahəsində bütün ölkələrin səylərini dəstəkləyir.

Beynəlxalq Səhiyyə Qaydaları kimi instrumentlər sayəsində səhiyyə təhlükəsizliyi ilə bağlı hazırlıqda irəliləyişə nail olunsa da, boşluqlar hələ də qalmaqdadır və milli hazırlıq səviyyəsində böyük fərq var. İstər milli, istərsə də qlobal səviyyədə hazırlıq imkanlarının artırılması istiqamətində fəaliyyətin sürətləndirilməsi vacibdir.

“Təşviş və etinasızlıq” dövrünə son qoymaq üçün dünya hadisədən sonra reaksiya verən mövqeyindən çəkilməlidir.

Əvəzində biz səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik.

Zati-aliləri, COVİD-19 ilə mübarizədə nümayiş etdirdiyiniz liderlik və əzmkarlığınıza görə Sizə bir daha minnətdaram.

Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatı ilə əməkdaşlığa, onun üzvlərinin COVİD-19 ilə mübarizəsinə dəstək verilməsinə və mühüm prinsiplərdən olan çoxtərəflilik, milli birlik və qlobal həmrəyliyə sadiqdir.

Hərəkatın təsisçilərinin baxışına uyğun olaraq və Qoşul­mama Hərəkatının dəstəyi ilə biz bərabər, dinc və firavan dünya yarada və hər kəsə sağlamlığın bəxş edilməsi kimi mühüm məqsədimizə daha yaxşı şəkildə çata bilərik.

Təşəkkür edirəm.

* * *

Prezident İlham Əliyev: Sağ olun, cənab Baş direktor. İndi isə sözü Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata verirəm.

Musa Faki Mahamatın çıxışı

– Mən əvvəlcə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Demək istəyirəm ki, dünyanın bütün ölkələri öz sərhədləri daxilində bu çağırışlarla üz-üzə qalıblar.

Xanımlar və cənablar, Zati-aliləri.

Virusun geniş yayılması bu ilin əvvəlində baş verdi. Əfsuslar olsun ki, bəzi gözlənilməz hallar və meyillər tüğyan etdi, yayıldı. Biz bu halda məhz çoxtərəfli müttəfiqlik və tərəfdaşlığı, yardımı qurmağa müvəffəq olduq. Bu, Afrika qitəsində yaşayan əhaliyə lazımdır və biz bunun şahidi olmuşuq. Bu çoxtərəfli tərəfdaşlıq baş tutubdur. Biz Bandunq prinsiplərində olduğu kimi, üzv dövlətlər arasında həmrəyliyin, dostluğun öz təzahürünü tapması üçün əlimizdən gələni etmişik. Həmçinin əvvəlki vaxtlarda olduğu kimi – fövqəladə hallarda, cinayətkarlığın yayılmasının qarşısının alınması, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında birgə olmuşuq. İndi isə biz həmin həmrəyliyi bu istiqamətdə də davam etdirməliyik. Lakin bu, bir neçə həftənin, ayın işi deyil. Bu, bizim hamımızdan kollektiv tədbirlərin görülməsini tələb edir. Biz hamımız birlikdə olmasaq, səfərbər olmasaq qalib gələ bilmərik.

Qarşımızda bir faktdır ki, Qoşulmama Hərəkatının oy­nadığı rol danılmazdır, fundamentaldır, əhəmiyyətlidir. Həm ikitərəfli, həm çoxtərəfli qaydada tərəfdaşlıq, o cümlədən BMT ilə olan işçi münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən millətlərik, dövlətlərik. Bizim hamımızdan, hər birimizdən bu tələb olunur. Mövcud şərait göz qarşısındadır. Elə bir mərhələdir ki, biz güclü olmalıyıq, yalnız birlikdə olaraq ən yoxsul ölkələrə kömək edə bilərik.

Mən fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatını fəaliyyətinə görə təbrik edirəm, onların əldə etdiyi nəticələri təqdir edirəm. Mən Afrika İttifaqı adından bildirmək istəyirəm ki, bu gün pandemiyanın qarşısının alınması üçün bizim də özümüzə məxsus strategiyalarımız formalaşıb. Onun iki sütunu var. Birincisi, səhiyyə, ikincisi isə sosial-iqtisadi sütun. COVID-19-a qarşı mübarizənin daha sonra hansı şəkildə aparacağımızla bağlı bizim planlarımız tərtib olunubdur. Hesab edirik ki, bu plan icra olunarsa, Afrika qitəsində bizim mübarizəmiz daha ciddi şəkildə güclənəcək. Regionumuzda olan vəziyyətlə tam tanışıq. Biz bilirik ki, hansı vəsaitlər toplanılmalıdır, hansı xam materiallar istifadə olunmalıdır. Bununla bağlı bizim ciddi əlaqələrimiz qurulubdur ki, hər hansı bir fasilə olmasın. Bu gün minlərlə müəssisə müflis olubdur. İnsanlar bu fəsadlardan davamlı şəkildə əziyyət çəkirlər. İstərdik ki, biz bundan sonra da Qoşulmama Hərəkatının timsalında dəstəyi görək, onu alaq və əhaliyə çatdıraq. Pandemiyanın qarşısının vaxtında alınması üçün Afrika dövlətlərinə, xüsusən də bəzi ölkələrə bu dəstək göstərilsin. Əgər bu olmasa, həmin dövlətlər üçün fəsadlar çox ağır olacaqdır. Afrika nəinki öz imkanlarına, həmçinin öz tərəfdaşlarının dəstəyinə arxalanır.

Biz beynəlxalq əməkdaşlığa hazırıq, buna açığıq. Biz tərəfdaşlarımızla birgə bu həmrəyliyin şahidi oluruq. Mən burada Çinin və Kubanın dəstəyini qeyd etmək istəyirəm. Onlar bizə ləvazimat yardımı göstərmişlər. Bu yardım Afrika dövlətlərinə çatdırılmışdır.

Xanımlar və cənablar, Zati-aliləri, dünya çox keşməkeşli bir vaxtını yaşayır. Biz bilirik ki, mövcud şərait böyük problemlər yaradır, bir sıra ölkələrdə bu, siyasi hadisələrə səbəb olur. Biz bu halda bütün maraqlarımızı kənara qoyub həmrəylik nümayiş etdirməliyik. Belə bir vaxtda mən bütün dünyaya müraciət edərək bildirmək istəyirəm ki, bütün siyasi və iqtisadi ölçüləri kənara qoyub, bu işlərin qarşısının alınma­sında bizə dəstək göstərilsin və Afrika qitəsi bundan yararlan­sın. Çox sağ olun!

* * *

Prezident İlham Əliyev: İndi isə mən sizi Avropa İttifaqı­nın ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətini dinləməyə dəvət edirəm.

Cozef Borelin videomüraciəti

– Avropa İttifaqı adından qarşınızda çıxış etmək üçün məni dəvət etdiyinizə görə minnətdaram.

Əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVİD-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağı­rışdır. Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Mən əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün bu Zirvə görüşünü keçirdiyinə görə Qoşulmama Hərəkatının təşəbbüsünü alqış­layıram. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Lakin əgər biz davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq. BMT səviyyəsində cavab tədbirlərinin əlaqələndirilməsinə və qlobal miqyasda atəşkəs çağırışlarına gəldikdə, Avropa İttifaqı BMT-nin Baş katibinin göstərdiyi səyləri tam dəstəkləyir. Bu, münaqişələrin qarşısının alınması, sülh qurucu­luğu və onun möhkəmləndirilməsi baxımından sülh və təhlükəsizlik gündəliyinin yenidən can­landırılması üçün fürsətdir. Aztəminatlı əhali üçün humanitar yardıma çıxış əlyetən olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı virusun yayıl­masının qarşısının alınmasında çox mühüm rol oynayır. Avropa İttifaqı dünyada fövqəladə səhiyyə vəziyyətinin yarandığı dövrdə çoxtərəfli sistem daxilində Ümumdünya Səhiyyə Təşkilatının rolunu dəstəkləmək və qorumaq üçün lazımi resursları səfərbər etməkdə davam edəcək. Digər ölkələrdən və regional qruplardan dəstək almaq üçün mayın 18-də Dünya Səhiyyə Məclisində COVİD-19-la bağlı qətnaməmizin layihəsinin təkan gücündən istifadə ediləcək. Mən bu təklifin dəstəklənməsi üçün burada bu gün təmsil olunmuş ölkələrə müraciət edirəm.

Hazırkı pandemiyanın aradan qaldırılması və gələcək epidemiyalara müqavimətin qurulması bir-biri ilə yanaşı getməlidir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və digər qlobal səhiyyə təşkilatlarının hərəkətə keçmək çağırışlarını alqışlayırıq ki, təhlükəsiz, keyfiyyətli, səmərəli və əlçatan diaqnostikaya, müalicəyə və koronavirusa qarşı peyvəndlərə ədalətli, universal və bərabər çıxış formalaşdırılsın. Ümumiyyətlə, Avropa İttifaqı və onun üzv dövlətləri Ümumdünya Səhiyyə Təşkilatının ən iri donorlarıdır. Avropa İttifaqı təkcə 2019-cu ildə təşkilata 146 milyon avro ayırmışdır. Biz Ümum­dünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini gücləndiririk. Av­ropa İttifaqı bu gündən – 4 maydan etibarən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur.

Təxirəsalınmaz ictimai səhiyyə çağırışları ilə bərabər, beynəlxalq cavab tədbirləri insanları diqqətdə saxlamalı, bərabərsizlik aradan qaldırılmalı və hamı üçün insan hü­quqlarını müdafiə etməlidir. Biz qlobal nəqliyyat və ticarət sistemində işin pozulmalarını minimal həddə salmalıyıq və ixraca məhdudiyyətlər tətbiq etməməliyik. Xüsusən də ərzaq və tibb ləvazimatlarında təchiz xəttində ümumi düs­turdan istifadə etməliyik. Əvvəlcə söylədiyim kimi, bu pan­demiya sərhəd tanımır. Bizim Avropada faciəvi surətdə ilkin təcrübəmiz olub. Biz bütün Avropa İttifaqı ölkələrində bu böhranın yaratdığı ciddi sosial və iqtisadi itkiləri aradan qal­dırmalıyıq. Bununla belə, bu, bizi pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfənin verilməsində çəkindirməli deyil və çəkindirmir.

Bizim “Avropa heyəti” adlı paketimiz tərəfdaş ölkələrə dəstək verəcək və xüsusən də Afrikada ən zəif ölkələrə bu günə qədər 20 milyard avrodan çox vəsait verilib. Bu gün sizin məqsədiniz üzv ölkələr arasında əsas ehtiyaclar və tələblər üzrə məlumat bazasının qurulmasından ibarətdir. Həmin məqsəd mümkün qədər səmərəli şəkildə Avropa İttifaqının bu baxımdan səylərinin təmin edilməsinə yardımçı ola bilər. Biz insan sağlamlığının və planetimizin durumunun bir-biri ilə necə bağlı olduğunu və mövcud bərabərsizliklərin bizi daha da zəiflətdiyini anlamağa başlayırıq. Bir sözlə, gəlin, bun­dan özümüz üçün dərs götürək. Aydındır ki, biz daha çox iş görməliyik. İndi heç zaman görünmədiyi kimi, biz 2030-cu ilə olan Gündəliyin tam icrasına və iqlim dəyişikliyi ilə bağlı “Paris sazişi”nə gəldikdə ümumi səylərimizə diqqət yetirməliyik.

Gəlin, bu fürsətdən istifadə edək ki, sabahın dünyası daha mükəmməl olsun. Müxtəlifliyin zənginliyini özündə tərənnüm edən dünya mövcud olsun. Vətəndaşlarımız və planetimiz qorunsun. Biz birlikdə daha səmərəli ola bilərik. Bunu nüma­yiş etdirmək bizim məsuliyyətimizdir.

Pandemiyaya qarşı birgə mübarizənin aparılması bərpa mərhələsində və pandemiyadan sonra daha səmərəli dün­yanın qurulmasında daha güclü, çoxtərəfli əməkdaşlıq üçün əsas yol olacaq. Biz Avropa İttifaqı olaraq, bu məqsədlə bütün tərəfdaşlarla işləməyə hazırıq və işləməyi arzulayırıq.

* * *

Sonra Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Əlcəzair Xalq Demokratik Respub­likasının Prezidenti Abdelmacid Tebbun, Kuba Respublikası­nın Prezidenti Migel Diaz-Kanel, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, İran İslam Respublikasının Prezi­denti Həsən Ruhani, Mavritaniya İslam Respublikasının Pre­zidenti Məhəmməd uld Qazuani, Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa, Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhari, Pakistan İslam Respublikası­nın Prezidenti Arif Alvi, Fələstin Dövlətinin Prezidenti Mah­mud Abbas, Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksa, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al- Burhan, Cənubi Afrika Respublikasının Prezidenti Siril Rama­fosa, Toqo Respublikasının Prezidenti Faure Qnassinqbenin müraciətini oxuyan bu ölkənin Səhiyyə və İctimai Gigiyena naziri Mustafa Mljiyava, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Venesuela Bolivar Respublikasının Pre­zidenti Nikolas Maduro, Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva, Namibiya Respublikasının Vitse-pre­zidenti Nanqolo Mbumba, Belarus Respublikasının Baş naziri Sergey Rumas, Efiopiya Federativ Demokratik Respubli­kasının Baş naziri Abiy Əhməd, Hindistan Respublikasının Baş naziri Narendra Modi, Malayziyanın Baş naziri Muhiddin Yassin, Nepal Federativ Demokratik Respublikasının Baş na­ziri Şarma Oli, Vyetnam Sosialist Respublikasının Baş naziri Nquyen Xuan Fuk, Bəhreyn Krallığının Baş nazirinin müavini Şeyx Məhəmməd Bin Mübarək Əl Xəlifə, Banqladeş Xalq Respublikasının Xarici İşlər naziri Abdul Momen, Qambiya Respublikasının Xarici İşlər naziri Mamadou Tanqara, Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirli Ayorkor Botçvey, Küveyt Əmirliyinin Xarici İşlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah, Mavriki Respublika­sının Xarici İşlər naziri Nankoomar Bodha, Mərakeş Krallı­ğının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasser Bourita, Uqanda Respublikasının Xarici İşlər naziri Sam Kahamba Kutesa, İordaniya Haşimilər Krallığının Baş Nazirlik üzrə Dövlət naziri Sami Davud çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünə yekun vurdu.

PREZİDENT İLHAM ƏLİYEVİN YEKUN ÇIXIŞI

 

– Mən bütün çıxışçılara təşəkkür edirəm. Gündəliyimizin növbəti müddəasına keçirik. Bu da Yekun Bəyannaməmizin qəbul edilməsidir. Bəyannamə artıq razılaşdırılıb. Bu səbəbdən, Bəyannaməni bununla da qəbul olunmuş hesab edirik. Konstruk­tiv iştiraka və Bəyannamənin qəbulunda göstərdiyiniz münasibətə görə təşəkkür edirəm.

Hörmətli tədbir iştirakçıları, bizim dəvətimizi qəbul edərək Zirvə görüşündə iştirak etdiyinizə görə sizin hamınıza bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir.

Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır.

Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir.

Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırıl­ması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiy­yat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağı­mız faydalı olardı. Zirvə görüşü Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır oldu­ğunu göstərdi. Hesab edirəm ki, müzakirələrimiz həm də Təmas Qrupu formatının səmərəli bir mexanizm olduğunu nümayiş etdirdi. Gələcəkdə Təmas Qru­punun tematik alt işçi qrupları da təsis edilə bilər.

Bir daha əminliyimi bildirmək istərdim ki, biz birlikdə pandemi­yaya qalib gələcəyik.

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü­nü bağlı elan edirəm. Təşəkkür edirəm!

* * *

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Res­publikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşul­mama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının vi­deokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koro­navirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVİD-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koro­navirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

AZƏRTAC

4 2020 15:12 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə