Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya və Azərbaycan romantizmi yeni araşdırma kontekstində

Çağdaş ədəbiyyatşünaslığımızın və sənətşünaslığımızın görkəmli nümayəndəsi, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin  bu yaxınlarda çapdan çıxmış "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası dünya mədəniyyəti və ədəbiyyatında mühüm yer tutan romantizm probleminə həsr olunub.  Kitabın elmi redaktoru akademik, millət vəkili İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru Məmməd Əliyev və sənətşünaslıq üzrə  elmlər doktoru Məryəm Əlizadədir. Monoqrafiya müstqəillik dövründə romantizm probleminə həsr edilmiş sonuncu tədqiqat əsəri kimi maraq doğurur.

Məlumdur ki, romantizm ədəbi cərəyanı yarandığı vaxtdan tədqiqat obyekti olub, zaman-zaman ədəbiyyatşünaslarımız romantizmin təşəkkül problemlərini və şəxsiyyətlərinin yaradıcılığını araşdırmışlar.  Professor Timuçin Əfəndiyev isə problemi həm dünya ədəbiyyatı, həm də milli ədəbiyyat kontekstində təhlil etməyi üstün tutmuşdur.  Bu, müəllifə problemə daha geniş prizmadan baxmağa imkan verir. Dünyanın bir çox xalqlarının ədəbiyyatında bir hadisə olan romantizm müxtəlif zaman və məkan kontekstində təzahür etmiş və başa çatmışdır. Bu müxtəliflik və fərqlilik tədqiqatçıya özünəməxsus təhlil metodu ilə problemi müxtəlif rakurslardan araşdırmaq imkanı yaradır. Çünki romantizm istər dünya, istərsə Azərbaycan ədəbiyyatında elə bir irsdir ki, onun keçdiyi yol, yaşadığı problemlər və ən görkəmli şəxsiyyətləri haqqında daim yeni-yeni tədqiqatlar aparılacaqdır. Bu mənada professor T.Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası romantizmin yeni kontekstdə araşdırılması istiqamətində ilk addımlardandır. Müəllifin problemə dünya və Azərbaycan ədəbiyyatı kontekstində təhlilinin əsasında məhz bu amillər dayanır. Romantizmin nəzəri kontekstini də buraya daxil etdikdə problemin əhatəliliyi bir qədər də aydın olur. Belə ki, tədqiqatçı ilk dəfə olaraq romantizm problemini həm nəzəri, həm dünya, həm də milli ədəbiyyat kontekstində araşdırır. Bu yanaşma tədqiqatın əhəmiyyətliliyini və lakonikliyini daha da artırmış olur.

Romantizm problemi professor Timuçin Əfəndiyevin elmi istiqamətində ilk dəfə deyil bu şəkildə əhatəli yer alır. Onun doktorluq dissertasiyası və romantizmin görkəmli nümayəndəsi Hüseyn Cavidlə bağlı araşdırmalarında bu problem öz əksini tapmışdır. Bunu nəzərdə tutan müəllif yazır: "Vaxtilə Azərbaycan romantizminin görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı ilə bağlı "Hüseyn Cavidin ideyalar aləmi" (1985) adlı monoqrafiyanı yazarkən mövcud ədəbiyyatşünaslığın romantizm hadisəsini hələ bütün tamlığı üzə çıxarmaq potensialının olmadığını hiss etmişdim. Daha doğrusu, mövcud ideoloji rejim zamanı yazılan tədqiqatlar bu ədəbi hadisəni bütün keyfiyyətləri ilə üzə çıxarmağa imkan vermirdi. Romantizmin araşdırılmasında xeyli boşluqlar var idi ki, onları sosrealist nöqteyi-nəzərdən qiymətləndirmək mümkün olmurdu".

Romantizm estetikası və onun sənət konsepsiyası ilə ilgili araşdırmalar da informativliyi və monumentallığı ilə fərqlənir. Avropa və Amerika romantizminin sənət estetikasında yaxınlıq və fərqlər nəzəri cəhətdən yaxşı əsaslandırılır. Göstərilir ki, romantizmin estetik parametrləri ingilis şairi Corc Bayron yaradıcılığında qabarıq şəkildə üzə çıxır. Romantizm sənətinin həyata münasibəti ən yaxşı şəkildə C.Bayronun estetik dünyagörüşündə ifadə olunur. Məhz onun yaradıcılığında yeni şeir dili, yeni poetik təsvir və ifadə vasitələri romantizmə yeni can və nəfəs verir.

Monoqrafiyada müəllif Azərbaycan romnatizmini üç istiqamətdə araşdırır; Azərbaycan romantizminin təşəkkül problemləri, romantizmin estetikası və poetikası, personaliya. Müəllif Azərbaycan romantizminin təşəkkül problemlərinə yenidən nəzər salır, ideologiyanın təsiri altında formalaşmış sovet ədəbiyyatşünaslığına bəzi təshihlər edir, romantizmin bir çox  ideya-bədii xüsusiyyətlərini ortaya çıxarır. Bu mənada professor Timuçin Əfəndiyevin Azərbaycan romantizminin başlanğıcı, inkişaf problemləri və mərhələləri ilə bağlı fikirləri olduqca qiymətlidir. Monoqrafiyanın bölümlərindən biri "Azərbaycan romantizminin sosrealizm mərhələsi" adlanır. Professor tamamilə doğru olaraq, romantizmin 1920-ci ildə başa çatmadığını, sosrealizm dövründə də bu və ya digər şəkildə inkişaf etdiyini göstərir. Təkcə romantizmin görkəmli nümayəndəsi H.Cavidin bu dövrdə yazdığı əsərlərini göstərmək kifayətdir. 

Kitabdakı "Dünya ədəbiyyatında romantizm" fəslində dünya romantizmi və onun xüsusiyyətləri, ayrı-ayrı xalqların ədəbiyyatında romantizmin təzahür problemləri təhlil edilir. Onu da qeyd edim ki, bu təhlillər romantizmin dünyanın aparıcı xalqlarının ədəbiyyatındakı mövcudluğunu, yaranması, inkişaf problemləri və başaçatma prosesini konkret faktlarla detallı şəkildə ifadə edir. Dünya ədəbiyyatında romantizm problemi geniş anlayış olduğundan professor Timuçin Əfəndiyev romantizmin ən yaxşı şəkildə təzahür etdiyini alman, fransız, ingilis, polyak, rus, amerikan və türk, hətta italiya, danimarka, isveç, norveç kimi xalqların ədəbiyyatında izləyir. Burada ayrı-ayrı xalqların da ədəbiyyatında romantizmlə yanaşı, bu ədəbiyyatı inkişaf etdirən sənətkarların yaradıcılığına da nəzər yetirilir və onların romantizmin inkişafındakı rolu ortaya çıxarılır. Dünya romantizminin kontekstində Şelli, Bayron, Skott, Hüqo, Mitskeviç kimi şair və yazıçıların yaradıcılığı təhlil edilir. Bütün bu araşdırmalardan aydın olur ki, nə zaman yaranmasından asılı olmayaraq ayrı-ayrı xalqların ədəbiyyatında romantizm hadisəsi bu və ya digər şəkildə milli azadlıq mübarizəsi ilə əlaqədar olmuşdur.

Professor Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası uzun illərdən sonra problemə yeni baxış sərgiləyir, bir çox yanlışlıqlara təshihlər verir, dünya və Azərbaycan romantizmini bir yerdə nəzəri və praktik istiqamətləri ilə kompleks şəkildə izləyir. Bu cəhətdən monoqrafiyanı çağdaş ədəbiyyatşünaslığımızın uğurlarından biri hesab etmək olar və əminəm ki, bu mənbə tədqiqatçıların, magistr və doktorantların stolüstü kitablarından biri olacaq. Bu yolda hörmətli Timuçin müəllimə uğurlar arzulayır və yeni-yeni əsərlərini gözləyirik.

Vəfa XANOĞLAN,
sənətşünaslıq üzrə elmlər doktoru

9 2020 17:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə