Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz tezliklə evimizə dönəcəyik”

Sabunçu rayonundakı 11 saylı poliklinikanın həkimi Məlahət Hümmətqızı  TƏBİB- in çağırışı ilə koronaviruslu xəstələrə xidmət üçün könüllü olaraq Tədris Cərrahiyyə Klinikasına  gəlib. Onun sosial şəbəkədə paylaşımları ilə oxucuları davamlı tanış edirik. Bu, Məlahət həkimin ağır iş rejimindən sonra düşüncələrini qeydə aldığı fikirləridir:

“Tədris Cərrahiyyə Klinikası...

Dünən növbətçi həkimdən gecə nöbəsini təhvil alıb iş başına keçdim. Xəstəlik tarixlərinə, yeni təyinatlara baxıb, palatalardakı xəstələrə baş çəkdim. Vəziyyətləri, qəbul etdikləri dərmanlar ilə maraqlandım. Şikayətlərinin azaldığını, səhhətlərinin yaxşılaşıdığını görüb sevindim. Şöbəmizdə müalicə alan 21 xəstədən 8-ni artıq evə yazmışıq. Bu bizim uğurumuzdu. Xəstələrin yaxmalarının cavabları neqativ gəlib. Bir ağır vərəmli xəstə isə ET Ağ Ciyər xəstəliklərii İnstitutuna köçürülüb. Bu bizim şöbənin gecə - gündüz yuxusuz qalan, xəstələrin sağalması üçün bilik və bacarığını əsirgəməyən, 8 saat ayaq üstə hava keçirtməyən kamuflyaj geyimdə növbəli çalışan 4 savadlı həkimin uğurudu. Aygün Bayramova, Şəfa Yusubova, Natavan Ramazanova və mən.

Gedərkən xəstələrimizin üzündə sevinc gördüm. Dayanmadan təşəkkür edirdilər. "Nə etmişik, bu bizim vəzifə borcumuzdu, sadəcə yerinə yetiririk," – dedim...
Gecənin yuxusuzluğu, yorğunluğu , kamuflyaj geyimdə 8 satlıq ayaqüstü gərgin iş rejimi, saçımın dibindən kürəyimə qədər süzülən soyuq tər yavaş-yavaş səhhətimdə özünü göstərirdi. Əynimdəki bütün paltarlar yaş idi. Canımı üşütmə tutmuşdu, titrəyirdim. Ürəyimdə iş saatının bitməsini, bir stəkan çay içib isinmək istəyimi məndən başqa heç kim bilmirdi. Canımı dişimə tutub gözlədim. Nəhayət avtobus bizi səhər  9.00 -da qaldığımız otelə gətirdi. Dənizkənarı bulvarda yerləşən 5 ulduzlu "Bulvar Otel"in işciləri 700 tibb personalına  yüksək səviyyədə xidmət göstərir.

Lift ilə yuxarı qalxıb otağıma keçdim. Yatağıma uzanmağımla yuxuya getməyim bir oldu. Günəş ğözlərimi qıdıqlayanda yuxulu olduğumdan elə bildim ki, evdəyəm , oğlum üzümdən öpür. Tez gözlərimi açıb hər tərəfə baxdım, gördükləimin yuxu olduğunu anlayıb, kövrələrək ağladım. Ev üçün, balalarım üçün darıxdım. Onların yanında olmaq istədim. Gözlərimin yaşını silib, ayağa qalxdım. Pəncərəyə yaxınlaşıb, pərdəni çəkdim. Dənizkənarı bulvara açılan gözəl mənzərəyə baxdım. Bulvar boş idi. Dərindən "ah" çəkdim. Özümü bu dünyada daha da tənha hiss etdim. .Elə bil dəniz də kövrəlmişdi. Çoşaraq dalğalanır,  nə isə demək istəyirdi. Sanki bu dəqiqə dil açıb: "Fikir eləmə, səbrli ol, hər şey yaxşı olacaq. İnsanlar sağalacaq, sən isə evə, əzizlərinə dönəcəksən" --deyirdi...”

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2020 10:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə