Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın saxta seçki şousu iflasa uğradı

“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi ərazisidir.  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bu ərazidə hər hansı bir seçki keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Məlum olduğu kimi, bu il martın 31-də  Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində "prezident və parlament seçkiləri"nin keçirilməsinə cəhd olunub, lakin uğursuzluğa düçar olub.  Həmişə olduğu kimi, bu dəfə də dünyanın heç bir ölkəsi, o cümlədən beynəlxalq təşkilatlar, hətta respublikamıza qarşı daim qərəzli olan  qurumlar da  bu qondarma seçkinin nəticələlərini tanımadı. Beynəlxaq hüquq normalarına  zidd olan  bu qeyri-qanuni seçkilərlə həm Ermənistan siyasi hakimiyyəti, həm də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi bütün dünyada özlərini gülünc  vəziyyətə saldılar və işğalçı olduqlarını bir daha təsdiqlədilər”.  Bu fikirləri  Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə səsləndirdi.

Hüquq müdafiəçisinin sözlərinə görə,  işğalçı ölkənin qondarma seçkini martın 31-də keçirməsi düşünülmüş və məqsədli şəkildə atılmış addımdır .  Çünki həmin gün  ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir. Ermənistan tərəfi də qondarma seçkilər keçirməklə  dünya ictimaiyyətinin diqqətini törətdikləri  vəhşiliklərindən, soyqırımı aktlarından  yayındırmaq istəyir: “İşğaıçı ölkə tərəfindən “seçkilər”  adlandırılan bu şou  beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü, qonşuluq və dostluq prinsiplərinə  tamamilə ziddir. Məhz buna görə də dünya birliyi  bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər”.

Ç.Qənizadə  dedi k,  Ermənistan bu qondarma seçkilərlə özünü gülanc vəziyyətinə qoydu. Çünki  BMT-dən sonra dünyada 2-ci ən böyük siyasi qurum sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin  beynəlxalq hüquq normalarına zidd olduğu  bir daha təsdiqləndi: “Bundan əlavə,  ATƏT-in Minsk qrupunun həmsədr ölkələri -- ABŞ, Fransa, Rusiya bu saxta  seçki şousunu pisləyərək, tanımadıqlarını bəyan etdilər. Həmçinin  57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı,  o cümlədən Türk Şurası, Türk Parlament Assambleyası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO,  Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, Kanada, Norveç və digər ayrı-ayrı dövlətlər də bəyanatlar verərək  seçkinin nəticələrini  tanımadıqlarını  bildirdilər.

Hüquq müdafiəçisi  dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda qondarma rejimin  saxta seçkilər keçirməklə beynəlxalq ictimaiyyətin  nifrətini qazandığnı bildirdi. Dedi ki,  Azərbaycanın apardığı uğurlu diplomatik siyasət nəticəsində artıq bütün dünya  Dağlıq Qarabağ həqiqətlərini bilir: “ Möhtərəm Prezidentimiz İlham Əliyev  beynəlxalq tədbirlərdə, o cümlədən  dövlət başçıları ilə görüşlərində  tarixi faktlara əsaslanaraq,  Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla  Azərbaycanın  mövqeyini ortaya qoyub. Məhz bu uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün dünyanın əksər ölkələri  Prezident İlham Əliyevin mövqeyini dəstəkləyir və Ermənistanı işğalçı ölkə kimi tanıyır. Bütün bunlardan sonra Ermənistanın saxta seçki şousunun   iflasa uğraması gözlənilən idi”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

9 2020 15:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə