Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərxalça”nın Ağdam filialında tarixi Qarabağ çeşniləri əsasında yeni xalçalar toxunur

“Azərxalça”nın Ağdam filialında tarixi Qarabağ çeşniləri əsasında yeni xalçalar toxunur

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qarabağ bölgəsində yaradılan filiallarından biri də Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Buradakı xalça istehsalı emalatxanasında 80 nəfərdən çox toxucu çalışır. Onların əksəriyyəti gənclərdir. Toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. 
Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, emalatxanada indiyədək 490 kvadratmetr məhsul istehsal edilib, 120 xalça kəsilib. 
Quzanlıdakı fabrikdə Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Bu da tarixi Qarabağ xalçalarının yaşadılmasına xidmət edir. 
“Azərxalça”nın Ağdam filialında XVI-XIX əsrlərdə Ağdamın Şıxbabalı, Seyidli, Poladlı, Məlikli, Eyvazlı, Orta Qışlaq, Kəlbəcərin Ağcakənd, Cəmilli kəndlərində, Şuşa və Xocalı şəhərlərində toxunmuş xovlu xalçaların və xovsuz xalça məmulatlarının bədii tərtibatı əsasında yeni xalçalar istehsal olunub. Hazırda fabrikdə vaxtilə Ağdamın Qiyaslı kəndində toxunmuş qədim çeşnili xalçanın istehsalı həyata keçirilir. Bu xalça indiyədək Ağdam filialında toxunmuş ən böyük xalçadır. 
Quzanlıdakı emalatxanada vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan toxucular da işlə təmin olunublar. Həmin toxuculardan Gülrabə Hüseynova deyir ki, Ağdam şəhəri işğal olunana qədər oradakı fabrikdə xalça toxuyublar: “Məcburi köçkün həyatı yaşadığımız dövrdə öz sənətimizdən uzaqlaşdıq, xalça toxumağa imkanımız olmadı. Son illər Ağdamın Quzanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində emalatxanaların yaradılması Qarabağ bölgəsinin toxucularını çox sevindirib. Biz həm işlə təmin olunmuşuq, həm də xalçaçılıq sənətimizi yaşadırıq. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarıq. Tək arzumuz odur ki, Ağdamımız işğaldan azad olunsun, dövlətimiz oradakı xalça fabrikini bərpa etsin və biz həmin fabrikdə belə xalçalar toxuyaq”.
“Azərxalça”nın Ağdam filialı öz fəaliyyətini gündən-günə genişləndirir. Burada çalışmaq istəyən toxucuların sayı hər gün artır.
Xalça istehsalı emalatxanasında toxucuların rahatlığı üçün hər cür şərait yaradılıb, filiala “Hyundai” markalı avtobus verilib. 

1 Oktyabr 2018 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə