Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçımız parlaq gələcəyimizin qarantı olduğunu bir daha sübut etdi

Sərhəd tanımayan virus dünyanın 200-dən çox ölkəsinə yayılmaqla milyonlarla insanın sağlamlığını təhlükə ilə üz-üzə qoyub. Dünyanın nəhəng dövlətləri gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verməkdədir.  Koronavirusun nə qədər təhlükəli olması gələn xəbərlərdən, videogörüntülərdən aydın şəkildə məlum olur. Belə bir acı reallıqla üz-üzə qalan dünyanın bir parçası da Azərbaycandır. Əlbəttə, ABŞ, Almaniya, Fransa, Çin, İspaniya, İran kimi dövlətlərlə müqayisə etdikdə ölkəmizdə COVİD-19-un fəsadlarının çox aşağı səviyyədə olduğunu da müşahidə edirik. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısını almağı bacaran dövlət başçımız var. Pandemiya dövründə Azərbaycan Prezidentinin atdığı addımlar, verdiyi qərarlar nəinki ölkə əhalisinin, həm də dünya azərbaycanlılarının bir daha rəğbətini qazandı.

İllər öncə “mən hər bir azərbaycanlının prezidentiyəm” deyən cənab İlham Əliyev bunu belə çətin günlərdə praktiki cəhətdən də sübut etdi. Son günlər dünyada və ölkəmizdə baş verən proseslər göstərdi ki,   Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidenti, bütün dünya azərbaycanlılarının əvəzolunmaz lideri, dövlətimizin inkişafının və parlaq gələcəyimizin qarantıdır.

Bir neçə aydır ki, dünyanın və regionun ən böyük dövlətləri pandemiya məngənəsində sıxılsa da,  bir çox ölkələrdə dərin iqtisadi-sosial böhran yaşansa da, Azərbaycanda görülən ciddi tədbirlər sayəsində vəziyyət o qədər də kritik deyil. Təsadüfi deyil ki, koronavirus xəstəliyinin bütün dünyada yaratdığı ağır iqtisadi təlatümlər bəşəriyyət tarixində növbəti “Dünya iqtisadi böhranı” kimi qiymətləndirilir. Qərbin və Şərqin ən nəhəng sənaye ölkələri, “super güc” hesab olunan dövlətlər ağır itkilərə məruz qaldı. Pandemiya bütün ölkələri, demək olar ki, eyni ağır sınaqlarla üz-üzə qoydu. 

Hər bir azərbaycanlı cənab Prezidentin çağırışına qoşularaq evdə qalmaqla, dövlətimizin bu istiqamətdə atdığı addımlara həmrəylik nümayiş etdirdi. Bunun bir səbəbi var idi: xalq öz liderinə inanır, güvənir və hesab edir ki, onun rəhbərliyi altında həll edə bilməyəcəyimiz problem yoxdur. Pandemiya ilə mübarizə şəraitində dövlət başçısının çağırışa qoşulan hər bir azərbaycanlı təmkin, dözüm nümayiş etdirdi, vətəndaşlar bir-birinə dəstək oldu, qədirbilən xalqımızın müsbət humanizm prinsiplərinə söykənən dəyərləri bir daha ortaya çıxdı. Eyni zamanda, dövlətimiz öz vətəndaşını tək qoymadı, imkansız ailələr dövlət  qayğısı ilə əhatə olundu.

Təkcə ölkəmizdə deyil, dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da Prezident İlham Əliyev  və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki əzmkar, yorulmaz fəaliyyətini təqdir etdi. Diaspor təşkilatlarımız xaricdə yaşayan azərbaycanlılara bütün lazımı diqqət və qayğı göstərdi. Bununla da Azərbaycan dövlətinin daha da güclü olması, həmrəyliyimizin daha da dərinləşməsi və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə yönələn növbəti mətin addımlar atıldı. Xaricdə yaşayan azərbaycanlıların ölkəmizə gətirilməsi müxtəlif ölkələrdə yaşayan hər bir azərbaycanlıda qürur hissi yaratdı.

Prezidentin tapşırıqları əsasında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi koronavirus təhlükəsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirdi. Xaricdə yaşayan, fəaliyyət göstərən və təhsil alan minlərlə soydaşımız komitənin timsalında, dövlətimizin yüksək qayğısı ilə əhatə olundu. Soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məişət və ərzaq problemlərinin həll olunması üçün mümkün olan bütün addımlar atıldı. Komitə rəhbəliyi və əməkdaşları 24 saat ərzində xaricdəki diaspor təşkilatlarımız, eləcə də, koordinasiya şuraları və “Azərbaycan ev”ləri vasitəsilə hər bir azərbaycanlıya dəstək oldu, həmrəylik nümayiş etdirdi. 

Bu baxımdan, cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər bir azərbaycanlının təşəkkür məktublarının, ictimaiyyət nümayəndələrinin reaksiyalarının ardı-arası kəsilmir. Dövlət başçımızın xalqımızın maraqlarına xidmət edən, hər bir azərbaycanlını qorumaq naminə atdığı nəcib addımlarını, yorulmaz fəaliyyətini təqdir edir, yüksək qiymətləndiririk.

Toğrul Allahverdili,
Diasporpress İnformasiya Mərkəzinin sədri,
Azərbaycan – Türk evinin icraçı direktoru

2 2020 16:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə