Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 12,9 milyard dollar olub

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn oktyabrın 1-də keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,9 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 94 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz artıb. Cari ilin yanvar-avqust ayları ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Diqqətə çatdırılıb ki, yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl (81 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin yanvar-avqust ayları ərzində meyvə-tərəvəz ixracı 316 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə