Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

Pandemiya ilə əlaqədar ölkəmizdə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.

Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 2020 10:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə