Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərin ali təhsil almalarına şərait yaradılmalıdır

“Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var. Maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”. Bu sözləri bu gün Milli Məclisin iclasında deputat Qənirə Paşayeva deyib. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər.

Deputat deyib ki, bu problem kənd rayonlarında çox ciddidir. Dövlət ali məktəblərinə ödənişli əsaslarla və özəl ali məktəblərə daxil olan gənclərdən I kursda təhsil haqqının ya tam şəkildə, ya da çox hissəsinin dərs mövsümü başlamazdan öncə ödənilməsinin tələb edilməsi imkanları zəif olan ailələrin və onların övladları üçün ağır problemdir. O, “Təhsil kreditləri haqqında” Qanun layihəsinin imkanları zəif ailələrin təhsilə meylli gənclərinin ali təhsil almaq imkanlarını genişləndirəcəyini bildirib və bunun ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyətindən danışaraq yaxın zamanlarda bu məsələnin qanun layihəsi çərçivəsində həllini tapacağına ümid etdiyini deyib: ”Təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub işə başlayanda qaytararlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Bölgələrdə nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən deputatlar bu problemləri yaxşı bilirik.

 Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalmalı olurlar. Gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edirlər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən imtina edirlər. Belə ailələrin sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının azalmasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilərik. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın”.

İnkişaf edən ölkələrdə təhsil kreditlərinin geniş yayıldığını deyən Q.Paşayeva bildirib ki, bir müddət əvvəl hazırlanan qanun layihəsi müzakirələrə çıxarıla bilər və bu müzakirələr çox vacibdir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2018 18:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə