Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətin məqsədi xalqın sağlamlığını qorumaqdır

Ölkəmizdə vəziyyətin təhlili koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının artdığını göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, dünən 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Təqdirəlayiq haldır ki, Azərbaycanda pandemiyanın nəzarətdən çıxmaması üçün ciddi tədbirlər görülür. Bu il aprelin 5-dən etibarən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkəmizdə hərəkətə məhdudiyyət qoyulub. Bütün bu və digər tədbirlər ölkə ictimaiyyəti tərəfindən düzgün, anlaşıqla qarşılanır.
 

Dünən Milli Məclisin deputatı Ceyhun Məmmədov özünün “Facebook” səhifəsində yazıb ki, hazırda dövlət qurumları koronavirus (COVID-19) virusunun iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üçün gərəkən addımları atır. Artıq konkret tapşırıq və proqramlar üzərində işlər yekunlaşıb.

C.Məmmədov haqlı olaraq hesab edir ki, hazırda dövlətlə yanaşı, vətəndaşlarımızın da üzərinə vəzifə düşür. Hər birimiz vəziyyətin ciddi olduğunu bilməli, məsələlərə maksimum diqqətlə və həssaslıqla yanaşmalı, özümüzün və yaxınlarımızın sağlamlığını qorumalıyıq. Əks halda, virusa yoluxanların sayı daha da artacaq.

Milli Məclisin deputatı inanır ki, dövlətimiz və xalqımız birgə səylərlə son onillər ərzində analoqu olmayan çətinliyə uğurla sinə gələcək. C.Məmmədov yazır: “Yaranan vəziyyət müvəqqətidir. Bir çox zamanlarda olduğu kimi, bu dövrdə də birlik və həmrəyliyimizi qorumalı, müəyyənləşdirilən qaydalara əməl etməliyik. Bir çox çətinliklərdən olduğu kimi, bu bəladan da üzüağ çıxacağımıza, tezliklə həyatımızın normal axarına qayıdacağına əminəm”.

"SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyevin  sözlərinə görə, hələ virusun yayılma prosesi başlayan ilk gündən Azərbaycan dövləti vətəndaşların sağlamlıqlarının qorunması, virusdan yoluxma hallarının minimum olması istiqamətində vacib və təxirəsalınmaz işlərə start verdi. Əks təqdirdə, ölkə əhalisi ağır fəlakətlə üz-üzə qala bilərdi. Xoşbəxtlikdən, Azərbaycan dövləti vəziyyətə adekvat olaraq bütün lazımi tədbirləri görməkdədir.

B.Quliyev yazır: "Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın fasiləsiz iş rejimi, eyni zamanda Prezident İlham Əliyevin xalqa davamlı müraciətləri dövlətin sözügedən istiqamətdə ardıcıl iş aparmasının məntiqi nəticəsidir. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. Həmçinin, yoluxma hallarını müəyyənləşdirmək üçün imkanlar artıb. Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb. Bütün bunların hər biri əsas amilə söykənir – vətəndaş məsuliyyəti və həmrəy şəkildə COVID-19-a qarşı mübarizə aparmaq".

B.Quliyev sonra əlavə edib ki, bu gün Azərbaycanda kifayət qədər peşəkar, öz işini ən yüksək səviyyədə görən həkimlərimiz var və dövlət onların bu mübarizədə işlərini daha fəal aparmaları üçün hər cür imkan yaradıb.

İnanırıq ki, xalqımız sosial məsuliyyət hissi və milli həmrəylik nümayiş etdirməklə bu ümumi  bəla üzərində qələbə çalacaq. Ən vacib olan odur ki, insanlar əssassız təşvişə düşməyib, dövlətin müəyyən etdiyi tədbirləri məsuliyyətlə yerinə yetirsinlər. Axı, dövlətimizin məqsədi xalqın sağlamlığını qorumaqdır.

 

M.HACIXANLI,

“Xalq qəzeti” 

5 2020 16:55 -

Köhnə versiyamızdan xəbərləri izlə