Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: Avtomobil zavodu fəaliyyətini davam etdirir

Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında “Gəncə Avtomobil Zavodu” Istehsalat Birliyi də var. “Hazırda zavodumuz tam olmasa da, fəaliyyətini qismən davam etdirir”. Bu barədə açıqlamanı Gəncə Avtomobil Zavodu İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə, karantin rejiminin qaydalarına uyğun olaraq, hazırda yalnız yığım xətlərində iş gedir. 

“Bildiyiniz kimi, zavodumuz Azərbaycanda kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olan yeganə müəssisədir. Ferrmerlərin, digər iş adamlarının kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xətlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiyaedici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfəlik istifadə üçün əlcəklər qoyulub. Bundan başqa, aidiyyatı qurumların köməkliyi ilə sexlərimiz mütəmadi olaraq dezinfeksiya edilir” – deyə X.Fətiyev əlavə edib.  
Müşahidə Şurası sədrinin bildirdiyinə görə, hazırda zavodda müxtəlif modelli traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımı aparılır.
Gün ərzində 2-4 traktor yığılır ki, bu da adi iş rejimində olduğundan 50 faiz azdır. Mart ayında orta hesabla 35 traktor yığılmışdır. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və digər kənd təsərrüfatı texnikası var. 
X.Fətiyev deyib ki, yaxın vaxtlarda Gəncə Avtomobil Zavodu ilə Finlandiyanın məşhur “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında burada Sampo-Roselew markalı kombaynların yığımına başlanılacaq. Hazırda həmin müqaviləyə uyğun olaraq, komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisəyə daxil olduqdan sonra kombaynların yığımına start veriləcək. 
Xanlar Fətiyev bildirib ki, ölkədə koronavirus epidemiyası ilə əlaqədar bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına baxmayaraq, kənd təsərrüfatında işlər davam etdiyindən Gəncə Avtomobil Zavodu fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır. 
 

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

9 2020 00:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə