Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız milli birlik və həmrəyliklə bu mübarizədə qalib olacaq

Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq görürük ki, ölkə ərazisində COVID--19-a yoluxmalar gündəlik artır. İnfeksiyaya yoluxmaların çoxalması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür. Bəzi saytlarda mənbəyi göstərilmədən, əsası olmayan məlumatlar verilir, insanları çaşdıran xəbərlər yayımlanır və bu da onları daha çox təşvişə salır. Onu deməliyik ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. Aprelin 4-nə olan məlumata görə, tək bir gündə 78 yoluxmanın qeydə alınmasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksəriyyətinin xüsusu rejim qaydalarına əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çıxmaları, ictimai nəqliyyatda tələblərə tabe olmamaları səbəb olub.

Ölkədə virus aşkarlanan ilk günlərdə yoluxma sayının az olmasının da öz səbəbləri vardı. Əvvəla sərhədlər, yəni ki, bizə əsas təhlükə olan qapılar bağlanmışdı. Həmin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200--300 şübhəli insan test müayinəsinə cəlb edilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkə üzrə yüksək hərarət, quru öskürək, əzələ ağrıları s. simptomlarla həkimə müraciətlə 35 mindən artıq test keçirilib. Müayinə imkanları  çoxaldıqca, yoluxmanı müəyyən etmək imkanları da artır. 

Qeyd edək ki, yoxlamalar aparmaq üçün Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb. Virusun inkubasiya dövrünün və xəstəliyin üzə çıxmasının 28 günədək çəkə bildiyi müəyyən edilib. Yəqin ki, yoluxmuş adam  28 gündə nə qədər insanlarla təmasda olub və həmin adamların da kimlərlə isə təmas qurması nəticəsində yoluxanların sayı artıb.

İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir -birini yoluxdurması halları qeydə alınır. Çünki insanlar evdə qalmaq istəmirlər. Onların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə dövlətimiz bütün vasitələrə əl atır. Ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirildi, aprelin 5-dən isə insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız xüsusi icazə ilə razılıq verildi.

Nazirlər Kabineti yanında operativ qərargahın aprelin 4-nə olan məlumatına əsasən, ölkədə 521 yoluxma faktı qeydə alınıb. Regionun və dünyanın təcrübəsi və araşdırmalar göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.

Ölkəmizdə koronavirusla mübarizə məqsədilə dövlət tərəfindən son dərəcə mümkün zəruri işlər görülür. Amma bu bəlanın nə vaxt yox olacağı barədə kimsə proqnoz verə bilmir. Çünki yoluxmaların azalması üçün ən vacib olan ozünü təcridə hamı əməl etmək istəmədi. Hətta respublikanın Birinci vitse-prezidenti vətəndaşlara evdə qalmaları üçün çox dəyərli çağırış etdi. Nəhayət aprelin 5-dən evdən xüsusi icazə və vaxtla çıxmağa start verildi. Dövlət başçımızın koronavirusla mübarizədə atdığı hər addım insanların sağlamlığına, yoluxmaların az olmasına istiqamətlənib. Bu yolda hamı bacardığını etməlidir.       

Prezident İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratması və ilk olaraq özünün və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını Fonda bağışlaması hər bir imkanı çatan azərbaycanlı üçün örnək oldu.  Milli Məclisin deputatları, şirkət və QHT rəhbərləri dövlət başçısının təşəbbüsünü alqışlayaraq, bu təşəbbüsə qoşuldular. Dövlət başçımızın göstərdiyi milli birlik, həmrəylik nümunəsi bir örnəkdir və bütün vətəndaşlarımızın bu mübarizədə Prezidentin çağırışına səs verib, həmrəy olmaları vacibdir. Koronavirusla Mübarizəyə Dəstək Fondu sanki bir həmrəylik meydanımız, milli birlik simvolumuza çevrilir. Prezidentimizin koronavirus pandemiyasına çevik reaksiyasının nəticəsidir ki, Azərbaycanda bu virusla mübarizə yüksək səviyyədədir və inkişaf etmiş bir çox ölkələrlə müqayisədə ölkəmizdə vəziyyət  yüngüldür.

Hazırda tamamilə ayrı situasiya, fərqli bir mənzərə yaranıb. Vətəndaşlarımız operativ qərargahın təlimatlarına dəstək verməli, ona sözsüz əməl etməli, öz səhhətlərinə qarşı biganə olmamalı, imkanlı şəxslərimiz, xaricdə yaşayan iş adamlarımız isə bu Fonda pul köçürməklə kampaniyaya qoşulmalıdırlar. İnanmalıyıq ki, vətəndaşlarımız milli birliyimiz, həmrəyliyimiz və cənab Prezidentin çevik, uzaqgörən qərarları sayəsində, bu bəla dəf ediləcək.

Qeyd edək ki, dövlət tərəfindən vətəndaşlarımızın koronavirusa yoluxmamaları üçün bütün zəruri tədbirlər görülüb, xəstəliyin müalicəsi üçün xüsusi xəstəxanalar ayrılıb. Hətta ilk tədbirlərdən biri kimi, yaşlı əhalinin sağlamlığının qorunması məqsədilə, yaşı 65-dən yuxarı olan insanlara zəruri ehtiyac olmasa, evdən çıxmamaq qadağası qoyulub. Dövlət başçısının göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, bu işə könüllülər və digər bir sıra qurumlar da qoşulmaqla, gücləndirilmiş iş rejimi şəraitində evdən çıxmağa qadağa qoyulmuş, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlər göstərilir. Əsas məqsəd bu amansız bəladan az itkilərlə çıxmaqdır. Dövlət başçımıza əhalinin sağlamlığı naminə, bütün dünyanı bürüyən bu bəladan vətəndaşlarımızı qorumaq yolunda gördüyü işlərə hər kəs dəstək olmalıdır. Bu gün bu dəstək karantin rejiminə riayət etmək, həmrəylik və anlayış göstərməkdir. Çünki qadağalara riayət etmək, gigiyenik qaydalara əməl etmək, xəstəliyin müalicəsindən qat-qat asandır. Verilən tövsiyələr, tələblərlə razılaşaq ki, sağlam qalaq, həyatda qalaq.

    Nazirlər Kabineti yanında operativ qərargahın bu günə olan məlumatına görə Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. ÜST-nın aprelin 4-nə olan məlumatına görə, qonşu Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb.  Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, lakin ölüm halı hələlik qeydə alınmayıb.

Vətəndaşlarımıza blməlidirlər ki, insanın bayırla nə qədər çox əlaqəsi olsa, yoluxmaların da sayı o qədər çox olacaq. Hər kəs özünü qorumaqla, həm ailəsini, həm də zəncirin həlqələri olan təmasda olduğu digər insanları, ümumilikdə cəmiyyəti qorumuş olur. Əminliklə deyə bilərik ki, yalnız milli həmrəylik, milli birlik, qarşılıqlı anlayış göstərən və dövlətlərinin atdığı addımlara sidq ürəklə qoşulan xalqlar bu mübarizədə qalib olacaqlar.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 

5 2020 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə