Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfirlik: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini əhatə edir

Aprelin 4-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə ölkəmizin Rusiyadakı səfirliyi açıqlama yayıb.

Açıqlamada deyilir: “1992-ci il aprelin 4-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr qurulub və həmin ildə hər iki ölkənin qarşılıqlı olaraq səfirlikləri açılıb. Bu illər ərzində Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində baş konsulluqları, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində Ticarət Nümayəndəliyi fəaliyyətə başlayıb.

Ötən 28 il ərzində iki ölkə arasında mövcud olan münasibətlər keyfiyyət və mahiyyətcə yeni səviyyəyə qaldırılıb. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətlərini, eləcə də irimiqyaslı hərbi-texniki əməkdaşlığı əhatə edir. Şübhəsiz ki, Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür mühit ilk öncə iki ölkə liderləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls verib.

İki dövlət arasında olduqca intensiv siyasi dialoq mövcuddur. Parlamentlərarası əlaqələr, İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti, Xarici işlər nazirliklərinin və digər nazirliklərin, eləcə də aidiyyəti qurumların rəhbərlikləri arasında çoxsaylı təmaslar isə mehriban qonşuluq siyasətini, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirib. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır.

Diplomatik münasibətlərin qurulmasından keçən 28 il ərzində iki ölkə arasında 300-ə qədər ikitərəfli sənəd imzalanıb və onların həyata keçirilməsi üçün mühüm addımlar atılıb. 1997-ci il iyulun 3-də dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 2001-ci il yanvarın 9-da Bakı Bəyannaməsi, 2004-cü il fevralın 6-da Moskva Bəyannaməsi və 2008-ci il iyulun 3-də Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlərdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına 2018-ci il sentyabrın 1-də həyata keçirdiyi rəsmi səfəri çərçivəsində imzalanmış “Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, bir çox sahələri əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və həmin sənədə daxil olan ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə 5 müvafiq yol xəritəsi, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” əməkdaşlığın gələcək inkişafına, o cümlədən iqtisadi münasibətlərin dərinləşməsinə mühüm təkan verib.

Ölkələrimiz arasında ticarət əlaqələri də yüksələn xətlə inkişaf edir. 2019-cu ildə ikitərəfli ticarət 3,2 milyard dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 27,4 faiz çoxdur. Azərbaycanda 950 ortaq şirkət fəaliyyət göstərir. Rusiyanın Azərbaycana yatırdığı sərmayələr 4,5 milyard dollar, Azərbaycan sərmayələri 1,5 milyard dollar təşkil edib. Azərbaycan Rusiyanın 70-ə yaxın federal subyektləri ilə də birbaşa əməkdaşlıq edir, habelə bir sıra Rusiya regionları ilə ölkəmiz arasında əməkdaşlığa dair müvafiq sazişlər imzalanıb.

2019-cu ilin dekabrın 24-də Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib ki, bu da sözügedən əlaqələrin və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayacaqdır.

Humanitar əməkdaşlığımız da genişlənməkdədir. Belə ki, Rusiyada minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Ölkəmizdə rus dilinə olan münasibət də xüsusi vurğulanmalıdır. 360-dək məktəbdə rus sektorunun mövcud olması, 18 rusdilli məktəbin fəaliyyət göstərməsi humanitar münasibətlərimizin ayrılmaz hissəsini təşkil edir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar da dövlətimizin layiqli vətəndaşları kimi ölkəmizin inkişafına öz töhfələrini layiqincə verirlər.

Humanitar əməkdaşlıq çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və müasir cəmiyyətin inkişafının aktual problemlərinin beynəlxalq müstəvidə müzakirə olunduğu platformaya çevrilən Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək zəruridir.

İki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi olaraq Heydər Əliyev Fondunun rolu önə çəkilməlidir. Belə ki, Fondun fəaliyyəti nəticəsində mədəniyyətimiz Rusiyada geniş təbliğ olunur, çoxsaylı tədbirlər, o cümlədən sərgilər, müsabiqələr, festivallar və konsertlər təşkil edilir.

Turizm sahəsində əməkdaşlıq da son illər ərzində çox sürətlə inkişaf edib. Belə ki, Rusiyadan ölkəmizə turizm məqsədilə səfər edən insanların sayı artıq bir milyona çatıb. Bu da sıravi Rusiya vətəndaşına Azərbaycanın tarixi, mədəniyyəti, qonaqpərvərliyi və məişəti ilə daha yaxından tanış olmaq imkanı yaradır.

Azərbaycan üçün prioritet məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Ermənistanın işğalçı siyasətinə son qoyulması istiqamətdə Rusiya Federasiyasının BMT-nin Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Keçən il də yüksək səviyyəli səfərlər və işgüzar görüşlər ilə səciyyəvi olub. Oktyabrın 3-də “Valday” Klubunun 16-cı illik iclasının plenar sessiyasında iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu il noyabrın 20-24-də Rusiya Federasiyasına rəsmi səfər edib, yüksək səviyyəli ikitərəfli görüşlər keçirib, Azərbaycan-Rusiya 10-cu regionlararası forumuna Azərbaycan tərəfindən rəhbərlik edib və səfər zamanı əsası 1939-cu ildə qoyulmuş və Azərbaycan-Rusiya dostluğunun rəmzini nümayiş etdirən Azərbaycanın Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Kompleksinin ərazisindəki Milli pavilyonunun açılışında iştirak edib.

28 il ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

5 2020 00:38 -

Köhnə versiyamızdan xəbərləri izlə