Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı inam və etimada əsaslanır

Hər bir müstəqil ölkə, ilk növbədə, öz qonşuları ilə normal, sivil əlaqələrin qurulmasında maraqlıdır. Müstəqil Azərbaycan dövləti tarix boyu ona düşmən kəsilmiş, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları, eləcə də digər dövlətlərlə hərtərəfli əlaqələrini gücləndirməyə çalışır.
Son illərdə Azərbaycanın öz şimal qonşusu – Rusiya kimi böyük bir dövlətlə dostluq və mehriban qonşuluq münasibətlərinin güclənməsi təqdirəlayiq hadisədir. Bu, hər iki dövlətin milli maraqlarına tamamilə cavab verir.  Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına yeni impuls verəcək. Belə ki, bu il sentyabrın 27-də Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri, Azərbaycan Prezidenti ilə görüşləri, Bakıda IX Azərbaycan–Rusiya Regionlararası Forumunda iştirakı bir daha sübut etdi ki, bu gün ölkələrimiz arasında çox yaxın əlaqələr var. Hesab edirəm ki, bu əlaqələrin perspektivi də böyükdür. 
Siyasi təhlilçilər belə bir məqama diqqət yetirirlər ki, son vaxtlar Azərbaycan və Rusiya prezidentlərinin görüşləri intensiv xarakter alıb. Bu da başa düşüləndir. Çünki Azərbaycan – Rusiya münasibətləri strateji xarakter daşıyır. Rusiya bizim üçün yaxın dost və qonşu dövlətdir. 
Rusiyanın regionları ilə də Azərbaycan arasında sıx əlaqələr yaranıb. Rusiya Federasiyasının (RF) 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Son vaxtlar Azərbaycanın Rusiya regionlarında, eləcə də RF regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır. Fikrimcə, regionlararası əməkdaşlıq ölkələrimiz arasında dostluq əlaqələrini daha da gücləndirəcək. 
Azərbaycan və Rusiya xalqları arasında mədəniyyət, incəsənət sahəsində tarixən sıx əlaqələr olub. Hər iki xalqın görkəmli şair və yazıçıları, elm və mədəniyyət xadimləri bu əlaqələrin inkişafına öz töhfələrini veriblər. Bu gün Azərbaycanda rus dili və ədəbiyyatına böyük maraq var. 
Sonda vurğulamaq istərdim ki, Azərbaycanla Rusiya arasında hərtərəfli, sıx əməkdaşlıq üçün imkanlar həqiqətən çox genişdir. Bu imkanlardan səmərəli istifadə olunması ölkələrimizin iqtisadi inkişafına, xalqlarımızın rifahına pozitiv təsir göstərəcək. 

Leyla GƏRAYZADƏ,
Bakı Dövlət Universitetinin filologiya fakültəsinin professoru 

29 2018 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə