Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məsafəsiz hərraclarda əmlak sahibi olmaq imkanı: özəlləşməyə 130 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi prosesini məsafəsiz reallaşdırır. Belə ki, Elektron hərrac sistemi investorlara əlavə vaxt qazandırmaqla operativ xidməti təklif edir.

Komitənin mətbuat xidmətindən bildirilib ki, özəlləşdirmə portalında mövcud imkanlarla elektron formada seçim və sifariş etmək mümkündür. Bu elektron mənbə hərrac keçirilən vaxt sifarişçilərin və ziyarətçilərin onlayn iştirakına da şərait yaradır. Müasir hərraclarda əlçatan üstünlüklər investorların özəlləşdirmədə iştirakı və biznes planlarını reallaşdırması üçün rahat şəraiti təmin edir.

Qeyd olunub ki, oktyabrın 30-da komitə tərəfindən növbəti hərrac baş tutacaq. Hərraca ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Məişət, iaşə, qida, tikinti və digər sahələrə aid kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir.

Xidmət sahəsi üzrə fəaliyyətə imkan verən mağaza Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 227,9 kvadratmetrdir. Hərracda fəaliyyətini yenidən quran investoru daha çox gəlirlə təmin edə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən şadlıq evini də misal göstərmək olar. Torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan əmlakın ümumi faydalı sahəsi 1772,7 kvadratmetrdir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə