Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strateji müttəfiqlər arasında fikir ayrılığı yoxdur

Strateji müttəfiqlər arasında fikir ayrılığı yoxdur

Azərbaycan və Rusiya prezidentlərinin son illərdə qarşılıqlı səfərlərində əldə olunan sosial-iqtisadi, strateji, ilk növbədə, hərbi-texniki sahədə razılaşmalar nəticəsində iki ölkə arasında mövcud inteqrasiya prosesləri getdikcə inkişaf edib. Eyni zamanda, Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı Rusiya–Azərbaycan münasibətləri təkcə strateji deyil, həm də fundamental xarakter alıb.
Rusiya–Azərbaycan münasibətlərində iqtisadi əməkdaşlıq xüsusilə diqqət çəkir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi həcminin 2,5 milyard dollara çatması, Azərbaycanda Rusiya kapitallı 760 şirkətin fəaliyyət göstərməsi, respublikamızın Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiyanın isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırması bunun bariz ifadəsidir. Rusiya ilə Azərbaycan arasında aqrar sektorda da əməkdaşlıq ilbəil genişlənir, hər iki ölkəni kənd təsərrüfatında qarşılıqlı maraqlar birləşdirir. Məhz buna görə də Azərbaycan Rusiya ilə sözügedən sahədə birgə layihələrin reallaşdırılmasına, innovasiyaların tətbiqinə mühüm önəm verir. 
Aqrar sektorda göstəricilər də sevindiricidir. Məsələn, 2017-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı isə 8,6 dəfə artıb. Son illərdə tərəflər arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətə aid bir sıra sənədlər imzalanıb. Maşınqayırma, əczaçılıq, daşınmaz əmlak sahələrinə qarşılıqlı investisiyalar qoyulmasına xüsusi diqqət yetirilib. Onu da qeyd edim ki, “Rosneft” ilə SOCAR arasında bir sıra mühüm önəm daşıyan müqavilələrin imzalanması, “Azərmaş” ASC və “Avtozavod QAZ” MMC arasında əməkdaşlıq barədə razılığa gəlinməsi, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə təsdiqlənən beş “yol xəritəsi” isə Rusiya-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə müsbət təsir göstərib. 
Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafından danışarkən, bir məqama da xüsusi toxunmağı vacib bilirəm. Bu da bir müddət bundan əvvəl imzalanan Xəzər Dənizinin Hüquqi Statusu barədə Konvensiya ilə bağlıdır. Əvvəla həmin Konvensiya bütün Xəzəryanı dövlətlərin, eləcə də Rusiya ilə Azərbaycan diplomatiyasının birgə uğurudur. Digər tərəfdən etiraf edək ki, Xəzərin statusunun dəqiq müəyyənləşdirilməsində Rusiyanın əhəmiyyətli rolu da danılmazdır. Əlbəttə, belə bir uğurlu razılaşma iki ölkənin qarşılıqlı fəaliyyətinin gələcək perspektivlərindən, o cümlədən karbohidrogenlərin birgə hasilatı, balıq ovu, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması üzrə Moskva və Bakı tərəfindən mövcud layihələrinin uğurla reallaşacağından xəbər verir.
Şimal–Cənub nəqliyyat dəhlizində qarşılıqlı iqtisadi fəaliyyət də çox uğurla inkişaf edir. Bu məsələdə Azərbaycan mühüm rol oynayır, Rusiya isə şimala çıxışını təmin edir. Keçən il bu dəhliz üzrə yük axını 1700 ton olduğu halda, cari ilin yeddi ayı ərzində yük axını artaraq 170 min tona çatıb, yəni yüz dəfə artıb.  Azərbaycan–Rusiya münasibətlərində humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi də xüsusi yer tutur. Belə ki, Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Ölkəmizdə 120 mindən çox şagirdin oxuduğu 342 orta məktəbdə tədris, həm də rus dilində aparılır, 16 məktəbdə isə tədris yalnız rus dilindədir. Ali məktəblərdə 150 ixtisasdan 105-i rus dilində tədris olunur, 20 min tələbə təhsilini rus dilində alır.
Rusiyanın təhsil müəssisələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. Bundan əlavə, 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili mərkəzi fəaliyyət göstərir. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Yuxarıda qeyd edilənlər Azərbaycan – Rusiya arasında çoxillik dostluq və strateji müttəfiqlik münasibətlərinin bu gün dinamik inkişafından xəbər verir.

Səbuhi ABBASOV,
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

29 2018 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə