Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir üsullarla tinglərin yetişdirilməsi bağçılığın inkişafını sürətləndirir

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov deyib ki,

institutumuzun əsası 1926-cı ildə qoyulub, 2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlanır. İnstitutumuzun elmi fəaliyyətinin əsas məqsədi tumlu, çəyirdəkli, qərzəkli, subtropik bitkilər və çayçılıq sahələrinin inkişafını daha mükəmməl elmi əsaslarla işləyib təmin etmək, bu bitkilərin yüksək məhsuldar, tez bara düşən, ətraf mühitin mənfi amilləri kompleksinə davamlı, çayın yüksək zoğvermə xüsusiyyətinə malik yeni məhsuldar sortlarını yaratmaq, onların genefondunu zənginləşdirməkdən ibarətdir. İnstitut alimləri tərəfindən meyvə bitkiləri və çayın ümumilikdə 220-dən çox yeni sortları yaradılaraq Dövlət Sort Sınağına təqdim olunub, onlardan 78-i artıq rayonlaşdırılıb.

Çay bitkisinin “Azərbaycan-2”, “Azərbaycan-4” sortları cənub bölgəsində becərilir. Bir alma və yaxud çay sortunu ənənəvi üsulla yaratmaq 20-25 ilə başa gəlir. Çox hallarda sortun müəllifi öz məhsulunun barını görə bilmir. Yeni sortlar yaradılıbsa, bu bizim alimlərimizin fədakarlığıdır.

 

2014-cü ildən elmi şuranın qərarı ilə institutda tinglik şöbəsi yaranıb. Hal-hazırda 20-dək peşəkar əməkdaşımız tingçilik sahəsində fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq müasir ting istehsalı texnologiyası işlənir və bu texnologiya tingçilik təsərrüfatlarında istifadə olunur. Məsələn, əvvəllər tinglər adi qaydada torpağa əkilirdisə, yeni texnologiyaya əsasən, calaqaltılar xüsusi hazırlanmış torpaq tirələri üzərində əkilir və becərmədə damla suvarma tətbiq olunur. Bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı ödəməyə imkan verəcək. Müasir üsullarla tingçiliyin inkişafı bağçılıqla məşğul olan yerli fermer və sahibkarların xərclərini azaltmaqla, onlara əlavə vəsait qazandıracaq.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2018 17:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə