Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük Britaniya Donbasla bağlı qətnaməni dəstəkləməyə hazırdır

Böyük Britaniya Ukraynanın Donbas regionuna sülhməramlı missiya yerləşdirilməsi ilə bağlı BMT-yə təqdim olunacaq qətnaməyə qoşulmaq qərarındadır. Qətnamə ABŞ, Ukrayna, Almaniya və Fransa tərəfindən hazırlanıb. Bu barədə Ukrayna Prezidentinin Ali Radadakı nümayəndəsi İrina Lusenko parlamentin məsləhət şurasının iclasında bəyan edib. Məlumatı TASS verib. 
Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko da bildirmişdi ki, Ukrayna, ABŞ, Almaniya və Fransa Donbasa sülhməramlı missiya yeridilməsi məsələsində ümumi baxışa malikdir və “praktiki olaraq BMT Təhlükəsizlik Şurasına birgə qətnamə təqdim etməyə hazırdır”. 
“Sülhməramlı missiya haqqında qətnamə ABŞ, Ukrayna, Fransa və Almaniya tərəfindən yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək birinci belə sənəd olacaq. İndi Böyük Britaniya da ona qoşulur, son hazırlıq işləri gedir”, – deyə Lusenko bildirib. 
Xatırladaq ki, rəsmi Kiyev Donbasa sülhyaratma missiyasının yeridilməsinə çalışır. Bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin də bu ideyanı dəstəklədiyini bildirmiş, ancaq əlavə etmişdi ki, missiya yalnız ATƏT əməkdaşlarının təhlükəsizliyini qorumaq funksiyasını yerinə yetirə bilər. Kiyev isə hesab edir ki, BMT-nin himayəsi altında yaradılacaq missiya daha geniş mandata malik olmalı və Rusiya ilə sərhədə qədər bütün Donbas ərazisini əhatə etməlidir. 
Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada baş vermiş dövlət çevrilişindən sonra Luqansk və Donetsk vilayətləri müstəqilliklərini elan etmiş, aprel ayında isə Ukrayna həmin ərazilərdə hərbi əməliyyatlara başlamışdı. BMT-nin məlumatlarına görə, son vaxtlara qədər münaqişə nəticəsində 10 mindən çox insan həlak olub. Hazırda münaqişənin nizamlanması üçün Minskdə təmas qrupu çərçivəsində də iş aparılır. Amma atəşkəs haqqında razılaşma olsa da, tərəflər arasında atışma davam edir. 

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”

 

1 Oktyabr 2018 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə