Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz qayda-qanuna əməl etməklə, həm də cəmiyyətimizi qoruyuruq

Prezident İlham Əliyevin əfv sərəncamı imzalaması və 65 yaşdan yuxarı olan şəxsləri cəzasının qalan hissəsindən azad edərək, bu çətin günlərdə evə buraxması cəmiyyətdə böyük məmnunluğa səbəb olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva Prezident İlham Əliyevin əfv sərəncamı ilə 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad olunmasını şərh edərkən dedi:

– Azərbaycan dövləti son bir ayda, koronavirus pandemiyasının ilə bağlı vətəndaşlarının taleyinə necə həssaslıqla yanaşdığını əyani şəkildə nümayiş etdirib. Bir neçə gün əvvəl koronavirus təhlükəsinə görə cəzaçəkmə müəssisələrində olan yüzlərlə həssas insan müvəqqəti olaraq evə buraxıldı. Bunun ardınca isə Prezident İlham Əliyev böyük humanist addım ataraq, yaşı 65-dən yuxarı olan, yəni risk altındakı insanları əfv etdi. Bu artıq müvəqqəti deyil, birbaşa azadlığa buraxmaqdır və bu cür möhtəşəm humanistliyi yalnız qayğıkeş rəhbər edə bilərdi. Nəzərə alaq ki, əfv edilənlər arasında ömürlük məhkum olunmuş iki nəfər də var. Bu o deməkdir ki, hətta ömürlük məhkumların taleyi belə ölkə rəhbərinin diqqətindədir və bu dönəmdə onları himayədən kənarda qoymur”.
Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibbi maska istehsal edən müəssisənin açılışında birbaşa iştirak etmələri də, dövlət rəhbərliyinin xalqı qorumaq üçün hansı fədakarlıqlara getdiyini göstərir:
“Cəmi 2 həftəyə bu cür müəssisənin istifadəyə verilməsi ölkəmizin hazırkı situasiyaya necə çevik reaksiya verməsinin nümunəsidir. İnsanların qorunması üçün lazım olan bütün tibbi-gigiyenik vasitələrin daxili imkanlar hesabına təmin edilməsi birbaşa Prezidentin tapşırığı və ayırdığı vəsaitlərlə icra edilir. Onu da nəzərə alın ki, hələ fevral ayında Azərbaycan xaricdən süni tənəffüs aparatları alıb hazırlığını görmüşdü. Hazırda dünyada ən çox ehtiyac olan da bu aparatlardır. Halbuki, o vaxt hələ bu aparatlara nə qədər böyük ehtiyac olacağını təsəvvür etmək çətin idi. Ancaq birbaşa cənab Prezidentimizin göstərişi ilə həmin aparatlar alınaraq, ölkəmizə gətirildi və hazırda koronavirus xəstələrinin müalicəsinin uğurlu getməsinin əsas səbəbi budur. Bu fakt Prezidentimizin uzaqgörənliyi, dünyada baş verən proseslərin istiqamətini əvvəlcədən hiss etməsi və xalqın qorunması üçün strateji siyasət yeritməsinin göstəricisidir”.
Deputatın sözlərinə görə, koronavirusun iqtisadi zərərlərinin minimallaşdırılması üçün də ölkəmizdə ciddi işlər görülür. O bildirdi ki, 300 min muzdlu işçiyə, bir o qədər işsizə maddi dəstəyə, eyni zamanda, sahibkarlara edilən güzəştlərə Azərbaycan ÜDM-nin 3 faizi həcmində vəsait cəlb edib. Müqayisə üçün onu xatırladım ki, Rusiya bu istiqamətə ÜDM-nin 0,3 faizi qədər dəstək ayırıb. Yəni neftin ucuzlaşmasına və bir çox istehsal sahələrinin qapanmasına baxmayaraq, Azərbaycan dövləti manatın sabitliyini qoruyur, həmçinin ÜDM baxımından bu istiqamətə ən çox vəsait ayıran ölkələr sırasında öncüllərdəndir.
Q.Paşayeva sonda əlavə edib ki, dövlətin gördüyü bu qədər böyük işlərin qarşılığında vətəndaşların edə biləcəyi yalnız özlərini qorumaqdır:
“Prezident də öz çağırışında bir daha bildirdi ki, işlərin bundan sonra uğurlu getməsi və uğurla yekunlaşması üçün vətəndaşlarımız özlərini qorumalıdır. Biz evdə qalmaqla, özümüzü, yaxınlarımızı belə amansız bəladan qorumaqla bu işdə dövlətimizə yardım edə bilərik”.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

10 2020 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə