Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sənətini varlığı qədər sevirdi

Arif Babayev – 90

Sənətini varlığı qədər sevirdi

Milli kino tariximizdə elə rejissorlar var ki, onların çəkdiyi filmlər, rəng qatdığı obrazlar bu gün də sevilir, xatırlanır. Amma bu rejissorların özləri bəzən nadir hallarda yad edilir. Hərdən maraqla tamaşa etdiyimiz ekran əsərlərində həmin rejissorların adlarını heç titrlərdən də  “oxumuruq”. Amma, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” kimi filmləri xalqına ərmağan etmiş Arif Babayevi heç unutmaqmı olar?!
Arif Babayev 1928-ci ilin sentyabrında İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı ata mülkündə doğulub. Köklü içərişəhərli idi. Anası Səriyyə xanım evdar qadın imiş. Ana babası Zeynal kişi dövrünün məşhur tacirlərindən biri olmuşdu. İçərişəhərdə 6-7 mülkü olan atası Hacıağa kişi müharibəyə qədər partiya təşkilatının rəhbəri, müharibədən sonra isə bir neçə bazarın müdiri olub.
Özü danışırdı ki, bir gün valideynlərini məktəb tədbirinə çağırıblar. Şagirdlər öz bacarıqlarını nümayiş etdirib, Arif də şeir deyib. Arifin bu bacarığını qiymətləndirən müəllimlər tədbirin sonunda Hacıağa kişiyə təşəkkür ediblər. Atası da məhz o gün Arifdəki istedadı sezib və oğlu dram dərnəyinə gedəndə ona etiraz etməyib.
Müharibə dövrünün çətin günlərində Arif teatra, incəsənətə daha çox bağlanıb. 15 yaşı olanda “İbrət” tamaşasında kiçik rolla Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edib. Teatr Texnikumunu bitirsə də, nədənsə, Arif kamera qarşısında deyil, kamera arxasında dayanmağı seçib. 1953-cü ildə o, İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. İlk illər Naxçıvandakı Uşaq Gənclər Teatrında işləyib. Daha sonra Ağəli Dadaşovun köməyi ilə Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayıb.
1956-cı ildə Rauf Kazımovskinin dəvəti ilə dövlət televiziyasına gəlib. Uzun illər televiziyada bir-birindən maraqlı verilişlər hazırlayıb. Amma Arifin kinoya marağı heç vaxt azalmayıb. Teatrda işlədiyi illərdə belə o, demək olar ki, hər gün “Azərbaycan” kinoteatrında bir neçə filmə baxıb.
Şair, dramaturq Vaqif Səmədoğlu yazırdı: “Arif Babayev bu dünyaya kino üçün gəlmişdi. Gəlmişdi ki, “Uşaqlığın son gecəsi”ni, “Gün keçdi”ni, “Bizi bağışlayın”ı çəksin, həmişə darıxsın və desin: “Dəlisov şeydir kino. Çətinliklərim çox oldu. Hamısını otağımda tək həll elədim. Nə isə, yaşasın həyat!”
A.Babayev futbolu da çox sevirdi. İndiki Sabir bağının yerindəki boş sahədə futbol oynayan Arif , hətta məşhur futbolçuların şəkillərini cibində gəzdirərmiş. Caz musiqisinin populyarlıq qazandığı o illərdə Arif də truba çalırmış. Atası “Adə, yekə kişisən, az çal bu zurnanı. Get əməlli iş gör”, – deyə etiraz edəndə, o: “Ata, bu, zurna deyil, trubadır”, – deyərdi.
1968-ci ildə çəkdiyi “Uşaqlığın son gecəsi” filmindəki Davud qardaşı Akifin obrazıdır. Damda göyərçin saxlayan, başında aerodrom kepka gəzən Akif buna görə həmişə onunla dalaşar: “Məni bütün ölkədə biabır elədin” – deyərdi.
Arif müəllim dəblə geyinməyi xoşlayardı. O dövrdə Arif kimi geyinən gənclərə “stilyaqa” deyərdilər. Saçları uzun, şalvarlarının balağı enli olardı. 60-70-ci illər kinematoqrafiyasına romantika, sadəlik və reallıq gətirən Arif Babayev tək yaşayırdı. Ətrafında gözəl qadınlar kifayət qədər çox olsa da, heç biri Arifin diqqətini cəlb edə bilmirdi.
Kino sənəti onun üçün illər boyu xəyalı ilə yaşadığı, arzusunda olduğu bir dünya idi. Bu dünyanın içərisində öz dünyasını yaradırdı Arif Babayev... 
1964-cü ildə İmran Qasımovun ssenarisi əsasında lentə alınan “Kimi daha çox sevirik?” almanaxına daxil olan “Zirvə” adlı qısametrajlı bədii filmi onun kino sənətində ilk zirvəsi oldu. Amma daha böyük zirvələr yolunu gözləyirdi istedadlı rejissorun.
İllərlə kino çəkilişi üçün növbədə ­dayanan, hətta Moskvada kinorejissor təhsili alıb gələnlər var idi. Kinorejissor diplomu olmayanlara film çəkilişlərinin həvalə edilməsi isə, az qala, mümkünsüz idi. Amma Arif Babayevə nə qadağa qoyan var idi, nə də diplom soruşmağa cəsarət edən. “Zirvə”dən sonra səkkiz bədii film çəkdi. “İnsan məskən salır” (1966), “Uşaqlığın son gecəsi” (1970), “Gün keçdi” (1972), “Ömrün ilk saatı” (1975), “Alma almaya bənzər” (1976), “Arxadan vurulan zərbə” (1978), “Bizi bağışlayın” (1980) və “Birisigün, gecəyarısı” (1981) filmlərinə tamaşaçılar bu gün də böyük maraqla baxırlar. 
“Birisi gün, gecəyarısı” ona Azərbaycan Respublikasının Dövlət mükafatını, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mükafatını qazandırdı. Azərbaycanlı rejissorlar arasında bu mükafatı da almaq ilk dəfə Arif Babayevə qismət olmuşdu. “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdü. Filmləri festivalların mükafatlarını almışdı.
Şöhrətin gətirdiyi ad-san, nüfuz, hörmət onu dəyişə bilməmişdi. Elə həmin o qaraqabaq, adamayovuşmaz, tündməcaz adam təsiri bağışlayan, əslində isə yumşaq, həlim xasiyyətli içərişəhərliydi Arif Babayev. Amma onu ən çox sıxan tənhalıq idi. Ömrünün sonuna qədər tənha yaşadı. Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi “Gün keçdi” filminin qəhrəmanı Oqtay da Arif Babayevin özü idi. Orada öz dünyasını, öz tənhalığını çəkmişdi kinorejissor. Bəlkə, buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb. Bir də Arif Babayevin filmlərinin bir çoxunda yavaş-yavaş unudulan, tənhalaşan İçərişəhər, onun bənzərsiz mühiti, sakinləri var idi. İçərişəhərin təsvirini bu qədər real, bu qədər dolğun vermək üçün onu Arif Babayev kimi sevmək lazım idi...
Məşhurluğu ilə qürrələnməz, şöhrətinin kölgəsinə sığınmazdı. Göz önündə olmağı xoşlamazdı. Kollektiv şəkillər çəkiləndə ya imtina edərdi, ya da arxa sırada elə yer seçərdi ki, nəzərləri cəlb eləməsin. Tədbirlərdə, yığıncaqlarda adını çıxışçıların siyahısından sildirərdi.
Ancaq onu tənhalığı, qaradinməzliyi ilə də çox sevirdilər. Uşaqlıq illərinin ən yaxın dostu Vaqif Mustafazadə olmuşdu. Onların uşaqlığı bir yerdə keçmişdi. Sonralar da Maqsud İbrahimbəyovla, Anarla, Yusif Səmədoğlu ilə tez-tez görüşər, sənət barədə müzakirələr aparardı.
 Ömrünün son illərində xəstəlik amanını kəssə də, xəstəxanaya getmək istəmirdi. Sağalacağına inanırdı. Hələ tamamlanmamış işləri, həyata keçirmədiyi arzuları var idi. İçərişəhərin ziyalı şəxslərindən bəhs edən “Bizim müasirlərimiz” adlı sənədli filmlər silsiləsini çəkəcəkdi. Ssenarisini də 1983-cü ildə özü yazmışdı. Amansız ölüm ona bu arzusunu reallaşdırmağa imkan vermədi. 
Həmin il avqustun 26-da dünyasını dəyişdi. Arif Babayev sovet dövründə kino işçilərinin peşə bayramı qeyd olunduğu gün – avqustun 27-də dəfn edildi. Bununla da Azərbaycan kino sənəti istedadlı bir rejissorunu itirdi... 
Yaxşı ki, ondan yadigar qiymətli filmləri qalıb.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

29 2018 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə