Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"News Blaze": Azərbaycanda "COVID-19" adlı gözəgörünməz düşmənə qarşı mübarizə aparılır

News Blaze nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin "Azərbaycanda "COVID-19" adlı gözəgörünməz düşmənə qarşı mübarizə aparılır" sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan rəhbərliyinin COVID-19 koronavirusunun yayılmasına qarşı mübarizədə göstərdiyi səylərdən bəhs edilir.

Müəllif yazır ki, yeni koronavirus Azərbaycana da gözəgörünməz düşmən kimi - gizlicə soxulub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə söhbətində Azərbaycanda vəziyyəti müzakirə etmiş xanım Qrinqer baş konsulun sözlərini sitat gətirərək yazır ki, Azərbaycan bu virusun təhlükəsini ilk gündən kifayət qədər ciddi qəbul edib. Müəllif yazır: "Virusun yayılmasının məhdudlaşdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər görülüb. COVID-19-a yoluxma ilə bağlı ilk bir neçə hadisə aşkar ediləndən dərhal sonra bütün uşaq bağçaları, məktəblər və universitetlər bağlandı... Bir neçə gün sonra Azərbaycan öz sərhədlərini qismən bağladı, hava nəqliyyatının hərəkətini əhəmiyyətli dərəcədə azaltdı. Sonra virusun yayılmasının geniş miqyas almaması üçün əlavə məhdudiyyətlər tətbiq edildi və 2020-ci il aprelin 5-dən bütün ölkə üzrə karantini elan edildi".

Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. İndiyə qədər Azərbaycanda 53.300-dən çox test keçirilib ki, bu da əhalinin ümumi sayından hər milyon nəfərə təxminən 5300 test deməkdir. Azərbaycanın 10.000-dən çox vətəndaşı başqa ölkələrdən təxliyə edilərək öz evlərinə - Azərbaycana çatdırılıb. Onlar ölkənin paytaxtı Bakıda və regionlarda 4-5-ulduzlu mehmanxanalarda karantinə yerləşdiriliblər. Məqalədə daha sonra deyilir ki, aprelin 7-si üçün olan məlumata görə, əhalisinin sayı təxminən 10 milyon olan Azərbaycanda COVID-19 xəstəliyinə tutulma ilə bağlı cəmi 717 hadisəsi qeydə alınıb, ölənlərin sayı 8 nəfərdir.

Müəllif yazır ki, Prezident İlham Əliyev COVID-19-un ictimaiyyətinə iqtisadi və sosial təsirinin yumşaldılması üçün 2,5 milyard manat (1,47 milyard dollar) və ya ölkə üzrə ÜDM-in 3 faizi həcmində vəsait ayırıb. Virusun yayılmasındə ən çox zərər çəkmiş sektorlarda işləyən müəssisələr dövlət dəstəyi alacaq, o cümlədən işçilər üçün vergi güzəştləri və məzuniyyətlər nəzərdə tutulub, müəssisələrin bu böhrandan çıxmasına və işçilərə maaşı ödəməyə davam etmələrinə kömək göstəriləcək.

Qrinqer yazır ki, ölkədə savadlılıq səviyyəsi 99 faizdir. Təhsil Nazirliyi 2020-ci il martın 11-dən etibarən "Mədəniyyət" və "ARB Günəş" telekanallarında ümumtəhsil müəssisələrinin şagirdləri üçün televiziya dərslərinin translyasiyasına başlayıb. Bütün sinifləri və tədris fənlərinin əksəriyyətini əhatə edən bu televiziya dərsləri qabaqcadan elan edilmiş cədvəl üzrə keçirilir.

Qrinqer Azərbaycanın koronavirusa qarşı birgə qlobal mübarizə aparmağın tərəfdarı olmasını qeyd edərək yazır ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı yanında "COVID-19-a qarşı mübarizə Fondu"na 5 milyon ABŞ dolları məbləğində ianə verib. Beləliklə o, bütün postsovet və Avrasiya məkanında belə bir addım atmış yeganə ölkə olub.

Müəllif yazır ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı bölməsi Azərbaycanın hökumətinin COVID-19 virusunun yayılmasının qarşısını almağa yönəlmiş səylərini yüksək qiymətləndirib və xüsusi karantin qətnamələrındə təsbit edilmiş çağırışları və tədbirləri dəstəkləyib.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

9 2020 13:38 -

Köhnə versiyamızdan xəbərləri izlə