Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: RİH başçısı yerlərdəki nümayəndələri ilə video-müşavirə keçirib

Koronavirusa qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə video-müşavirə keçirib. 

İcra hakimiyyətinin başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, İƏD nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verib.
Eyni zamanda İƏD nümayəndələrinə göstəriş verilib ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülməli, əhalinin sıx toplaşdığı ərazilərə, kənd mərkəzlərinə, ictimai-iaşə obyektlərinə ciddi nəzarət olunmalı, insanların təmas imkanları minimuma endirilməli, vətəndaşların yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmaları izah olunmalıdır.
Rayon rəhbəri bildirib ki, kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə insanları maraqlandıran bütün məsələlərə anında münasibət göstərilməlidir. İcra nümayəndələri kənd təsərrüfatı ilə məşğul olan sakinlərə arayışların verilməsində də diqqətli olmalı, bu təbəqədən olan vətəndaşlara lazımi dəstək göstərməlidirlər. 
Video-konfransda sakinlərə qarşı diqqətli və həmrəy olmaq, insanlara dəstək, yaşlılara qarşı həssaslıq nümayiş etdirmək, hər hansı neqativ hal baş verərsə dərhal rayonda yaradılmış xüsusi qərargaha məlumat vermək nəzərə çatdırılıb.
Alimpaşa Məmmədov hazırda müşahidə olunan həssas dönəmdə ölkə Prezidentinin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq hər kəsin məsuliyyətli olmasını və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərməsini konkret vəzifə kimi tapşırıb.

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2020 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə