Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Olimpiadasında Azərbaycan liderdir

Gürcüstanın Batumi şəhərində keçirilən ­43-cü Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları – 185 kişi və 151 qadın komandası beşinci turun matçlarını oynayıb bir günlük istirahətə çıxmışlar. Fasilə ərəfəsində hər iki heyətimiz ölkəmizi qələbə ilə sevindirmişdir.
Kişi qrossmeysterlərimizin ardıcıl dörd uğurlu matçdan sonra növbəti turda Ermənistan yığması ilə prinsipial görüşdən də qalib ayrılmaları, bu matçda ilk iki taxtada Şəhriyar Məmmədyarovun qara fiqurlarla Levon Aronyan və Teymur Rəcəbovun ağlarla Qabriel Sarqsyan üzərində qələbə qazanmaları haqqında qəzetimiz artıq məlumat vermişdir. Digər iki görüşdə isə Rauf Məmmədov Hayk Martirosyanla heç-heçə oynamış, Arkadi Naydiç Qrant Melkumyana uduzmuşdur. 
Nəticədə prinsipial matçda 2,5:1,5 hesabı ilə qələbə Azərbaycan komandasına çox çətin turnir məsafəsinin birinci yarısını əla nəticə–10 mümkün xaldan 10 xalla birinci yerdə başa vurmağa imkan vermişdir.
Daha üç ölkə – Çexiya, Polşa və Ukrayna da 10 xal toplamışlar. Lakin əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən Azərbaycan daha üstün vəziyyətdədir. 
Cədvəldə dörd lider komandanın ən yaxın izləyiciləri hərəyə 9 xal toplamış ABŞ (2016-cı ildə Bakıda keçirilmiş Olimpiadanın qalibi), habelə İsrail və Almaniya yığmalarıdır.
Qadın şahmatçılarımız isə fasilə ərəfəsində yunanıstanlı rəqiblərini 3:1 hesabı ilə məğlubiyyətə uğratmışlar. Bu matçda qələbimizi ikinci və dördüncü taxtalarda müvafiq surətdə Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın dəqiq gedişləri təmin etmişdir. Birinci və üçüncü taxtalarda isə Zeynəb Məmmədyarova və Gülnar Məmmədova rəqibləri ilə heç-heçəyə razılaşmışlar.
Bu turnirdə lider 10 xal toplamış ABŞ komandasıdır. Azərbaycan millisi 8 xalla səkkizinci pillədədir və ikinci yeri tutan Çindən bir xal geri qalır. 
Olimpiadada bütün əsas hadisələr isə hələ irəlidədir. Hər iki komandamız yarışın birinci yarısında inamla çıxış etmişdir. İndi qalır qazanılmış müvəffəqiyyəti qarşıdakı matçlarda daha da inkişaf etdirmək. 
Bu gün rəqiblər altıncı turun görüşlərində mübarizə aparacaqlar. Şəhriyar Məmmdəyarov və dostları bu dəfə Çexiya komandasına qalib gəlməyə çalışacaqlar, Zeynəb Məmmədyarova və rəfiqələrini isə Latviya ilə matç gözləyir.
Bugünkü turda kişi komandalarının turnirində Polşa –Ukrayna, İsrail–Almaniya, Rusiya–Hindistan matçları da maraqla gözlənilir. 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

29 2018 23:37 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə
6 İyul 2020 | 22:42
20-ci dəfə qalib

Köhnə versiyamızdan xəbərləri izlə