Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft kəskin ucuzlaşsa da, onun yenidən bahalaşacağı proqnozlaşdırılır

Son 1 gündə neft bazarlarında “qara qızıl” yenidən ucuzlaşıb.

Xarici KİV-də bu barədə yayılan xəbərdə bildirilir ki, WTI markalı Amerika neftinin may ayı üçün satış qiyməti əvvəl 0, sonra isə 38 dollar səviyyəsinə qədər geriləyib. Bu 1983-cü ildə birjada neft qiymətlərinin hesablandığı andan görünməmiş hadisə olub. Hyuston Universitetinin professoru Kreyq Pirronq baş verənləri “tarixdə görünməmiş  hadisə” adlandırıb.

Əslində, “qara qızıl”ın may ayı üçün satışları aprelin 21-də başa çatırdı. Məhz bu vaxtın bitməsi qiymətlərin mənfi səviyyəyə enməsinə səbəb olub. Bildirilir ki, qiymətlərin mənfi səviyyəyə enməsi satıcının alıcıya neftdən əlavə, pul ödənişi də etməsi deməkdir. Yəni o, pulu, may ayında isə nəzərdə tutulan nefti əldə edəcək. Bu zaman 1 müqavilənin satış həcmi min barrel səviyyəsindədir. İnvestor min barrellə yanaşı, mənfi 38 dollar səviyyəsində həm də 38 min dollar pul qazanır. Həmin neft mayın 1-dən 31-nə qədər ABŞ-ın Oklahoma ştatında yerləşən nəhəng Kuşinq neft terminalında gerçəkləşəcək.

Birjadakı statistika Texas neftinin 0 dollar səviyyəsində 2 mindən çox müqavilənin bağlandığını, mənfi 38 dollar səviyyəsində isə 40-a qədər müqavilənin bağlandığını fiksə edib. Yəni, neftin görünməmiş qiymətlərə satıldığı şəraitdə belə sövdələşmələr dayanmayıb.

WTI markalı nefti satan treyderlər onu Kuşinq terminalından götürməmək üçün bazarda istənilən qiymətə satmağa hazır idilər. Neftin mənfiyə düşməsi məhz bununla bağlıdır. Təklif tələbi dəfələrlə üstələdiyi halda neft anbarlarında boş yer qalmamışdı.

Ötən həftə Beynəlxalq Energetika Agentliyi dünyadakı neft anbarlarının 1,5--2 aya tam dolacağını proqnozlaşdırmışdı.

“Nefti saxlamaq üçün yer qalmayıb. Neft tankerlərindən ibarət donanma bütün istiqamətlərdə istifadə olunur. OPEK+ yenidən toplaşaraq istehsalın konservləşdirilməsi, yaxud azaldılması barədə yeni razılıq əldə edə bilər”--deyə BCS Global Markets-in baş analitiki Kiril Taçennikov açıqlama verib.

Amma  may fyuçerslərindən fərqli olaraq, iyun ayı üçün satılan WTI nefti 18 faiz ucuzlaşaraq 1 barrel üçün 20,43 dollara satılır. Həmin ay üçün Brent nefti isə 9 faiz dəyər itirərək 25,57 dollara qədər ucuzlaşıb.

Dünyanın əsas “qara qızıl” hasilatçılarının neft markaları Brent markalı neftlə bağlı olduğu üçün baş verən kəskin ucuzlşama onların satışına mənfi təsir etmir. Hazırda WTI markalı neftin ucuzlaşması ABŞ-ın qonşusu Kanadanın və qiyməti 2 dollara düşən Rusiyanın Ural neftinə təsir edib.

Dünənki enişdən sonra hazırda bazarda bahalaşma müşahidə olunur. WTI markalı neft may ayı üçün 1 barrelə 1,4 dollar, iyun üçün isə 21,33 dollar səviyyəsində satılır. Mayın 1-də OPEK+ razılaşmasının qüvvəyə minməsi ilə neftin yenidən bahalaşması gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycan nefti 1 barrel üçün 21,3 dollardır. Brent nefti isə 23,91 dollar səviyyəsində möhkəmlənib.

R.TAHİR,
“Xalq qəzeti”

21 2020 16:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə