Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi əlaqələr genişlənir

İqtisadi əlaqələr genişlənir

Azərbaycan-Rusiya iqtisadi əlaqələri dinamik inkişafdadır. Hazırda Azərbaycan bazarında şimal qonşumuzun iştirakı ilə 700 birgə şirkət fəaliyyət göstərir. Ölkəmizə yatırılan birbaşa Rusiya sərmayəsinin həcmi 1,5 milyard dollardan çoxdur. Təkcə “LUKoil” şirkəti son 25 ildə Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə yatırıb. Hər iki ölkə nəqliyyat sektorunda fəal əməkdaşlıq edir. Ötən illə müqayisədə bu ilin doqquz ayında “Şimal-Cənub” layihəsi çərçivəsində yükdaşımalar 100 dəfədən çox artıb. İlin əvvəlindən bəri Azərbaycana 700 min nəfərədək rusiyalı turist gəlib. Heç şübhəsiz, bu rəqəmlər yaxın gələcəkdə daha da artacaq.
Azərbaycan ­Prezidenti cənab İlham Əliyev Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimindəki çıxışında demişdir: “Ticari-iqtisadi əlaqələrdə biz inkişaf dinamikasını görürük, bu olduqca güclü təəssürat oyadır, bu artmaqda olan dinamikadır. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır”.
Azərbaycanlı fermerlər yetişdirdikləri kənd təsərrüfatı məhsullarını əsasən Rusiya bazarlarında satırlar. Ötən il bu ölkədə satılan məhsulların həcmi 12 faiz artmış, yarım milyard dollardan çox gəlir əldə edilmişdir. Ekspertlərin fikrincə, cari ildə bu rəqəm daha böyük olacaqdır.
Məlum olduğu kimi, 2014-cü ildən – Krımın Rusiyaya birləşdirilməsi haqqında qərar qəbul etdikdən sonra başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri şimal qonşumuza qarşı sərt sanksiyalar tətbiq etməyə başladılar. Son vaxtlar bu sanksiyalar daha da sərtləşdirilir. Maraqlıdır, Rusiyaya tətbiq edilən bu qadağalar Azərbaycanla iqtisadi əlaqələrə necə təsir edəcək?
Bu sualla iqtisad elmləri doktoru Dünyamalı Vəliyevə müraciət etdik. O dedi:
– Qərb dövlətləri tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalar təkcə ölkədaxili istehsalçıları və istehlakçıları deyil, həm də bu ölkənin bir sıra xarici ticarət tərəfdaşlarını da ciddi şəkildə narahat edir. Bu vəziyyət Rusiya iqtisadiyyatına hiss olunacaq dərəcədə mənfi təsir göstərir. Şimal qonşumuz çıxış yolunu MDB ölkələri ilə iqtisadi əlaqələri daha da inkişaf etdirməkdə görür. 
İdxal-ixrac əməliyyatlarının artması ölkəmizin Rusiya ilə əməkdaşlığını xeyli genişləndirib. Başlanmış prosesin daha da sürətləndirilməsi üçün hər iki ölkə arasında lazımi siyasi və iqtisadi iradə formalaşıb. İxracatda qarşıya çıxa biləcək mümkün maneələrə qarşı xüsusi nəzarət sistemi yaradılıb. 2017-ci il dekabrın 25-də Bakıda olan Rusiya iqtisadi inkişaf naziri M.S. Oreskinin səfəri çərçivəsində Rusiya-Azərbaycan biznes məsləhətləşmələri ilə bağlı iclas keçirilib, nəticədə Azərbaycan və Rusiya şirkətləri arasında beş memorandum imzalanıb. Həmçinin, Rusiya ixracatçılarının öz mallarını Azərbaycan bazarlarına çıxarılmasına dəstək verəcək "Rusiya İxrac Mərkəzinin" nümayəndəliyinin açılış mərasimi baş tutub.
Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri sayılır və ölkəmizin ümumi əmtəə dövriyyəsində 9,48 faizlə üçüncü yeri (İtaliya və Türkiyədən sonra) tutur. İdxal prosesində isə bu ölkə 17,7 faiz payla aparıcı rola malikdir. Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, Rusiya-Azərbaycan əmtəə dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə 2017-ci ildə 34,4 faiz artaraq 2,627 milyon dollara çatmışdır. Rusiyanın Azərbaycana ixracatı 1,935 milyon dollar (+ 28,3 faiz), idxalatı - 692,1 milyon dollar (+ 55 faiz) təşkil edib.
Rusiyanın bu dövrdə Azərbaycana ixracının əsas hissəsini qida malları və kənd təsərrüfatı məhsulları 590,7 milyon dollar (ümumi ixracın 30,5 faizi), maşın və nəqliyyat vasitələri  510,2 milyon dollar (26,4 faiz), metal və metal məmulatları 250,6 milyon dollar (12,9 faiz), ağac və kağız məhsulları 182,6 milyon dollar (9,4 faiz) təşkil etmişdir. Rusiya idxalının strukturunda 449 milyon dollar qida malları və kənd təsərrüfatı məhsulları (ümumi idxalın 64,9 faizi), mineral məhsullar  72,2 milyon dollar (10,4 faiz), metal və metal məmulatlar 44,5 milyon dollar (6,4 faiz), nəqliyyat vasitələri  36,8 milyon dollar (5,3 faiz), tekstil və tekstil məmulatları  27 milyon dollar (3,9 faiz) olmuşdur.
Beləliklə, neft və qaz ixracı ilə bağlı gəlirlərin azalması Rusiya və Azərbaycan rəhbərliyini qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyə vadar etmişdir. Azərbaycan və Rusiyada müvafiq müəssisələrin məhsullarının ixracını stimullaşdırmaq üçün layihələrin reallaşdırılmasına başlanmışdır. Xüsusilə, Azərbaycanda ölkə Prezidentinin fərmanı ilə 2016-cı ilin oktyabr ayından məhsulların “Made in Azerbaijan” brendi altında buraxılması ilə bağlı tədbirlərə start verilmişdir. 
2017-ci ilin iyun ayında Rusiyada “Made in Russia” brendi altında qeyri-neft sektoru ixracatçılarına dəstək proqramının icrasına başlandı. Hazırda hər iki ölkənin hədəfi cari əmtəə dövriyyəsini dörd dəfə, yəni 10 milyard dollara qədər artırmaqdır. Bu rəqəm ilk baxışda böyük görünə bilər, lakin işgüzar görüşlərin də göstərdiyi kimi, ölkələrin tərəfdaşlıq potensialı olduqca genişdir. Rusiya Azərbaycanın köməyi ilə meyvə-tərəvəz və şərab sənayesi məhsullarının idxalını artıra bilər. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin müntəzəm olaraq görüşlər keçirir və bir sıra vacib iqtisadi və siyasi məsələləri müzakirə edirlər. Sentyabrın əvvəlində Soçidə, bu günlərdə isə Bakıda prezidentlərin növbəti görüşündə çox vacib sənədlər imzalandı. Həmin sənədlər hər iki ölkənin gələcək inkişafında mühüm rol oynayacaq.
Əvvəldə qeyd etdiyimiz kimi, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri çox genişdir. Azərbaycanda İxrac Kredit Agentliyinin açılması, heç şübhəsiz, ölkəmizin ixrac sektorunun inkişafına böyük təkan verəcək və Rusiyanın idxal ehtiyaclarının daha əhatəli təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görəcək.
Sanksiyalar bütün dünya ölkələrinin inkişafına ciddi ziyan vurur və bu məsələdə Rusiya Federasiyası da istisna deyil. Moskva başa düşür ki, Avropa İttifaqı Rusiya üçün mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Buna görə şimal qonşumuzun lideri V. Putin Avropa ilə tam formatlı əlaqələrin bərpasına çalışır. Lakin bir vacib amili də unutmaq olmaz ki, Rusiya kimi böyük bir güclə əməkdaşlıq etməyə və işləməyə ciddi maraq göstərən Azərbaycan və Mərkəzi Asiya ölkələri kimi MDB dövlətləri də var.

Hazırladı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

29 2018 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə