Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Makedoniya: Seçicilər ölkənin adının dəyişdirilməsinə razılıq veriblər

Lakin referendumun nəticələri etibarlı sayılmayıb

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı sentyabrın 30-da referendum keçirilib. Seçicilərin əksəriyyəti dəyişikliyə səs verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Amma səsvermənin etibarlı sayılması üçün seçici fəallığı tələb olunan 50 faizə çatmayıb. Oktyabrın 1-də açıqlanan nəticələrə görə, məntəqələrin 97 faizdən çoxunun bülletenləri sayılıb. Seçicilərin 91,3 faizi ölkənin adının Şimali Makedoniya Respublikası olmasına “hə” deyib. Lakin Makedoniyanın 1,8 milyonluq seçicisindən cəmi 36,8 faizi səsvermədə iştirak edib.
Makedoniya Dövlət Seçki Komissiyasının rəhbəri Oliver Derkovski sentyabrın 30-da axşam paytaxt Skopyedə jurnalistlərə deyib: “Aydındır ki, bu referendum üzrə qərar verilməyib”.
Qeyd edək ki, prezident Georgi İvanov, parlamentin müxalifətdən olan üzvləri referendumu boykota çağırırdı. Baş nazir Zoran Zaev və tərəfdarları isə ölkənin adının dəyişdirilməsinə çalışırdılar. Onlar referendumda əhalidən daha böyük dəstək gözləyirdilər.
Makedoniya hökumətinin rəhbəri ad dəyişikliyinə qonşu Yunanıstanla illərdir davam edən mübahisənin həlli kimi baxır. Yunanıstanda Makedoniya adlı vilayət var. Rəsmi Afina Skopyedən israrla ölkənin adının dəyişdirilməsini tələb edir və bu məsələ ilə bağlı Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünü əngəlləyir.
Beləliklə, referendum bu məsələyə nöqtə qoya bilməyib. Lakin baş nazir deyib ki, seçicilərin böyük əksəriyyəti dəyişikliyə səs verib və bu, demokratiya və Şərqi Makedoniya üçün uğurdur. O, parlamentdə səsvermə keçirməyə çalışacağını vurğulayıb. Z.Zaev qeyd edib ki, opponentləri parlamentdə ad dəyişikliyinin qarşısını almağa cəhd etsələr, o, ölkədə erkən seçkilərin keçirilməsinə çalışacaq. 
Təhlilçilər hesab edirlər ki, məsələnin parlament yolu ilə həlli xeyli çətindir. Mövcud qanunlara görə, ad dəyişikliyi etmək üçün 80 deputatın səsi lazımdır. Z.Zaevin təklifini isə hələlik cəmi 71 deputat dəstəkləyir. 

M.HACIXANLI, “Xalq qəzeti” 

1 Oktyabr 2018 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə