Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayramın mübarək, Zaqatala!

Bayramın mübarək, Zaqatala!

Neçə gün idi ki, Zaqatala, sözün əsl mənasında, yaddaşlara yazılacaq bir bayrama hazırlaşırdı. Elə bir bayrama ki, həmişə qonaqlı-qaralı olan Zaqatalaya hər yandan müxtəlif millətlərin nümayəndələri gələcək, unudulmaz bir tədbirin iştirakçısı olacaqdılar.
Söhbət rayonda keçirilən Birinci beynəlxalq fındıq, qoz və şabalıd festivalından gedir. Çox maraqlı tədbirdir. Hamının üzündəki təbəssüm lap aydın sezilir. Bütöv Zaqatala bayramsayağı bəzənib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşdırılan festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdirilir, müxtəlif müsabiqələr, yarışlar keçirilir.
Festivalda ölkəmizdə fəaliyyət göstərən bir çox xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak edirlər. Məqsəd birdir: ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirmək.
Qonaqlar əvvəlcə Heydər Parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyur, Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Daha sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının ərazisindəki fındıq bağına və “Azərsun” MMC-nin fındıq emalı zavoduna baxış keçirilir.
Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında festivalın rəsmi açılış mərasimi başlayır. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, sakinləri əlamətdar bayram münasibətilə təbrik edir. Bildirir ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardandır. Fındıqçılığın çox böyük potensialı olduğunu bildirən natiq vurğulayır ki, bu, ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodunun fəaliyyətə başladığını deyən M.Əhmədzadə bu müəssisədə istehsal olunan fındıq və konserv məhsullarının SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edildiyini, 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozunun yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırır.
Təbrik və çıxışlardan sonra festival iştirakçıları bayramsayağı bəzədilən meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olurlar.
Sərxan Həsənov Gəncədən gəlib. O deyir: “Məni heç kəs tədbirə dəvət etməyib. Eşitdim ki, Zaqatalada tədbir keçiriləcək. Gəldim, peşiman deyiləm. Hər şey yüksək səviyyədə hazırlanıb. Baxıb zövq alıram. Bilirsiz nə qədər şəkillər çəkmişəm?” 
Ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın qırılması, ləpənin təmizlənməsi və digər müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.
Qonaqlar meydanda yaradılan “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini izləyirlər. Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdirilir. Festival iştirakçıları, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olurlar, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxırlar.
Nə gözəl oldu. Bir vaxtlar orta məktəbdə oxuyarkən haqqında yazdığım Füzuli Rzayev də burdadır. Mənə yaxınlaşıb deyir: “Mənim üçün bayram bayrama qarışıb, üç gündən sonra hərbi xidmətə gedirəm. Vətənin keşiyində dayanacağam. Sevinirəm, çox sevinirəm ki, belə bir bayramın şahidi oluram. Özünüz də görürsünüz ki, hər şey çox yüksək səviyyədə təşkil olunub”. 
Füzulinin sözləri məni əməlli-başlı kövrəldir. Bir neçə gündən sonra əsgər paltarı geyəcək balamızı bağrıma basıram.
Axşam Zaqatala qalasında yerləşən Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda respublikanın incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı olur. Yadıma bir vaxtlar Göyçayda Nar bayramı keçiriləndə ağsaqqal, nurani bir kişinin dediyi sözlər düşür: “Oğul, indi bizim başqalarından fərqli olaraq daha bir bayramımız var”.
Zaqatalada da belə bir bayram qazandılar.

Bayramın mübarək, Zaqatala!

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

29 2018 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə