Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın beynəlxalq aləmdə növbəti fiaskosu

Bu gün bütün dünyada koronavirus (COVID-19) ­infeksiyası tüğyan edir və fövqəldövlətlər bu xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görmələrinə baxmayaraq, hələ də acizdirlər. Təəssüflər olsun ki, xəstəliyin yaratdığı fəsadlar ciddidir və nəticələrin aradan qaldırılması istiqamətində bütün dünya səfərbər olub. Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı alınıb, habelə məsuliyyətli vətəndaşların müvafiq qurumların göstərişlərinə tabe olmasına görə xəstəliyə yoluxma halları digər ölkələrlə müqayisədə cüzidir.

Bu gün dünyada xəstəliyin yayılma vəziyyəti o qədər ciddidir ki, dünyada inanılması çətin olan proseslər gedir. Məsələn, aralarında uzun müddətdir “soyuq müharibə” davam edən Rusiya Federasiyası Amerika Birləşmiş Ştatlarına humanitar yardım göstərir, əvəzində ABŞ neftin qiymətinin balanslaşdırılması və hasilatın normallaşdırılması məqsədilə Səudiyyə Ərəbistana müraciət edir. Eyni zamanda, ayrı-ayrı ölkələrə göndərilən humanitar yardım sərhəd ölkələr tərəfindən ələ keçirilir, əvəzi ödənilmədən icazəsiz olaraq müsadirə edilir.
Bu xoşagəlməz hadisələrin fonunda daha mənfur bir addım yenə də Ermənistan hakimiyyəti tərəfindən atılır. Ermənistan hakimiyyəti ölkəsində geniş yayılmış pandemiyanı gizlətmək, habelə yarıtmaz vəziyyətdə olan səhiyyə sistemini diqqətdən yayındırmaq məqsədilə martın 31-də Dağlıq Qarabağda qondarma rejimin “seçki” keçirdiyini açıqladı. Bu fikirləri AZƏRTAC-a Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib. 
Adil Əliyev deyib ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar “Avro-2020”, “Eurovision”, “Formula 1” kimi bütün dünyanın diqqət mərkəzində olan idman və mədəni yarışların dayandırıldığı bir vaxtda, dünya ölkələri “gözəgörünməz” düşmənə qarşı mübarizə apararkən bizim düşmənimiz həmişəki kimi yaranmış vəziyyətdən sui-istifadə etdi. Qondarma rejim tərəfindən keçirilməsinə cəhd göstərilən “parlament və prezident seçkiləri” Ermənistan hökuməti istisna olmaqla, heç bir ölkə tərəfindən tanınmadı. Bir çox nüfuzlu beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmamaqla yanaşı, “seçkilər” adı verilən bu hadisənin beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə kəskin şəkildə zidd olduğu bir daha ifadə edildi. 
Ermənilərin zəbt olunmuş ərazilərdə analoji “seçki şouları” təşkil etməsi birinci dəfə deyil, hər dəfə Ermənistan hakimiyyəti çətinliyə düşəndə qondarma rejimdə özlərinə arxa tapmağa cəhd edir. 
“Seçkilər”in keçirilməsi ərəfəsində “Nyu-York Times” qəzeti kimi dünyanın ən qabaqcıl mətbuat orqanı Ermənistan hökuməti tərəfindən işğal edilmiş Azərbaycan ərazisində “seçkilər”in keçirilməsi barədə məlumat yaydı və Dağlıq Qarabağda yaradılmış qondarma rejimin bu günə qədər heç bir ölkə tərəfindən tanınmamasını oxucuların diqqətinə çatdırdı.
Vəziyyətin bu yerində, həmçinin İndoneziyadan Ermənistan rejiminə müraciət edildi ki, Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda beynəlxalq hüququn ən ali prinsiplərini pozmaqla işğal edilmiş ərazidə “prezident və parlament seçkiləri”nin keçirilməsini dayandırın. Belə ki, İndoneziyanın ən nüfuzlu mətbuat orqanı olan “Jakarta Post” tanınmayan qurumda qondarma rejimin yaratdığı saxta seçkinin keçirilməsinin tam qanunsuz olduğunu bildirib.
İşğal edilmiş ərazilərdə keçirilən son qanunsuz “seçkilər”ə Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verilən sərt açıqlamada “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər” təşkil edilməsinin sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrik olduğu vurğulanır. 
“Seçkilər” adı altında keçirilən kütləvi tədbirlərlə əlaqəli bəyanatlardan biri də Avropa İttifaqı (Aİ) tərəfindən verilib. Avropa İttifaqı bir daha xatırladıb ki, bu “seçki”nin baş tutduğu hüquqi baza və konstitusiya tanınmır, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz. 
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in NATO tərəfindən tanınmaması barədə yaydığı analoji məlumatda həmin hadisənin işğal edilmiş ərazilərin statusuna heç bir təsirinin olmamasını qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımadığını və Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab etdiyini bildirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “prezident və parlament seçkiləri”ni pisləyib.
Qoşulmama Hərəkatının üzv ölkələri də martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildirib, bununla əlaqədar 120 ölkə tərəfindən birlikdə qətnamə qəbul ediblər.
GUAM ölkələri, Norveç, Böyük Britaniya, Rumıniya və bu gün xəstəliyin ən çox fəsad verdiyi bir ölkə olan İtaliya belə Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma “seçkilər”in tanınmaması barədə qəbul edilmiş bəyanatlarda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilmiş qondarma “prezident və parlament seçkiləri”nin qanunsuz olmasını bir daha təsdiq ediblər.
Hətta vəziyyət o yerdədir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Maykl Seibert açıqlamasında seçkilərin Almaniya hökuməti tərəfindən birmənalı olaraq tanınmamasını, atılan addımların yalnız münasibətlərin qəlizləşdirilməsinə yönəlməsini bildirib və Ermənistan hökumətini seçkilərin keçirilməsindən imtina etməyə çağırıb.
Aydındır ki, Nikol Paşinyan hazırda özünə müttəfiq tapmaq və ölkəsində itirilmiş nüfuzunu bərpa etmək üçün yenidən “seçki” şousunu gündəmə gətirir, lakin özü də başa düşmədən Ermənistanın terrorçu dövlət olduğunu beynəlxalq müstəvidə bir daha təsdiq edir. Anlayır ki, aprelin 14-nə təxirə salınmış seçkilərin ləğv edilməsindən və Azərbaycanın əzəli və əbədi torpaqlarının azad edilməsindən başqa yolu yoxdur.
Bu “seçkilər”lə bağlı verilən bütün bəyanatlardan görünür ki, Ermənistan hakimiyyəti tərəfindən hazırlanmış bu oyunda məqsəd təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdidi davam etmək, destruktiv mövqeyindən əl çəkməməkdir.

 

10 2020 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə