Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmirdə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Kürdəmirdə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Oktyabrın 1-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, prokurorluq işçiləri Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdi, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzuladı. Ceyhun Cəfərov çıxışında bildirdi ki, respublikamızın hüquq-mühafizə orqanları sistemində xüsusi yeri və mövqeyi olan prokurorluq orqanlarının yaranması 100 il əvvələ – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edir. Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı dairə məhkəməsinin tərkibində prokurorluq orqanı təsis olunmuşdur. Bu dövrdən başlayaraq Azərbaycan prokurorluğu qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində çətin, lakin şərəfli yol keçmişdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır.Azərbaycanda hakimiyyətə qayıtdığı vaxtdan ulu öndər Heydər Əliyevin əsas məqsədi tam hüquqi dövlət qurmaq, müasir tələblərə uyğun demokratik qanunlar qəbul etmək və dövləti məhz qanunlarla idarə etmək idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, səlahiyyət dairəsi və vəzifələri təsbit edilmişdir.Hamımıza məlum olduğu kimi, ulu öndərin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə 1 oktyabr – Prokurorluq orqanları işçilərinin peşə bayramı günü kimi təsis edilmiş və həmin ildən başlayaraq prokurorluq işçilərinin peşə bayramı hər il qeyd olunur.
Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdilər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri fərmanla təltif edildilər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

1 Oktyabr 2018 23:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə