Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu

Mədəniyyət təqviminin əlamətdar günləri  çoxdur. Onlardan biri də hər il dünya miqyasında  qeyd olunan Beynəlxalq  Mədəniyyət  Günüdür.  Ümumdünya  Mədəniyyət  Gününün  qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın  Brügge  şəhərində keçirilən konfransda  rəssam Nikolay  Rerix  təklif etmişdir.1935-ci il aprelin  15-də  “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması (Rerix paktı) imzalanıb. O vaxtdan etibarən  dünyanın bir çox ölkəsində 15  aprel  Beynəlxalq Mədəniyyət Günü  kimi qeyd olunur.  2008-ci ilin dekabrında  Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, latviya  və  Litvanın  ictimai  təşkilatlarının  təşəbbüsü ilə  15 aprelin  dünya  ölkələrinin bayrağı altında  Ümumdünya  Mədəniyyət  Günü kimi təsdiqi  üçün  beynəlxalq hərəkat yaradılmışdır.

Bu,  xoşməramlı  təşəbbüs  hazırda   geniş  miqyasda  ölkələri  və  xalqları birləşdirir. Azərbaycan da  bu  günü  yüksək səviyyədə   qeyd edir. Bəli, hazırda Azərbaycan mədəniyyəti  dünyaya inteqrasiya yolundadır, beynəlxalq mədəni əlaqələrimiz ildən-ilə  genişlənməkdədir.

Cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata  keçirilən mədəniyyət  siyasəti nəticəsində Azərbaycan bu sahədə nümunə göstərilən ölkələr sırasına çıxmışdır. Dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESKO ilə sıx əməkdaşlıq edirik, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə bütün dünyada təbliğ olunur. UNESKO-nun müvafiq siyahılarında ölkəmizin çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəsinin yer alması bu deyilənləri bir daha sübut edir. Azərbaycanın mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində Birinci  vitse-przident, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür.

Mədəniyyətə dost xalqlar olduğu kimi, ona zərər yetirən, hətta onu məhv etməyə çalışan qüvvələr də mövcuddur. Etnik düşmənçilik zəminində bu irsin məhv edilməsi bütün bəşəriyyətə vurulan ən ağır zərbədir. Bu gün Azərbaycan torpaqlarının-- Dağlıq Qarabağın  və  7 ətraf rayonumuzun erməni işğalçıları tərəfindən zəbt edilməsi nəticəsində minillik tariximizə vurulan zərbə tək bizə qarşı deyil, ümumilikdə dünya mədəniyyətinə qarşı yönəlib. Eyni zamanda, UNESKO-nun siyahısında yer alan abidələrin bu gün hansısa terror qruplaşmaları tərəfindən dağıdılması xəbərləri tək abidənin yerləşdiyi ölkənin deyil, həm də bizim acımızdır. Çünki bəşəri mədəniyyət ayrılıqda hansısa xalqların deyil, bütün dünya xalqlarının birgə sahib olduğudəyərlərdir.

Son illər Azərbaycan dünyada baş verən mədəni proseslərin içərisindədir, maraqlı layihələrdə iştirak edirik. Dünyanın ən böyük musiqi kollektivləri Azərbaycana gəlir. Bu baxımdan biz dünyada baş verən mədəni proseslərdən kənarda qala bilmərik, daim öyrənməli, fikir mübadiləsi aparmalı, dünya ilə mədəni dialoqda olmalıyıq. Prezident İlham Əliyevin  təşəbbüsü ilə iki ildən bir Bakıda keçirilən  Ümumdünya Mədəniyyətlərarası Dialoq   forumuna  Azərbaycan evsahibliyi edir.

Milli mədəniyyətimizin dünya mədəniyyəti ilə sıx əlaqəsi mövcuddur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirdiyimiz, evsahibliyi etdiyimiz layihələr, tədbirlərlə bu əlaqələr inkişaf etdirilir. Ölkəmiz, eyni zamanda, həm Qərb, həm də Şərq dünyasının mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Bu sahədə, demək olar ki, hər il hər hansı beynəlxalq konvensiyaya və  təşəbbüslərə qoşulur, onun icrasına dəstək veririk.

İnanırıq ki, Azərbaycan mədəniyyəti  bundan sonra da  dünyaya inteqrasiya  yolunda  daha uğurlu addımlar atacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2020 10:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə