Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizə aparan həkimlərimizi tanıyın

Ölkəmizin başını koronavirusun qara buıudları alandan bu günə həyəcan keçirməyən yoxdur. Hamı hər gün operativ qərargahın xəbərlərini böyük səbirsizliklə gözləyir. İnsanları yoluxanların, həyatdan gedənlərin sayı maraqlandırdığı kimi, eyni zamanda, bəladan qurtarıb evinə dönənlərin sayı da düşündürür. Sağalıb evinə qayıdanların əziyyətinə qatlaşan həkimlərimizin fədakarlığı həqəqətən ən böyük dəyərə, alqışa layiqdir. Sosial şəbəkədən dostlaşdığım Sabunçu rayonundakı 11 saylı şəhər poliklinikasının həkimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifi Məlahət Hümmətqızının son günlərdəki paylaşımlarını həyəcanla izləyirdim. TƏBİB-in çağırışı ilə koronavirusla mübarizəyə könüllü qoşulan həkim yazırdı: “Artıq Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasındayıq. COVİD --19-a bir addım da irəli gəldik. Qorxmadıq, çəkinmədik. Üz-üzə, göz- gözə dayandıq. Tutduğumuz yolu axıra kimi gedəcəyik. İnsanlarımız sağalana kimi yanlarındayıq...” Onun aprelin 10- da olan paylaşımı məni duyğulandırdı. Siz də tanış olun:

“Tədris Cərrahiyyə klinikası. 10.04 2020. İstəyirəm insanlar, bu gün dünyanı ağuşuna alıb lərrzəyə salan koronovirus pandemiyasının həyəcanından uzaq olsun, xəstəliklə mübarizədə anında ayağa qalxan, TƏBİB-in ilk çağırışında səsinə səs verən, səhiyyə ocaqlarından Tədris Cərrahiyyə Klinikasına könüllü işləməyə gələn, çəsarətli, qorxmaz həkimlərimizi hamı tanısın.

Çox istəyirəm, insanlar, hər şeyə rəğmən körpə balalarını, həyat yoldaşlarını, əzizlərini evdə qoyub, könüllü işə çıxan cəsur həkimlərimizi tanısın.

Çox istəyirəm, hər gün 8 saat ayaq üstə gecə -gündüz çalışan, hava keçirməyən, hərəkət etmək belə çətin olan, kamuflyaj geyimdə, nəfəs almaq çətin olan maskada, tərləyən eynəklərdə, ikiqat əlcəklərdə, heç nədən şikayət etməyən, yorulsa belə hiss etdirməyən, üzündə həmişə təbəssüm olan, virusa yoluxan insanların qayğısına qalan qəhrəman həkimlərimizi hamı tanısın.

Çox istəyirəm, klinikanın özünün fədakar tibb personalını hamı tanısın. Terapevtlərlə bərabər burada çalışan pediatrları, cərrahları, nevropatoloqları, kardioloqları, infeksionistləri, pulmonoloqları, lor, laboratoriya, USM, MRT, KT,-də çalışan həkimlər tanınsın. Bu ağır zamanda həkimlərlə bərabər çiyin-çiyinə çalışan, əziyyəti heç də onlardan az olmayan tibb bacılarını, sanitarlarları hamı tanınsın. Axı, həkimlər qədər onlar da alqışa layiqdı.

TCK -da könüllü çalışan qəhrəman həkimlərin adlarını sizə tanıtmaq istəyirəm: Aygün Bayramova (terapevt) -- 11 saylı şəhər poliklinikası, Tamella Kacalova (terapevt) --11 saylı poliklinika, Püstəxanım Həmzəyeva (terapevt) -- 11 saylı poliklinika, Məlahət İsayeva (terapevt) -- 11saylı poliklinika. Hüseynova Samirə (terapevt), Qurbanova Zülfiyyə ( terapevt), Şabanova Sevinc (terapevt), Məmmədəliyeva Gülbəniz ( pediatr), Yusifova Şəfa ( terapevt), Ağayeva Abutə  (nevropatoloq), Tağıyeva Reyhan ( pediatr), Aslanova Aysel (pulmonoloq), Qasımov Rauf ( cəŕah), Ramazanova Natavan (infeksionist), Kərimov Ziya (kardioloq), Əliyev Teyyub (cərrah), Hüseynova Afət (pulmonoloq), Sadıqzadə Tural ( cərrah), Osmanov Elvin (üz-çənə cərrahı), Məmmədov Məmməd (uroloq), Məmmədova Rəna ( infeksionist), Aruxova Vəfa (infeksionist), Rüstəmova Yasmin (kardioloq), Nəbizadə Rauf (neyrocərrah), Novruzov Emin (neyrocərrah), Müseyibob Muxtar (kardioloq), Qurbanov Rüfət (lor),  Səttarov Nicat (travmatoloq).

Burada mənimlə bərabər çalışan bütün həkim kolleqalarıma can sağlığı, COVİD --19 virusuna qarşı mübarizədə isə əzimlə qalib gəlməyimizi arzulayıram, məncə cəsarətli, qorxmaz və qayğıkeş həkimlərimizlə fəxr etməyə dəyər”.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2020 14:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə