Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə 100 aztəminatlı ailəyə ərzaq bağlaması göndərilib

Qeyd edək ki, ölkəmiz koronavirus pandemiyası ilə üz-üzə qalanda, bütün ölkədə maska, spirt qıtlığı yarananda, sakinlər gigiyenik vasitələr əldə edə bilmirdilər.  Həmin günlərdə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva tərəfindən Gədəbəy rayonuna 2000 tibbi maska, əlcək, tibbi papaq və bir sıra dezinfeksiyaedici vasitələr  göndərildi. Onu da xatırladaq ki, Y.Abdıyeva indiyə qədər bir sıra  xeyriyyə işləri həyata keçirib və davamlı olaraq bu işi ürəyinin hökmü ilə yenə də yerinə yetirir və darda qalana əlini uzadır. İctimai Birliyin sədri bu günlərdə doğma Gədəbəy rayonunun sakinlərini sevindirib. O, 100 aztəminatlı ailəyə ərzaq bağlamaları yardımı edib.

Y.Abdıyeva bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi nəticəsində bir sıra kiçik müəssisələrin fəaliyyətlərini dayandırması, nə qədər insanın işsiz qalmasına, bu da öz növbəsində onların evə qazanc apara bilməməsinə şərait yaratdı. Xüsusilə regionlarda maddi imkanı aşağı olan ailələrdə gündəlik təlabat  mallarına ehtiyac yarandı. İnsanların ərzaqla və digər gündəlik zəruri ehtiyaclarının təminatında müəyyən problemlər olduğu vətənpərvər insanların diqqətindən qaçmadı. Bu həssas dövrdə aztəminatlı ailələrə xüsusi diqqət və qayğının göstərilməsi vacibliyini diqqətə çatdıran Y. Abdıyeva deyir ki, sözsüz ki, koronavirusla mübarizə məqsədilə tədbirlərin görülməsini yalnız dövlətdən gözləməli deyilik. Hər kəs imkanı daxilində bu yardım əlini uzatmalıdır. Bu işdə də imkanı çatan hər kəs məsuliyyət və vicdanla hərəkət etsə, öz vəsaitlərindən həmin ailələrə yardım etsə,  Allaha da xoş gedər. Çünki, düşdüyümüz bu vəziyyət müvəqqətidir. Bir-iki aydan sonra həyat yenidən öz axarına düşəcək, koronavirus bəlası yox olacaq, karantin rejimi götürüləcək. Qalan bir-birimizə münasibətimiz, çətin gündə ətrafdakılara göstərdiyimiz diqqət və yardımsevərliyimiz olacaq. 

İctimai Birliyin sədri dövlətimizin belə kateqoriyadan olan insanları daim diqqət mərkəzində saxladığını, onların sosial rifah halının yaxşılaşdırılması üçün vacib tədbirlər görüldüyünü diqqətə çatdırıb. O, xüsusi karantin dövründə bir çox qurumların, o cümlədən vətəndaşların da fərdi olaraq maddi imkanı zəif olan, o cümlədən yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara, aztəminatlı ailələrə ərzaq yardımı etdiklərini vurğulayıb. O, diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə sevinc bəxş edən belə xeyirxah təşəbbüslərin davam etdiriləcəyinə inandığını bildirib və imkanı olan vətəndaşları həmin kateqoriyadan olan şəxslərə maddi və mənəvi dəstək göstərməyə səsləyib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2020 11:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə