Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar barədə erməni etirafları

1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Yüz ildən artıqdır ki, ermənilər tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək, havadarlarının köməyilə azərbaycanlı əhaliyə qarşı terror aktları, kütləvi qırğınlar, soyqırımları və deportasiyalar həyata keçirməklə, Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirirlər. Onlar öz işğalçılıq niyyətlərini “tarixi erməni torpaqlarını” geri qaytarmaq pərdəsi altında reallaşdırırlar. Halbuki, ermənilər Cənubi Qafqazda ən gec məskunlaşan xalqdır və tarixdə ilk erməni dövləti də məhz 1918-ci ildə Azərbaycan ərazisində yaradılmışdır. 

Əslində, XX əsrin əvvəllərinədək ermənilər öz dövlətlərini Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlərin himayəsi altında Şərqi Anadoluda qurmaq niyyətində idilər. Ermənilər öz niyyətlərini “Armenakan” (1885), “Hnçak” (1887) və “Daşnaksütyun” (1897) partiyalarının silahlı dəstələri vasitəsilə həyata keçirmək istəyirdilər. Lakin 1894–1896-cı illərdə ermənilərin Şərqi Anadoluda törətdikləri iğtişaşlar yatırıldıqdan sonra, həmin iğtişaşların təşkilatçılarının və iştirakçılarının əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Erməni siyasi partiyaları Türkiyə ərazisində muxtariyyət əldə etməyin mümkünsüzlüyünü dərk etdikdən sonra, XX əsrin ilk illərində öz proqramlarında dəyişiklik edərək, fəaliyyətlərinin ağırlıq mərkəzini Türkiyə ərazisindən Cənubi Qafqaza keçirdilər.
Yarım milyona yaxın erməni Türkiyədən gəlib həmin ərazidə məskunlaşmış, bunun nəticəsində regionda millətlərarası münasibətlər kəskinləşmişdi. Həmin dövrdə Cənubi Qafqazda törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin və muzdlu qatillərin payına düşürdü. 
XX əsrdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınların ilk mərhələsi 1905–1906-cı illəri əhatə edir. Ermənilər azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirmək təcrübəsini isə həmin illərdə əldə etmişdilər. 1905-ci il fevralın 6-da Bakıda başlanan ilk qırğınlar 1906-cı ilin payızınadək bir-birinin ardınca İrəvan, Eçmiədzin, Naxçıvan, Sürməli, Şərur-Dərələyəz, Novo-Bəyazid, Zəngəzur, Gəncə, Cavanşir, Şuşa, Cəbrayıl, Qazax, Borçalı qəzalarında davam etdirildi. 
Cənubi Qafqazda ermənilərin törətdikləri qırğınların qarşısının vaxtında alınmamasının bir səbəbi hökumət məmurlarının ermənilərin terror hədələrindən çəkinmələri idisə, digər səbəbi Qafqazın canişini İ. Voronsov–Daşkovun erməni dairələrinin təsiri altında olması idi. Erməni tədqiqatçısı Anahid Lalayan “Əksinqilabi “Daşnaksütyun” və 1914–1918-ci illər imperialist müharibəsi” məqaləsində yazır ki, Voronsov-Daşkovun arvadı Yelizaveta Qriqoryevna “Daşnaksutyun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop Mesropun məşuqəsi idi. Odur ki, Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları Voronsov–Daşkovun yataq otağında hazırlanırdı.
Erməni silahlı dəstələrinin cənubi Qafqazda törətdikləri kütləvi qırğınlar və terror aktları barədə o dövrün mətbuatında və ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər faktlar mövcuddur. Ən önəmlisi isə həmin faktları erməni müəlliflərinin özlərinin etiraflarıdır. 1905–1906-cı illər qırğınları zamanı ermənilərin törətdikləri vəhşiliklər barədə əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini “A-Do” imzası ilə çap etdirən erməni müəlliflinin 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli “Qafqazda erməni-türk toqquşmaları (1905–1906-cı illər) sənədli, statistik, topoqrafik izahlarla” əsərində kifayət qədər faktlar yer almışdır. Müəllif 1905–1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında və 7 şəhərində baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. 
A-Do həmin əsərində 1905-ci ildə İrəvan qəzasında toqquşmalar zamanı azərbaycanlı əhalinin tərk etmək məcburiyyətində qaldığı və böyük itkilər verdiyi kəndlərin siyahısını verir. İrəvan qəzasında törədilən qırğınlar haqqında A-Do yazır ki, mayın 26-da ermənilər Mədinə türk kəndinə hücum etdilər. Daha sonra o, Məngüs kəndi ətrafında qızğın döyüşlər getdiyini yazır. Müəllif azərbaycanlı əhalinin kəndi tərk etmək məcburiyyətində qalmasından sonra ermənilərin evləri talan etdiklərini qələmə alır. A-Do yazır ki, 1905-ci ildə təkcə İrəvan qəzasında 7 türk kəndi hadisələrin qurbanı olmuşdur. Həmin türk kəndləri bunlardır: Güvəcik, Güllücə, Məngüs, Damagirməz, Tutiyə, Kamal, Məsimli.
O, Eçmiədzin qəzasının Üşü kəndində ermənilərin törətdikləri faciənin miqyasını göstərərək yazır ki, öldürülən üşülülərin sayı 100-ə çatırdı, qadın və uşaqlar, qoca və körpələr qırğınlardan qurtulmaq üçün vay-şivən qoparırdılar: “Üşü yandırıldı, dağıdıldı, yerlə-yeksan edildi, bir kənd də belə silindi, administrasiya yenə də yox idi. A-Do sonra əlavə edir: “Üşünün faciəsi türklərin üzərində elə bir dəhşətli iz buraxdı ki, iyunun 5-də bir sıra kəndlər bir tərəfdən boşalır, digər tərəfdən isə ermənilər tərəfindən talan edilir və yandırılırdı. Nəziravan və Təkiyə kəndləri yandırıldı, Persi, Əngirsək, Kürdəli, Hamamlı kəndləri və Çobankərə obası talan edildi. Beləliklə, Əştərək bölgəsinin 9 türk kəndi talan edildi, yandırıldı və əhalisi çöllərə düşdü”. 
A-Do həmin əsərində Gəncə quberniyasının 8 qəzasının heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmadığını xüsusilə vurğulayır. Müəllif məlumat verir ki, 1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri 102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli kəndlərinə hücum etdilər. Kiçik Cicimli tamamilə darmadağın edildi, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edildi. Müəllif ermənilərin bu hərəkətini “vəhşilik” adlandırır və acı olsa da, öz əsərində bunu qeyd etməyə bilmədiyini göstərir.
Erməni müəllif  Zəngəzurun ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları Dərabas kəndində daşnakların törətdikləri vəhşiliklərin şahidi olmuşdur. 1905-ci il dekabrın 26-da erməni silahlıları azərbaycanlı evlərinə hücum edirlər. Kəndin əhalisinin bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə – Molla Əbülhəsən, Ələkbər bəy və Abbas Ələkbər oğlunun evlərində sığınacaq tapırlar. A-Do həmin tükürpədici vəhşiliyi belə təsvir edir: “Öz evlərində gizlənmiş ermənilər onlara köməyə gələnlərin səsini eşidən kimi vəhşicəsinə küçəyə atıldılar və türklərin evlərinə hücuma keçərək talan edib, yandırdılar. Onlar yanğınları və talanları davam etdirərək həmin evlərə çatdılar ki, orada türklər böyüklü-kiçikli, arvadlı-uşaqlı sığınacaq tapmışdılar. Ermənilər burada cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub, insanları içində diri-diri yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxlu insan məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, dəhşətli cəhənnəmi törədənləri lənətlədik... Öldürülmüş və yandırılmış, meyitləri səpələnmiş türklərin sayı 272 nəfərə çatırdı”.
Daha sonra A-Do yazır ki, 1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər kəndinə hücuma keçsə də, çoxsaylı itki verərək, geri qayıtmaq məcburiyyətində qalmışdılar. Sonradan isə kənd talan edilmiş, yandırılaraq xarabalığa çevrilmişdi. A-Do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyini, onların bu hücumunu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdir.
Ermənilər 1905–1906-cı illərdə Şuşa şəhərində iki dəfə qırğınlar tötətmişdilər. A-Donun məlumatına görə, 1905-ci il avqustun 16-da baş verən birinci toqquşma nəticəsində ermənilər 100 nəfər, azərbaycanlılar isə bundan 2–3 dəfə çox itki vermişdilər.
Şuşada ikinci dəfə 1906-cı il iyulun 12-dən 22-dək qırğınlar törədilmişdi. İkinci qırğınlar zamanı azərbaycanlıların itkiləri yenə də qat-qat çox olmuş, böyük əksəriyyəti onlara məxsus olmaqla, 200-dən artıq ev yandırılmışdı.
Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımın analoqunu XX əsrin əvvəllərində – 1905-cil avqustun 23-də törətmişdilər. A-Do yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Kəndi ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, əhali bir də geri qayıda bilməsin.
Erməni quldurları noyabrın 27-dən 30-dək Dəmirli, Çıraqlı, Hacıqərvənd və Pürxud kəndlərini talamış və yandırmışdılar. Tərtər dərəsində salamat qalan yeganə azərbaycanlı kəndi Umudlu idi. A-Do yazır: “Dekabrın 23-də ermənilər Umudlu və İmarət Qərvənd kəndlərinin üzərinə hücuma keçdilər. Bir neçə saatlıq müqavimət türkləri qırğınlardan qurtarmadı. Ermənilər bu iki kəndə daxil olub barbarlıq törətdilər...Umudluda heç kimə aman vermədən qarşılarına çıxanı öldürdülər. Lakin bu qırğınlardan sonra daha dəhşətli hadisələr baş verdi. Şahidlərin söylədiklərinə görə, sağ qalanlardan bəziləri uzun yol gedə bilməyib, meşələrdə qalıb və donmuşdular...” 
1905-ci il avqust və ­1906-cı ilin avqust aylarında erməni silahlı dəstələrinin hücumları nəticəsində Cəbrayıl–Qaryagin qəzasında 10 azərbaycanlı kəndi darmadağın edilmişdi. A-Do yazır ki, azərbaycanlıların əks həmləsindən sonra ermənilər qırğınları dayandırmaq məcburiyyətində qalmışdılar.
Erməni müəllifi Stepan Zavaryan 1907-ci ildə Sankt-Peterburqda çap edilən “Qarabağın iqtisadi şəraiti və 1906–1907-ci illər aclığı” əsərində qeyd edir ki, 1905–1906-cı illərdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə ermənilər tərəfindən 75 kənd dağıdılmışdır.
Əsərlərini “Leo” imzası ilə çap etdirən erməni tarixçisi, əslən Şuşadan olan Arakel Babaxanyan 1925-ci ildə Tiflisdə erməni dilində işıq üzü görən “Ançyaliç” (“Keçmişdən”) adlı əsərində yazır: “Daşnaksütyun”çular Zəngəzur qəzasında və digər qəzaların kəndlərində elə dəhşətli zorakılıqlar törətdilər ki, bunun tarixdə misli-bərabəri olmayıb. Daşnaklar Qarabağda “Ermənistan” yaratmaqla, türklərə qarşı “sil-süpür” siyasəti həyata keçirirdilər. 
Leonard Ramsden Hartillin müəllifliyi ilə 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində çap edilən “Men Are Like That” (“İnsanlar belə imiş”) kitabı Hovanes Apresyanın xatirələri əsasında qələmə alınmışdır. Bu kitabın ikinci adı “1918–1920-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində” adlanır. Azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqları Xankəndidə 1892-ci ildə doğulan, ilk təhsilini Şuşada alan Hovanes Apresyan öz xatirələrində 1905–1906-cı illər və 1918–1920-ci illərdə erməni silahlı dəstələrinin Qarabağda, İrəvan quberniyasında və Qars vilayətində törətdikləri qırğınlar və insanlığa sığmayan vəhşiliklərdən bəhs edir. H.Apresyan xatırlayır: “Bu yerlərin sakinləri türklər və ermənilərdir. Əslində, bir türk yurdu olan bu diyarda ermənilər gəlmə idilər. Sayca çoxluq təşkil edən müsəlman türkləri arasında bir xristian azlığı halında yaşayırdıq. İrq-din, adət-ənənə ayrılıqlarının bu iki toplum arasında yaratdığı məsafə heç zaman aradan götürülməmişdi.” Apresyan ermənilərin rus ordusunda xidmət etdiklərini və yaxşı silahlandıqlarını, sakit təbiətli türklərin isə əsgər aparılmadıqlarını və bıçaqdan başqa silahlarının olmadığını qeyd edir. 1905–1906-cı illər qırğınlarından bəhs edən Apresyan yazır: “Ara bir qədər sakitləşən kimi, Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, sakinləri öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin də başına gəlmişdi”.
İrəvan qəzasının Aşağı Qəmərli kəndində anadan olan O.Harutyunyan 1956-cı ildə İrəvanda rus dilində çap olunmuş “Vospominanie” memuarında şahidi olduğu Qəmərli bölgəsində daşnakların törətdikləri vəhşilkilərdən bəhs edir. O, daşnakların “Daha çox türkü öldür, talan et, heç kimə rəhm etmə!” şüarı altında hərəkət etdiklərini yazır. O.Harutyunyan daşnakların erməni kəndlərini gəzərək əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini öldürdüklərini və kəndləri yandırdıqlarını yazır. O.Harutyunyan daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Voronsov–Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Surenin müvəkkilləri tərəfindən təmin olunduqlarını qeyd edir. 
Tədqiqatlar göstərir ki, ümumiyyətlə, ermənilər 1905–1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər. 1905–1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Hesablamalarımıza görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmələri nəticəsində Cənubi Qafqazın 14 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən artıq olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir.
Ermənilərin azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri kütləvi qırğınların ikinci mərhələsi 1918–1920-ci illəri əhatə edir. Həmin illərdə törədilən qırğınlar bəzi erməni müəlliflərinin əsərlərində də etiraf edilmişdir. 
Ermənilərin və onların havadarlarının I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyası yenidən gündəmə gəlmişdi. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıtdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmişdi. 1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi.
1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək, əks hücuma keçir. Andranikin, Hamazaspın, Dronun, Njdenin quldur dəstələri türk qoşunlarının önündən geri çəkildikcə, müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırımına məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı bandaları təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırımına məruz qoymuşdu.
1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunası hökumətinin bolşevik-erməni silahlı qüvvələri Bakı şəhərində, Şamaxı və Quba qəzalarında azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bakı quberniyası ərazisində Tatevos Amiryan, Hamazasp Sirvandzyan, Stepan Lalayan kimi daşnak quldurlarının başçılığı ilə qırğınlar törədilən zaman Tovmas (Foma) Nazarbekyanın, Andranik Ozanyanın, Qaregin Njdenin, Drastamat Kanayanın başçılıq etdikləri silahlı dəstələr İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı həyata keçirirdilər. 
1918-ci il mayın 28-də Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişlər. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökumətinin ilk işi Zəngəzur və Qarabağı silah gücünə ələ keçirmək üçün hərbi əməliyyatlara başlaması oldu. Əvvəlcə Andranikin, sonra isə Dronun, daha sonra isə Njdenin komandanlığında Ermənistan silahlı qüvvələri Zəngəzur üzərindən Qarabağı ələ keçirmək üçün dəfələrlə hücuma keçdilər. 1919-cu il mayın 28-də Ermənistan parlamenti “Birləşmiş Ermənistan” haqqında qərar qəbul etdi. Zəngəzur, Qarabağ və Naxçıvan Ermənistan ərazisi elan edildi. 1918-ci il iyunun 4-də Ermənistan hökumətinin imzaladığı Batum müqaviləsi ilə respublikanın ərazisi 9,5 min kvadratkilometrə bərabər idi.
1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.
Erməni silahlı dəstələri ­1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalisini kütləvi qırğınlara məruz qoymuşdu. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. 30 körpə bələkdə ikən süngülənərək qətlə yetirilmişdi. Erməni tarixçisi Leo “Ançyaliç” əsərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazır: “Daşnaksakanlar “silip-süpürməklə” (yəni azərbaycanlı kəndlərində etnik təmizləmə aparmaqla- N.M.) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı) əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdılar. İrəvan və digər qəzalarda bir çox kəndlər dağıdılmış və yandırılmışdı. Erməni fədailəri heç bir faydası və zərurət olmadan hətta elə kəndlərdə vəhşiliklər törədirdilər ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir ziyan verə bilməzdi. Xüsusən, Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi”. 
1988-ci ildə tarix təkrarlanmış, ermənilər Vartanlı kəndində ən vəhşi üsullarla azərbaycanlıları kütləvi surətdə qətlə yetirmiş, evləri qarət etmiş və yandırmışdılar. Belə ki, 1988-ci il noyabrın 26-na keçən gecə güclü boran əsdiyi bir gündə ermənilər kəndə basqın etmiş, 14 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə gündüzlər dağlarla, meşələrlə gizlənmiş. Yalnız gecələr yol gedərək 13-14 gün ərzində gəlib Azərbaycana çatmışdılar. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin 1918-ci ildə olduğu kimi, 1988-ci ildə də Vartanlı kəndində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən xəbər tutmamışdır. 
Erməni müəllifi Anahid Lalayan “Əksinqilabi “Daşnaksütyun” və 1914–1918-ci illər imperialist müharibəsi” məqaləsində “Daşnaksütyun” partiyasının quldur dәstәlәrinin Basarkeçərdə törətdikləri vəhşiliyi erməni zabiti Vaһramın dili ilə belə təsvir etmişdir: Mәn Basarkeçәrdә һeç nәyi nәzәrә almadan türk әһalisini qırdım” – deyә, daşnak “başkәsәni” lovğalanırdı. – Lakin bәzәn güllәyә һeyfim gәlirdi. Bu itlәrә qarşı әn yaxşı üsul odur ki, döyüşdәn sonra salamat qalanların һamısını su quyusuna doldurub, üstündәn ağır daşları tökәsәn ki, onlardan әsәr-әlamәt qalmasın. O, sözünә davam edәrәk deyir: Mәn elә dә etdim: bütün kişilәri, qadınları vә uşaqları öldürüb doldurdum quyuya vә üstünü dә daşla doldurdum...”. 
Daşnakların hakimiyyəti dövründə İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımının miqyası, daşnak hökumətinin yeritdiyi silah gücünə etnik təmizləmə siyasəti Anahid Lalayanın 1938-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının nəşri olan “İstoriçeskie zapiski” çoxcildliyinin 2-ci cildində dərc etdirdiyi “Daşnaksütyun” partiyasının əksinqilabi rolu” məqaləsində tam çılpaqlığı ilə öz əksini tapmışdır. A.Lalayan həmin məqaləsində yazır ki, “Daşnaksütyun” partiyasının Ermənistanı “erməniləşdirmə” siyasəti azərbaycanlı və kürd əhalisini məhvetmə, yerdə qalan milli azlıqları təqibetmə və ölkədə milli ədavəti qızışdırmaq yolu ilə həyata keçirilmişdir. Məqalə müəllifi daşnakların hakimiyyətdə olduqları 2,5 il ərzində Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı müharibə apardıqlarını, heç bir fərq qoymadan dinc əhalini öldürüməklə və talan etməklə, azərbaycanlı kəndlərini viran qoymaqla məşğul olduqlarını yazır. O, 1918–1919-cu illərdə Daşnaksütyun hökumətinin azərbaycanlı və kürd kəndlərini “dövlətin tələblərini yerinə yetirdiklərinə görə” dağıtdığını qeyd edir. Daha sonra A.Lalayan yazır ki, Ermənistanda 1920-cil may üsyanının yatırılmasından sonra daşnaklar yenidən azərbaycanlı və kürd kəndlərini bombardman etmiş, “Müsəlmanlar bizim düşmənimizdir” şüarı ilə dinc sakinləri məhv etmişlər. 
Daha sonra A.Lalayan Ermənistan Dövlət Arxivində saxlanılan sənədlərə istinadən daşnak ordusunun zabitlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumat verir. Həmin sənədlərdən birində daşnak ordusunun Baş Gərnidəki dəstəsinin rəisi, podpolkovnik Melik–Şahnazarovun 7 noyabr 1918-ci ildə diviziya komandirinə yazdığı raportunda bu bölgədəki 30 türk kəndinin bombardman edilərək ələ keçirildiyi qeyd edilmiş, qalan 29 kəndində bombardman edilməsi üçün isə diviziya komandirindən icazə istəmişdi. Mərkəzdən qalan kəndlərə hücum əmri alındıqdan sonra daşnak başkəsənləri onlarca azərbaycanlı kəndini yerlə-yeksan etmiş, qadınları, uşaqları, gənclərı, qocaları öldürmüş, əmlaklarına yiyələnmişdilər. 
A.Lalayan “Joğovurd” (“Xalq”) qəzetinə istinadən (№ 105, 1920-ci il) yazır: “Daşnak hökumətinin zabitlərindən Q. Muradyan ermәni һökumәtinin Göyçә gölünün şimal saһilindә olan azәrbaycanlı kәndlәrini viran qoyan bandit dәstәlәrinin əməllərini təsvir etmişdir: 
“...Bizim һökumәtin gördüyü tәdbirlәr nәticәsindә... bu kәndlәrin (Toxluca, Ağbulaq, Ardanış vә b. – A.L.) әһalisi Ermәnistanın sәrһәdlәrini tәrk etmişdir. Mәn saһibsiz qalan kәndlәri gördüm, orada bir neçә pişik, iki-üç it qalmışdı. İtlər ölü sükutdan vahimələnərək qәribә səslə ulayırdılar. Bu kәndlәrin әһalisi çox böyük saһәlәrdә kartof, buğda vә arpa әkini qoyub getmişlәr. Hökumәt bu kәndlәrdәn iki milyon pud buğda vә yarım milyon pud kartof götürә bilәcәk...”. 
Ermənistan daşnak hökumətinin baş naziri olmuş Ovanes (Ruben) Kaçaznuni 1923-cü ildə “Daşnaksütyun” partiyasının qurultayında etdiyi hesabat məruzəsində (bu məruzə “Daşnaksutyun bolşe neşeqo delat” adı ilə rus dilində kitab halında çap olunmuşdur) partiyadaşlarının hakimiyyəti illərində daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarda, Naxçıvanda, Şərurda kütləvi surətdə müsəlman əhalisini qırdıqlarını, yaşayış məntəqələrini dağıtdıqlarını etiraf etmişdir.
Məşhur erməni yazıçısı Marietta Şahinyan 1923-cü ildə çap etdirdiyi “Sovet Ermənistanı” kitabında yazır ki, daşnakların dövründə İrəvan qəzasında yaşayan tatarlar (yəni azərbaycanlılar – müəllif) İrana qaçmışdılar, onların yerində ermənilər məskunlaşdırılmışdır. Ermənistan Nazirlər Şurasının 28 sentyabr 1921-ci il tarixli dekreti ilə bütün qaçqınların öz yerlərinə qayıtmaları qərara alınsa da, tatarların yalnız bir hissəsi qayıtmışdır və onlar mütləq öz əvvəlki yerlərində yaşamaq istəyirlər.
Erməni müəllifi X.Hovsepyan 1930-cu ildə İrəvanda Azərbaycan dilinə tərcümə edilərək çap edilən “Mübarizə və qurtuluşun 10 ili” kitabında yazır: “Daşnaklar bir dəfə menşevik Gürcüstanı ilə, iki dəfə Türkiyə ilə, bir neçə dəfə Azərbaycanla müharibə etdilər. Onlar ölkə daxilində türklərin fiziki məhv edilməsi siyasətini həyata keçirdilər. Ağbabada, Zəngibasarda, Vedibasarda və Şərurda 10 minlərlə türk sakinlərini doğradılar. Bu sakinlərin əmlakları qarət edilərək daşnak komandirlərinin mülkiyyətinə verildi.” 
Erməni müəllifi Zaven Korkodyanın 1932-ci ildə İrəvanda ermənicə çap edilən “Sovet Ermənistanının əhalisi. (1831-1931)” kitabında 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min nəfər azərbaycanlının qaldığını yazır. 
Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
Erməni etnoqrafı Stepan Lisitsyan “Dağlıq Qarabağın erməniləri. Etnoqrafik oçerk” əsərində yazır ki, 1920-ci il martın 20-də Ermənistandan göndərilən silahlıların və hərbi sursatın yardımı ilə erməni komitələri üsyan qaldırdılar və gecəyarısı qəflətən Şuşadakı azərbaycanlı əsgərlərə hücuma keçdilər. Silah səslərinə oyanan şuşalılar mühasirədə qalan azərbaycanlı əsgərlərin köməyinə gəldilər. Şəhərdə qırğın və talanlar başladı. Eyni zamanda, erməni dəstələri Xankəndidəki azərbaycanlı əsgərlərin qışlasına da hücum etdilər. Azərbaycanlı əsgərlər mühasirəni yarıb Qarqar vadisinə tərəf çəkilərək və erməni separatçılarını məğlub etdilər.
1918-ci il 30 mart – 1 aprel tarixində daşnak-bolşevik ordusu Bakıda soyqırımı törədərək 12 mindən artıq müsəlmanı qətlə yetirmişdi. Mart soyqırımının təşkilatçısı və rəhbəri Stepan Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edirdi ki, Bakı şəhərində baş vermiş “vuruşmada” Bakı Sovetinin 6000 nəfər yaxşı silahlı qüvvələri və “Daşnaksütyun”un 3-4 min nəfərlik milli hissələri iştirak etmişlər. O, “milli hissələrin” (yəni daşnakların – N.M.) iştirakının “vətəndaş müharibəsi”nə qismən milli qırğın xarakteri vermək üçün yol verdiklərini yazırdı.
Bakı qırğınlarını başa çatdırdıqdan sonra S.Şaumyan Hamazaspın daşnaklardan ibarət olan silahlı birləşmələrini Qubaya göndərmişdi. Quba qırğınları zamanı Hamazasp törətdiyi vəhşiliklərdən lovğalanaraq açıqca etiraf edirdi: “Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçisiyəm... Mənə dəniz (Xəzər dənizi) sahillərindən Şah dağına qədər bütün müsəlmanları məhv etmək və sizin yaşadığınız yerləri, Şirvanda olduğu kimi, yerlə-yeksan etmək əmr olunmuşdur...”
Ümumiyyətlə, 1918–1920-ci illərdə erməni silahlı dəstələri Şamaxı qəzasında 110, Quba qəzasında 167, Gəncə quberniyasında 323 (o cümlədən Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300-dən artıq, Qars vilayətində 82 yaşayış məntəqəsini yerlə-yeksan etmiş, yüz minlərlə azərbaycanlını qətlə yetirmiş, bir milyona yaxın əhalini öz tarixi-etnik torpaqlarından didərgin salmışdılar.
Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin sonuncu mərhələsi 1988–1994-cü illəri əhatə edir. 1988-ci ildə Ermənistan SSR-də azərbaycanlıların yaşadıqları 22 rayondan, 170 sırf və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən təqribən 250 min soydaşımız tarixi-etnik torpaqlarından deportasiya edildilər. Bununla da Ermənistan SSR-dən azərbaycanlıların etnik təmizlənməsi prosesi başa çatdırıldı. 1918-ci ildə imzalanan Batum müqaviləsinə görə, cəmi 9 min kvadratkilometr ərazisi olan Ermənistan Sovet hakimiyyəti illərində öz ərazisini Azərbaycan torpaqları hesabına 29,6 min kvadratkilometrə çatdırmışdır. Hazırda isə işğal etdiyi ərazilərlə birlikdə 45 min kvadratkilometr Azərbaycan torpaqlarına yiyələnmişdir. 
1991–1994-cü illərdə ermənilər, yenə də havadarlarının köməyilə Dağlıq Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş, 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər. Onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalardır. 
1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşiliyin nümunəsidir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bunu etiraf edib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu-York Universiteti Nəşriyyatı, 2003).
“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli sərəncam imzalamışdır. Son dövrdə aparılan silsilə tədqiqatlar, AMEA Tarix İnstitutunun əməkdaşları tərəfindən üzə çıxarılan arxiv sənədləri həqiqətin dünya ictimaiyyətinə çatdırılması işində xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı erməni müəlliflərinin etirafları isə erməni şovinizminin əsl mahiyyətini üzə çıxarır. 

 

Nazim Mustafa, 
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

26 Aprel 2020 18:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə