Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbdürrəhim bəy Haqverdiyev –150

Vətənpərvər ədib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.Bu  münasibətlə  Prezident  İlham Əliyev  bu  il  yanvarın  31-də   sərəncam imzalamışdır. Sərəncamda  deyilir:  “Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır”.  Bu sərəncamda   yubileylə bağlı  tədbirlər  planının hazırlanması müvafiq qurumlara həvalə olunmuşdur.

Onu  da   qeyd  edək  ki, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək.

UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə yubileylər siyahısı təsdiq edilib.

Təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın tanınmış dramaturqu, rejissoru və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi də UNESKO-nun Yubileylər siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin birgə hazırladığı sənəd təşkilatın katibliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq olunub.

Azərbaycan  ədəbiyyatının, milli mədəniyyətimizin  inkişafında böyük  xidmətləri olan  Ə.Haqverdiyevin  dram əsərləri   uzun illərdir ki, teatrlarımızın repertuarında əhəmiyyətli yer tutur.

Onun "Yeyəsən qaz ətini, görəsən ləzzətini"  və  "Dağılan tifaq" kimi  əsərləri   azərbyacanın bütün  teatrlarında  uğurla tamaşaya  qoyulmuş  və  bu  gün də  repertuarda  əsas yer tutmaqdadır.

  Milli   teatrımızın inkişafında Ə. Haqverdiyevin  xidmətlərindən biri 1902-ci  ildə Ağdam Dövlət Dram Teatrı onun   təşkilatçılığı  ilə  yaradılmasındadır..Yerli ziyalıların da yaxından köməkliyi  sayəsində teatr 1904-cü ildə ilk tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və       Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini  hazırlamışdır. Sonrakı illərdə ictimai əsaslarla fəaliyyət göstərən teatr 1937-ci ildən Dövlət Dram Teatrı olaraq bir çox maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar etmişdir.1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılmışdır.1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə bu sənət ocağı Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı   kimi öz fəaliyyətini bərpa etmişdir.

Onun  əsərləri  əsasında   filmlər  də  çəkilib.  1963-cüildə  “Marallarım”  ekranlaşdırılıb.  1983-cü ildə isə  “Evlənmək  istəyirəm”  filmi  onun iki  hekayəsi əsasında  lentə  alınıb.  1993-cüildə isə Ə.Haqverdiyevin    əsəri  əsasında  “Ac həriflər” tammetrajlı film-tamaşası  ekranlaşdırılıb.  Anarın  “Uzun  ömrün akkordları” filmində  Ə.Haqverdiyevin  obrazı  yaradılmışdır.

Hazırda Ə.Haqverdiyevinəsərləri  tədqiq olunur, onun  haqqında monoqrafiyalar, kitablar  yazılır, dram əsərləri    tamaşaya hazırlanır.

Bir məsələni  də  qed edək ki, AZƏRTAC-ın  verdiyi  məlumata  görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət  Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı ilə əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2020 14:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə