Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəstək proqramı iqtisadi artımın yeni modelini şərtləndirəcək

Dünyanı bürüyən COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqla yanaşı, postpandemiya dövründə zəruri olan tədbirlər də həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli müvafiq sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının artıq reallaşdırılmasına başlanılması məhz bunun bariz ifadəsidir. 

İqtisadi artıma və sahibkarlığa, məşğulluq və sosial rifaha dəstək göstərilməsini, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını əhatə edən Tədbirlər Planında, ilk növbədə, sosial sahə daha çox diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki pandemiyadan ən çox zərər görən bu sahə məşğulluq imkanlarını məhdudlaşdırıb. Nəticədə əhalinin böyük bir hissəsinin gəlir əldəetmə imkanı məhdudlaşıb. Ona görə də dövlət tərəfindən 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi qərara alınıb. Bunun üçün ayrılan 215 milyon manat vəsait hesabına bir iş yerinin qorunmasına orta hesabla 717 manat xərclənməsi nəzərdə tutulub. 
Yeri gəlmişkən, yuxarıda göstərilən 215 milyon manat 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərdən əlavə dövlət sosial sığorta ayırmaları da hesablanaraq, zərər çəkən şəxslərə çatdırılacaq. Əsas məqsəd isə hər bir işçinin gələcək sosial müdafiəsinin təmin edilməsinə, perspektivdə pensiya ilə bağlı hər hansı problemin yaşanmamasına nail olmaqdır. 
Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara 80 milyon manat dəstək göstəriləcək. Onlara vergi güzəştlərinin və tətillərinin ümumi məbləği isə 115 milyon manat təşkil edəcək. Bura əmlak və torpaq vergisindən müddətli azadolmaların, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi daxildir.
Onu da xatırladaq ki, bu dövrdə kölgə iqtisadiyyatı ilə bağlı tədbirlər yenə də diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı bildirib: “Bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız da dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik. Bizim əsas məqsədimiz, - mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, - kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına...”.
Dövlət başçısının sözləri ilə desək, kölgə iqtisadiyyatının miqyasının daraldılmasının nəticəsidir ki, yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 91 milyon manat və ya 10,1 faiz çoxdur.
Qeyd edək ki, yanvar-fevral aylarında Gömrük Komitəsinin büdcə daxilolmaları 663 milyon 306 min manat olub.
Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına dair yaydığı açıqlamada, həmçinin bildirilir ki, cari ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz artıqdır. Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.
Ölkə rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən, həm də iqtisadiyyatın dayanıqlı inkişafı üçün bütün sahibkarlıq subyektlərinin kölgə iqtisadiyyatından çıxmalarını, buna əməl etməyən iş adamlarının və onların himayədarlarının ciddi cəzalandırılacağını vurğulayıb. Eyni zamanda, sahibkarların ümumi işə uyğun fəaliyyət göstərmələrini tövsiyə edərək, belə halda Azərbaycanın bu böhrandan da şərəflə çıxa biləcəyi əminliyini diqqətə çatdırıb. 
Gömrük və vergi sahələrində əldə edilən uğurlu göstəricilərdən də göründüyü kimi, son dövrlərdə kölgə iqtisadiyyatı ilə aparılan əhəmiyyətli mübarizə fonunda gizli iqtisadiyyatın azalması müşahidə olunsa da, bu hal hələ tam aradan qaldırılmayıb. Lakin, şübhəsiz ki, hazırda respublikamızda gerçəkləşdirilən tədbirlər sözügedən problemin tezliklə həll edilməsini şərtləndirəcək. 
Bu gün sahibkarların kölgə iqtisadiyyatından tamamilə uzaqlaşdırılması ilə bərabər, onların fəaliyyətinin stimullaşdırılması da diqqət mərkəzində saxlanılır . Ölkədə 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanətinin veriləcəyinin, faiz dərəcəsinin yarısının isə dövlət tərəfindən subsidiyalaşdırılacağının nəzərdə tutulması, aqrar sektora girovsuz mikrokreditlərin ayrılması üçün mexanizm hazırlanması, güzəştli ipoteka kreditlərilə bağlı ayrılan vəsaitlərin həcminin 90 milyon manat artırılmasının qərarlaşdırılması bunun bariz ifadəsidir. 
Burada ən mühüm məsələlərdən biri də odur ki, hökumət tərəfindən müvafiq strukturlara dövlət əmlakını və dövlət torpağını icarəyə götürən və pandemiyadan ziyan çəkən sahibkarlardan icarə haqqını cari ilin sonunadək hesablanmaması tapşırılıb. 
Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi də nəzərdə tutulub.
Ekspertlər onu da bildirirlər ki, postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin prioritetləri sırasında isə dağ-mədən, neft-kimya sənayesi, tikinti, habelə rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sektorları əsas yerləri tutacaq. Şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Bütün bunlarla bərabər, yeni özəlləşdirmə proqramı da hazırlanacaq.
Postkorona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ səmərəliliyilə digər sahələrə müsbət təsir göstərəcək mühüm bir sahə kimi nəzərdən keçirilir. İnşaat sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılması da nəzərdə tutulur. Bu qurum tərəfindən investorların iştirakı ilə yeni strateji layihələrin uğula reallaşdırılacağı da gözlənilir.
Postkorona dövründə tikintiyə önəm verilməsi heç də təsadüfi deyil. Belə ki, pandemiyadan sonrakı mərhələdə inşaat sektorunun yenidən sürətli inkişaf tempini təmin etmək iqtisadi inkişafın dayanıqlılığını reallaşdırmaq məqsədi daşıyır. Məhz elə buna görədir ki, hökumət hazırda postpandemiya dövrü ilə əlaqədar qabaqlayıcı addımlar atır. Bu baxımdan tikinti sektorunda ipoteka kreditləşməsinin stimullaşdırılmasına xüsusi diqqət yetirilir. Dövlət ipoteka kreditləşməsini daha da stimullaşdırmaqla ilkin tikinti bazarına yönələn addımların əsasını qoyur. Bundan əlavə, tikinti sektorunun stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi də gözlənilir.

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

10 2020 01:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə