Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiyanın ölkəmizə təsirini minimuma endirmək üçün bütün tədbirlərdən istifadə edilir

Son günər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması ilə bağlı sosial şəbəkələrdə müəyyən fikirlər səsləndirilir və infeksiyaya yoluxma dinamikası müxtəlif iddialarla əsaslandırılmağa çalışılır.

Mülahizələr sırasında “Azərbaycanda koronavirusa yoluxma nə üçün indi artır?”–sualı da diqqət çəkir. Ekspertlər, həkimlər isə bunu respublikada hazırda keçirilən test sayında əvvəlki günlərlə müqayisədə ciddi artım olması ilə əlaqələndirirlər. Bildirilir ki, ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, hazırda müayinələrin sayı 1000-dən çoxdur. Rəsmi məlumata görə, indiyədək respublikada 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirilməsinə əlverişli şərait yaradıb. Başqa sözlə, ölkəyə yeni gətirilən müasir tibbi laboratoriyalarda   müayinələrin reallaşması testin artmasını şərtləndirib. 

Ekspertlər, həmçinin vurğulayırlar ki, vətəndaşların karantin rejiminə tam əməl edəcəkləri təqdirdə, bu ayın sonunadək proses azalan xətt üzrə davam edəcək.

Burada maarifləndirmə tədbirlərinin müsbət nəticəsi də önəmli rol oynayıb. Belə ki, əvvəlki dövrlə müqayisədə son vaxtlar Azərbaycanda özündə hansısa simptomu hiss edən şəxs vəziyyəti barədə həkimə müraciət etməkdən çəkinmir, şübhəsiz ki, belə hal  yoluxmaları ortaya çıxarmağa,  bununla əlaqədar pandemiyaya tutulma sayının artmasına təsir göstərir. Yoluxma, koronavirus daşıyıcısı olmaq isə heç də ölüm faktı anlamını vermir. Belə şəxslər əksər hallarda karantin rejimi şəraitində, izolyasiya tədbirləri çərçivəsində müalicə olunur və sağlamlıqları bərpa edilir.

Azərbaycan koronavirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilir.

Yeri gəlmişkən, BMT-nin Azərbaycandakı nümayəndəliyi yaydığı bəyanatda da hökumətin koronavirusla bağlı gördüyü işləri yüksək qiymətləndirib, “COVID-19”un yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edib, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyib.

Hazırda ölkəmizdəki real vəziyyət epidemiyanın daha çox yayılması təhlükəsinin nəzarət altında saxlanıldığından xəbər verir. Ancaq nə qədər ki, vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzuolunan səviyyədə deyil, effektiv nəticədən danışmaq o qədər tezdir. Ona görə də karantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevrilməlidir.

Mütəxəssislərin fikrincə, sosial məsuliyyət və təcridolunma, yaxud özünü sosial təcridetmə hazırkı mərhələdə koronavirusa qarşı ən səmərəli “dərman” kimi başa düşülməlidir. Ancaq təəssüf ki, bəzən hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var. Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və bu, öz nəticəsini verəcək. Ancaq ehtiyac yaranarsa, şübhəsiz ki, daha sərt tədbirlərin görülməsinə başlanılacaq.

Azərbaycan dövləti təhlükəni azaltmaq üçün kompleks tədbirlər həyata keçirir. Buraya iqtisadi blokda həyata keçirilən tədbirlər də daxildir. Hamıya aydındır ki, epidemiya sosial sahədə ciddi fəsadlar yaratdığı qədər, iqtisadi sektorda da böyük zərərlərə yol açır. Bu istiqamətdə önə çıxan əsas problemlərdən biri də sosial təminatı zəif olan təbəqənin və sahibkarlığın dəstəklənməsi məsələsidir. Hazırda bu istiqamətdə mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə on istiqamətdə xüsusi proqram hazırlanıb. Buraya sahibkarlığın dəstəklənməsindən tutmuş vergi güzəştləri, ipoteka kreditləri, elektrik enerjisinin limitinin artırılması kimi bütöv bir paket daxildir.

Bu isə koronovirus pandemiyasının getdikcə yayıldığı bir vaxtda, neft gəlirlərinin azaldığı bir mərhələdə Prezident İlham Əliyevin hər zaman olduğu kimi, indi də xalqın yanında olduğunu göstərir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

5 2020 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə