Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəmiyyətin yaşaması üçün, səylərimizi birləşdirməliyik

Hazırda bütün dünyanın diqqəti koronavrusun pandemiya halını almasına və onunla mübarizəyə yönəlib. Ölkələr bu bəladan necə qurtarmaq yollarını axtarırlar. Koronavirus bəlası heç bir sərhəd tanımır. Təəssüf ki, bu təhlükə bizim ölkəmizdən də yan keçməyib. Virusa qarşı dövlət tərəfindən görülən tədbirlər, qoyulan qadağalar, qəbul edilən qərarlar ancaq insanların sağlamlığına istiqamətlənib. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova  karantin rejimində insanların necə davranmalı olduqları ilə bağlı cəmiyyətə və maddi durumu aşağı səviyyədə olan ailələrə dəstək məqsədilə imkanlı adamlara sosial şəbəkədə video-çağırış edib. O deyib:

-- Əziz vətəndaşlarımız, ölkəmizin başı üstünü almış virus bəlasından qorunmaq üçün bütün səylərimizi brləşdirib Azərbaycan Prezidentinin yanında olmalıyıq.  Bu mübarizədə bütün gücümüzlə dövlətin qərarlarına tabe olmalıyıq. Buna görə də hamıya üz tutub demək istəyirəm ki, evdə qalın, sağlam qalın-- çağırışına əməl edin. Bayıra çıxanda ara məsafə saxlamaq qaydasını unutmayın. Rəsmi icazə olmadan evdən çıxmayın. Bunlar çox önəml şərtlərdir.

Biz bu çağırışları həm sosial şəbəkədən, həm televiziya kanallarının dəvət edildiyimiz verilişlərindən, saytlardan, həm də hazırladığımız video-çarxlar vasitəsi ilə etmişik. Bu çağırışların da əsas məqsədi evdə qalmaqdır, virusdan qorunmaq və başqalarını qorumaqdır.

Əziz insanlarımız, dövlətimizin koronavirusla mübarizədə  qoyduğu qaydalara, çağırışlara, qadağalara əməl edin. Bu ancaq sizin xeyrinizədir. Evdə qalmaq sizin özünüz üçün lazımdır ki, virusa yoluxmayasınız, eyni zamanda özünüzlə birgə ailə üzvlərinizi də yoluxdurmayasınız. Çünki bu virus düşdüyü səthdə 12 saata qədər qala bilir və bu da yoluxma təhlükəsinin necə böyük olduğunu göstərir.  Həm də COVİD--19 adi qrip infeksiyası kimi, özünü yoluxan andan biruzə vermir. Bu yoluxma 28 gün ərzində özünü gizli saxlaya bilir. Və düşünün ki, virusa yoluxan adam bu müddətdə nə qədər insanla təmasda olursa, o qədər də insanı və onların ailəsini təhlükəyə atır, yoluxdurur. COVİD--19 məhz buna görə daha çox təhlükəlidir. Ona görə də insanın evdə qalması tək özü, ailəsi üçün deyil, geniş mənada zəncir kimi yayılaraq, insanı cənginə alan virusdan bütün xalqın qorunması deməkdir.

Bu gündən insanların evdən çıxmasına rəsmi icazə tətbiq edildi. Zəruri ehtiyac olmadan evdən çıxmaq da lazım deyil. Bu sosial izolyasiya vacibdir. Çalışmaq lazımdır ki, ərzaq üçün mağazaya da gün ərzində ailədən bir nəfər və bir dəfə çıxsın. Bundan başqa, özünüzdə narahatlıq hiss edərsinizsə, temperatur olarsa, mütləq həkimə müraciət edin.

Azərbaycan təkcə paytaxtdan ibarət deyil. Ona görə də üzümü bölgələrdə yaşayanlara da tutub səslənirəm. Diqqətli olun. Virusun kimi harada yaxalamasını kimsə bilmr. Ona görə də profilaktika tədbirlərinə əməl etmək, gigiyenaya əvvəlkindən də çox önəm vermək lazımdır. Qaydalardan biri də 65-dən artıq yaşı olanlara, ən çox da tənhalara kömək göstərmək, yaşlıların qeydinə qalmaqdır. Cünki onlar yoluxmaya daha həssasdırlar və yaş artdıqca, orqanizmin viruslara qarşı müqaviməti də azalır.

Biz də “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi olaraq az imkanlı ailələrə köməyimizi əsirgəmirik. Belə ailələrə tibbi vasitələr, ərzaq bağlamaları göndərməklə maddi vəziyyətlərini az da olsa, yaxşılaşdırmağa çalışırıq. Bu günlərdə 100 belə ailənin sevincinə səbəb olduq. Doğulduğum Masallının imkanlı adamlarına müraciət edirəm. Bilirəm ki, onlar çoxdurlar, xeyrixahdırlar,  əliaçıqdırlar. Ona görə Masallıdan olan yardımsevər insanlarımıza üz tutub deyirəm ki, ətrafınızda tanıdığınız, bildiyiniz kasıb ailələri tibbi-gigiyenik vasitələr, ərzaq bağlamaları ilə sevindirin. Dövlətimiz tərəfindən belə insanlara hər cür diqqət və qayğı göstərilir. Biz də bu məsələdə dövlətimizin yanında olmalı, onun siyasətini dəstəkləməliyik. Gəlin, hamılıqla evdə qalaq, doğmalarımızı qoruyaq, yardımlaşaq ki, cəmiyyətimiz yaşasın, bu bəladan az itkilərlə çıxaq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”    

5 2020 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə