Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

11 min tondan çox təmizlənmiş toxum qeydiyyata alınıb

Toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış dənli-taxıl (buğda, arpa) bitkilərin toxumlarının dağlıq, dağətəyi və aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazırlanmış toxumlara növbəti baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq həyata keçirib. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Monitorinqə cəlb olunmuş mütəxəssislər Şəki (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala) və Salyan (Biləsuvar, Cəlilabad, Neftçala, Masallı, Salyan) Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə toxumçuluq təsərrüfatlarına toxumun anbarda saxlanılmasına, qablaşdırılmasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirilib. Baxış zamanı Şəki və Salyan RTSM üzrə (52 təsərrüfatda) 11 min tondan çox təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyat alınmış toxum partiyalarından müvafiq RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin RTSM-lər tərəfindən sertifikatlaşdırılır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə