Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda məşğulluq xidmətləri modernləşdirilir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı konfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, layihənin icraçıları olan Litva, Avstriya və İsveçdən olan ekspertlər də iştirak edirlər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhalinin səmərəli məşğulluğuna yönələn tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir müavini bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsi də yeni imkanlar yaradıb. Layihənin icrasında Litva, Avstriya və İsveçin aidiyyəti qurumlarının timsalında Avropa məşğulluq xidmətlərinin qabaqcıl təcrübələrinin öyrənilməsi xüsusi önəm kəsb edir. M.Kərimli deyib ki, məşğulluq xidmətlərinin göstərilməsində müasir yanaşmanın tətbiqi nazirlik qarşısında duran ən vacib məsələlərdəndir.

Litva sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene əhalinin məşğulluğunun təmin edilməsi, bu sahədəki dövlət siyasətinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan islahatların maraqla qarşılandığını deyib. 

Konfransda “DOST” Agentliyində məşğulluq xidmətlərinin yeni modelinə dair tövsiyələr”, “Avropa İttifaqının ən yaxşı təcrübələri və “DOST” nöqteyi nəzərindən Dövlət Məşğulluq Xidmətinin yeni modelinə dair təkliflər”, “Peşə məsləhətinin keçirilməsində məşğulluq xidmətinin rolu və vəzifələri”, “Avropa İttifaqı ölkələrinin ən yaxşı təcrübələri və Azərbaycanda məşğulluq xidmətinin yeni modelinə dair tövsiyələr”, “Əlilliyi olan şəxslərin peşə reabilitasiyasının təşkili məsələsində İsveç təcrübəsi, “Yaşıl kənd”, “Kənd yerlərində özünüməşğulluğun təşkili üçün yeni konsepsiya” və s. mövzularda təqdimatlar olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2018 18:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə