Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qırmızı terror”a boyun əyməyən azadlıq aşiqi

Ölkənin tarixi bəzən ailələrin “tərcümeyi-halından” formalaşır. Bu baxımdan aşağıdakı qeydlərdə ­milli dövlətçilik tariximizin ən mühüm səhifələrdə yer alan və akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabından da oxuculara yaxşı tanış olan “İldırım” təşkilatı üzvləri sırasındakı səkkiz Azərbaycan ziyalısından biri barədə söz açmağı qərara aldım.

Qısa arayış: Musa Mirməhəmməd oğlu Abdullayev ­1927-ci il dekabrın 27-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi adını qazanıb.
Musa Abdullayev 1944-cü ildə “İldırım” təşkilatına üzv olub. Bu zaman məsləkdaşları kimi, onun da Azərbaycanda cərəyan edən hadisələrə münasibəti müstəqil dövlətçilik zərurəti əsasında formalaşıb.

...Azərbaycan 1937–38-ci illərdə bolşeviklərin “qırmızı terror”unun ikinci dalğasında çox böyük itkilər verib. Siyasi mahiyyətində “velikorus” şovinizmi daşıyan bolşevik hökuməti “xalq düşməni” damğası ilə Azərbaycan ziyalılarına, milli düşüncə sahiblərinə divan tutub və sözün əsl mənasında, ən amansız metodlarla xalqı köləlikdə saxlamağa çalışıb. Məsələn, 1939-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının latın qrafikalı əlifbası Kiril əlifbasına dəyişdirilib. Bu zaman, demək olar ki, xalqın rəyi ilə maraqlanılmayıb. Söz deyən, münasibət bildirən kim olubsa, “xalq düşməni” damğası ilə ya sürgünə atılıb, ya da “üçlüyün” qərarı ilə güllələnib. Amma qonşu Gürcüstan və terrorçu, işğalçı dövlət kimi yaxşı tanıdığımız Ermənistanda əlifba haqqında hər hansı bir fikrin səsləndirilməsinə, yaxud bu məsələ ilə bağlı kiminsə məhz sərgilədiyi münasibətə görə həbs edilməsi faktına rast gəlinməyib. Amma o dövrün təhsilli və dünyagörüşlü Azərbaycan gənclərinin bir hissəsi sözügedən mövzuda mövqe bildirdiyinə görə təqiblərlə üzləşib, həbs cəzasına məhkum edilib, sürgünə göndərilib...
Təkcə adı çəkilərkən vahimə və qorxu hissi yaşadan DTK beş ilə yaxın izləmələrdən sonra, 1948-cu ilin sonunda “İldırım” təşkilatının bütün üzvlərini həbs edib. İstintaq elə də uzun çəkməyib. 1949-cu ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası prosesə başlayıb. Hakimlər heyəti bu ziyalılara hörmətlə, məhəbbətlə yanaşan insanlara, gəncliyə göz dağı çəkmək, onları qorxu içində saxlamaq məqsədilə hökmü elan etmək üçün də “münasib” vaxt seçiblər: 1949-cu ilin Novruz bayramı günlərində – martın 21-22-də “İldırım” təşkilatının 3 üzvünə 25 il, qalanlarına isə 10 il müddətini Sibirin həbs düşərgələrində keçirməklə azadlıqdan məhrumetmə cəzası verilib.
Beləliklə, Vətən və millət sevdalı, azadlıq aşiqi olan səkkiz gənc repressiya qurbanına çevrilərək, həyatlarının ən məhsuldar illərini həbs düşərgələrində keçirib. Buna “bir tale yazısıdır”,– demək, bəlkə də yerinə düşmür, amma bu, Vətən və millət naminə gedilən yoldur, deyə vurğulamaq daha ədalətli olardı. Ona görə də bu istiqlal mücahidləri sürgün illərini heç vaxt itki hesab etmədilər, Vətənə “qurban” dedilər.
O amansızlığı, o qəddarlığı onların heç biri unutmadı, heç onların həyatda yadigar qoyub getdikləri övladları, doğmaları da atalarından eşitdiklərini bu gün belə yaddan çıxara bilmirlər.
“Atam o dəhşətli günlərin xatirələri ilə yaşayırdı, müstəqillik illərində belə Novruz bayramı vaxtı onun çöhrəsinə bir qəm, üzüntü çökürdü. Elə hey çalışırdı ki, bunu xatırlamasın, amma bacarmırdı. Bu, bizə də sirayət etmişdi... Hər il Novruz bayramı axşamı süfrə ətrafında əyləşəndə atamın divardan asılan şəklindən bizə tuşlanan baxışlarını üzərimizdə hiss edirdik, canımızda 1949-cu ilin o qorxu, vahimə saçan gecəsinin qara xəbərinin üzüntüsünü, ağrı-acısını yaşayırdıq. Etiraf edim ki, bu sarsıntı içərisində, həm də bir qürur və fəxarət hissi keçirirdik...”.
Bu sözləri “İldırım” təşkilatının fəal üzvlərindən biri olmuş, tibb elmləri doktoru Musa Abdullayevin oğlu, tibb elmləri doktoru Oqtay Abdullayev deyir.
O, hələ gənc yaşlarında Cənub bölgəsinin İranla sərhəddə yerləşən kəndlərinin, İrəvan azərbaycanlılarının xüsusi bir qəddarlıqla köçürülmələrinin şahidi olub və bundan son dərəcə sarsılıb. Həmin insanların əksəriyyətinin buradan da heç bir əsaslı səbəb göstərilmədən Qazaxıstanın yayı isti, qışı son dərəcə soyuq olan aullarına sürülmələrini isə heç cür anlaya bilməyib.
Tibb təhsili alan gənc Musa yaxşı başa düşürdü ki, bütün ömürlərini yaylaqda yaşayan, dağların təmiz havasından udub, bulaqlarının diş göynədən suyundan içən o insanlar düşəcəkləri şəraitə uyğunlaşa bilməyəcək və əksəriyyəti tələf olacaq...
Amma tale elə gətirdi ki, millətinin, xalqının azadlıq və istiqlalı haqqında düşünən, bu yolda mübarizə aparmağa yenicə başlayan Musa dostları ilə birlikdə Sibirə sürgün edildi.
Bu mübariz Azərbaycan gənci repressiyanın dəhşətləri ilə üz-üzə qalmasına baxmayaraq, mətinliyi, iradəsi, Vətənə sonsuz məhəbbəti hesabına Sibir düşərgələrinin ağlagəlməz əzablarına sinə gərdi və nəhayət, tale ona Azərbaycana dönmək fürsəti yaşatdı. Keçirdiyi bütün ağrı-acılardan sınmadı, ruhdan düşmədi, Vətənə sonsuz sevgisi nəinki azaldı, əksinə, daha da gücləndi.
...Stalinin ölümü ilə ölkədəki siyasi ab-hava dəyişildi, günahsız repressiya qurbanlarının bəraət almalarına imkan yaradıldı: SSRİ Ali Soveti tərəfindən amnistiya haqqında fərman imzalandı. “İldırım”ın üzvləri Moskvaya, mərkəzi hökumətə müraciət ünvanladılar. 1955-ci il iyulun 22-də SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının qərarı ilə Azərbaycanın ziyalı gəncləri haqqında cinayət işinə xitam verildi və onlar azadliğa çıxdılar...
“İldırım”ın üzvlərinin keçdikləri o məşəqqətli illəri göz önündə canlandıranda bu insanların dözümünə və mətinliyinə qibtə etməyə bilmirsən. Onların dəhşətli əzablara dözərək, “işgəncə maşını”nın məngənəsindən xilas olandan sonra belə ziyalılıqlarını, əsl insani keyfiyyətlərini necə saxlaya bilmələri də bir möcüzə idi. Doğma torpağa dönəndən sonra daha böyük şövqlə işləməyə, öz bilik və bacarıqları ilə xalqa və millətə xidmət etməyə başlamaq isə belə ağrı-acılardan sonra insandan ikiqat iradə, möhkəm xarakter və Vətənə son dərəcə böyük sevgi tələb edir. Musa Abdullayev təhsilini tamamlamaq üçün oxuduğu Azərbaycan Dövlət Tibb İnstitutu rəhbərliyinə müraciət edir. Lakin rektor Bahadır Eyvazov onu ali məktəbə bərpa etməkdən çəkinir. Uzun yazışmalardan sonra Moskva işə qarışır və Musa istəyinə nail olur.
Təhsil almaq, sevdiyi ixtisasa dərindən yiyələnmək Sibirin sürgün həyatının qarşısında, belə demək mümkünsə, Musa üçün toy-bayram idi. Bax, elə bu şövqlə, həvəslə, yorulmaq bilmədən çalışmağın, gərgin əməyin sayəsində qısa zaman ərzində əvvəlcə namizədlik dissertasiyasını, sonra isə doktorluq işini uğurla müdafiə edir və tibb elmimizdə “Musa Abdullayev cığırı” açır.
Alim 1958-ci ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda elmi fəaliyyətini davam etdirir və az bir vaxtda öz sahəsinin tanınmış mütəxəssisi kimi tanınır. Çalışdığı institutda “Qanın laxtalanma sistemi”nin tədqiqi ilə məşğul olmağa başlayır. Elə həmin il Romada keçirilən “Hematoloqların Ümumdünya Cəmiyyətinin 6-cı konqresinin bütün elmi məruzələrini ingilis dilindən Azərbaycan dilinə çevirir. Həcminə görə bu, o zaman keçmiş SSRİ miqyasında bənzərsiz bir fəaliyyət idi.
M.Abdullayev 1967-ci ildə “Norma və patologiya zamanı qanın laxtalanmasının bir sıra məsələləri” monoqrafiyasını nəşr etdirməklə tibb elminə yeni bir töhfə verib.
Yeri gəlmişkən, ilklərə imza atan Musa müəllimə qədər Azərbaycanda qanın ­laxtalanması problemini araşdıran və elmi cəhətdən əsaslandıran ikinci mütəxəssis olmayıb.
Yorulmaq bilməyən alim qısa bir dövrdə müxtəlif konfrans və elmi yığıncaqlarda 100-ə yaxın məqalə ilə çıxış edib və həmin materiallar tibb alimləri tərəfindən yüksək qiymətləndirilib. “Klinik cərrahlıq” monoqrafiyasında “Qan xəstəlikləri” bölməsinin müəllifi də məhz Musa Abdullayev olub.
Paytaxtımızda 1966-cı ildə keçirilən, tibb tarixində “Bakı konfransı” adı ilə yer alan toplantının materialları sırasında M.Abdullayevin qanın laxtalanması mövzusunda məruzəsi keçmiş SSRİ ilə bərabər digər xarici ölkələrin elmi tibbi dairələrində də böyük maraqla qarşılanıb. Professor qankəsici preparat – trombininin texnologiyasını və tətbiqini elmi əsaslarla açıqlayan ilk tibb alimi kimi də tanınıb.
Musa Abdullayev 1963-66-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda elmi katib, 1970-79-cu illərdə isə həmin ali məktəbin ikinci daxili xəstəliklər propedevtikası kafedrasının rəhbəri vəzifələrində çalışıb. Onun qeyri-adi iş qabiliyyəti və böyük ziyalı nəzakətliliyi hamını heyran edib. O, təkcə özü və ailəsi üçün yaşamayıb, ətrafındakı insanların da rəğbət və hörmətini qazana bilib.
M.Abdullayev elmi fəaliyyətində təkcə hematologiya problemləri ilə məşğul olmurdu, eyni zamanda, kardiologiya və allerqologiya sahələrində də ciddi araşdırmalar aparırdı. Görkəmli hematoloq alimin Azərbaycan tibb elmi üçün gördüyü möhtəşəm işlərdən biri isə keçmiş SSRİ-də ilk dəfə “İngiliscə- azərbaycanca tibb lüğəti”ni tərtib edib nəşrini reallaşdırması idi. Professorun hazırladığı bu kitab sonralar işıq üzü görmüş bütün digər lüğətlər üçün bir bünövrə rolu oynadı.
Bu gün də Azərbaycan Tibb Universiteti tələbələrinin istifadə etdikləri “Laborator analizlərin klinik şərhi”, “Bronxial-astma allergik xəstəlikdir”, “Qan sisteminin bəzi xəstəlikləri” kimi dəyərli dərs vəsaitlərinin müəllifi olan professor Musa Abdullayevin məhsuldar əməyi ilə tanış olandan sonra belə qərara gəlirsən ki, əgər ədalətsiz Sibir sürgünü olmasaydı, alimin daha neçə-neçə önəmli əsəri, o cümlədən “Hərbi səhra terapiyası haqqında qeydlər” və “Daxili xəstəliklər propedevtikası tədrisinin metodologiyası” kitabları işıq üzü görərdi. M.Abdullayev adıçəkilən institutda kafedra müdiri olduğu dövrdə milli genefondumuzun sağlamlığında böyük rol oynayacaq həkimlərin hərtərəfli hazırlanmasında yorulmadan çalışıb, tibb elminə maraq göstərən gənclərin alim kimi yetişməsinə böyük əmək sərf edib. Musa müəllimi yaxından tanıyan, müəyyən müddətdə onunla bir yerdə çalışan Azərbaycanın tanınmış cərrah alimi Nurəddin Rzayev sonralar alim həmkarından söz düşəndə deyirmiş: “Musa müəllim kollektivdə qətiyyəti, dönməzliyi, iradəsi və işgüzarlığı ilə diqqət çəkirdi. Onun elmə sonsuz marağı hamımıza sirayət edirdi. Ən çox dəyər verdiyi isə vaxt, zaman idi. Sanki sürgündə itirdiyi vaxtı öz fəaliyyəti ilə geri qaytarmağa çalışırdı. Bilik və təcrübəsini gənclərə böyük həvəslə öyrədirdi”.
Dostları və alim həmkarları onu da vurğulayırlar ki, repressiyanın acılarını, dəhşətlərini yaşamış bu insan keçmişdən və yaşadığı zamandan heç zaman gileylənməzdi, necə deyərlər, başını aşağı salıb sonsuz həvəslə elmi və pedaqoji fəaliyyətini davam etdirərdi. O, xeyirxah və diqqətcil idi. Ağır məqamlarda köməyə hamıdan tez çatırdı.
M.Abdullayev gəncliyindəki əməksevərliyi, mütaliəni, böyüklərə, xüsusilə valideynlərə hörmət və qayğını heç zaman unutmadı. Ailə qurub ata, baba olanda da bütün bu keyfiyyətləri övladlarına, nəvələrinə aşılamağa çalışdı.
Musa müəllimin ömür yolundan qürurla söhbət açan və özünü fəxrlə onun yetirməsi hesab edən oğlu, professor Oqtay Abdullayev deyir ki, o, bütün işlərində, xüsusilə elmi araşdırmalarında son dərəcə tələbkarlığı ilə seçilirdi, bu keyfiyyəti təkcə tələbələrinə deyil, övladlarına da aşılamışdı. Başladığı işi tamamlamasa, rahat nəfəs ala bilmirdi. Sanki həmişə harasa tələsirdi... “Həyatı yenidən başlamaq üçün keçmişi bağışlayan” (Çexov) atam, eyni zamanda, doğmaları, dostları ilə sürgün həyatı haqqında çox az danışırdı. Amma ömrünün sonunadək (1979-cu il) Azərbaycanın istiqlaliyyətə, azadlığa qovuşacağına böyük ümid bəsləyir, “bircə o günü görsəydim...”, – arzusunu tez-tez dilə gətirirdi.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

10 2020 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə