Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkili standart və ya siyasi riyakarlıq

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirilən müşavirə bir çox vacib məqamlarla bir  müddət yaddaşlarda qalacaq. Dövlətimizin başçısının ölkə iqtisadiyyatının  mövcud vəziyyətinin və inkişaf perspektivlərinin ətraflı təhlilindən bəlli oldu ki, birinci rübün göstəriciləri  bütövlükdə, müsbətdir.  Sözsüz ki, dünyada tüğyan edən  koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib və  ölkə həyatının əksər sahələrinə mənfi təsir göstərməkdə davam edir. Amma ölkə Prezidentinin rəhbərliyi ilə  həyata keçirilən  qabaqlayıcı tədbirlər və düşünülmüş strategiya  həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın tədricən  aradan qaldırılmasına imkan verəcək.

Müşavirədə diqqət çəkən məqamlardan biri də  dövlət başçımızın beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətinin diqqətə çatdırılması oldu.  O cümlədən Prezident Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi  “seçki”  şousuna da münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi.  Mən dəfələrlə beynəlxalq təşkilatların tədbirlərində iştirak etmişəm. Hər dəfə də ölkəmizə qarşı ikili standartların , qərəzli mövqeyin şahidi olmuşam. Söz yox ki, həmin tədbirlərdə iştirak edən Azərbaycan nümayəndələri qərəzli mövqe nümayiş etdirənlərin layiqli cavablarını veriblər və onların beynəlxalq hüquq normalarına hörmətsizlikləri diqqətlərinə çatdırılıb. Belə qərəzli münasibətlərlə  Avropa Şurası Parlament Assambleyasında da mütəmadi qarşılaşırıq.  

Dəfələrlə şahidi olmuşuq ki, Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələr , ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul edir,  bu yolla beynəlxalq aləmdə  respublikamız haqqında mənfi rəy formalaşdırmaq istəyirlər. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən AŞPA bu günə qədər işğalçı Ermənistana layiq olduğu qiyməti vermir,  öz ata-baba yurdlarından didərgin salınmış bir miyondan artıq soydaşımızın  pozulmuş hüquqlarının bərpa olunması istiqamətində  hələ də qərar qəbul etməyib. Bu təşkilatdakı    anti-Azərbaycan, ermənipərəst qüvvələr  işğalçılardan da  artıq   onların maraqlarını müdafiə ediblər.

Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirdikləri qondarma  prezident və parlament  seçkiləri zamanı da bunun şahidi olduq. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu qondarma seçkini tanımadıqları haqda bəyanat versələr də,  AŞPA-nın  bu vaxta qədər qondarma Dağlıq Qarabağ respublikasındakı cinayətkar rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi  ikili standartın və ya siyasi riyakarlığın bariz nümunəsidir.  Belə qərəzli münasibət özünü insan hüquq və azadlıqlarının   müdafiəçisi kimi təqdim edən bir qurumun adına qara ləkədir və bu təşkilata olan inamı heçə endirir. Bununla yanaşı, AŞPA-nın  beynəlxalq hüquq normalarına  hörmətsizliyidir.  

Bir faktı da qeyd edim ki, AŞPA  Ermənstanın işğalçılıq siyasəti nəticəsində  bu vaxta qədər ölkəmizdə keçirilmiş seçkilərdə bir milyondan artıq  soydaşımızın – məcburi köçkünlərin seçkidə normal iştirak edə bilməməsinə  və onların seçki   hüququnun pozulmasına seyirçi münasibət bəsləyib. Bu da həmin təşkilatın ikili standartlar “xəstəsi” olmasının təsdiqidir. 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin  sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi

20 Aprel 2020 14:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə