Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Biz bu gün həm vətəndaşlıq, həm də insanlıq imtahanı veririk

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva sosial şəbəkədə seçicilərinə video-müraciət ünvanlamaqla bərabər, həm də bütün vətəndaşlarımıza çağırış etməyi özünə borc bilib. Q. Paşayeva müraciətdə deyib:

-- Çoxhörmətli mənə inanan, güvənən seçicilərim, eyni zamanda, əziz xalqım, bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə qalxıb. Belə təhlükəli, insanların virusa yoluxmasına imkan verməmək məqamında, təbii ki, vətəndaşların gediş-gəlişinə məhdudiyyətlər qoyulmalı, ciddi qadağalar və karantin rejimi tətbiq edilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu mübarizədə bütün zəruri tədbirləri görür. Virusun ölkəmizdə geniş yayılmaması üçün dövlətin gördüyü tədbirlərlə bərabər biz də əlimizdən gələni etməliyik. Bu mənada ölkədə gücləndirilmiş karantin rejiminə əməl etmək məcburi  və vacibdir. Ən vacib olan isə, əziz seçicilərim, rəsmi məlumatları dinləməkdir. Bilirəm ki, çoxunuz sosial şəbəkə istifadəçisisiniz. Saytlarda verilən hər məlumata inanmayın. Televiziya kanallarında operativ qərargahın məlumatı verilir, maarifləndirici  proqramlar, video-çarxlar təqdim olunur. Dövlətimizin koronavirusla mübarizədə  qoyduğu qaydalara, çağırışlara, qadağalara əməl edin. Evdə qalmağa çalışın. Evdə qalmaq sizin özünüz üçün lazımdır ki, virusa yoluxmayasınız, ailə üzvlərinizi yoluxdurmayasınız. Çünki bu virus düşdüyü səthdə 12 saata qədər qala bilir və bu da yoluxma təhlükəsinin necə böyük olduğunu göstərir. Həm də COVİD--19 adi qrip infeksiyası deyil ki, özünü anında biruzə versin. Bu yoluxma 14 gün ərzində özünü gizli saxlaya bilir. Və yoluxan adamın bu müddətdə nə qədər insanla təmasda olması, o qədər də insanın və onların ailəsinin yoluxması deməkdir. COVİD--19 məhz buna görə daha çox təhlükəlidir. Ona görə də insanın evdə qalması tək özü, ailəsi üçün deyil, geniş mənada zəncir kimi yayılaraq, insanı cənginə alan virusdan bütün xalqın qorunması deməkdir.

Bu gündən insanların evdən çıxmasına icazə tətbiq edilir. Zəruri ehtiyac olmadan evdən çıxmaq da lazım deyil. Çalışmaq lazımdır ki, ərzaq üçün mağazaya da gün ərzində ailədən bir nəfər və bir dəfə çıxsın. Seçicilərim, kənd həyatı şəhər həyatından fərqlidir. Qohum-qonşu ilə gediş- gəlişi müəyyən vaxta qədər maksimum azaldın. Evdə yaşlıların qeydinə qalın. Cünkii onlar yoluxmaya daha həssasdırlar və yaş artdıqca, orqanizmin viruslara qarşı müqaviməti də azalır. Avropa ölkələrində nələr baş verdiyini görürük. İtaliyalı həkim yazır ki, bizi ağrıdan odur ki, koronavirusdan həyatlarını itirən xəstələr son anda əzizləri ilə vidalaşa da bilmirlər. Xəstələrə ancaq telefonla ünsiyyət qurmaq imkanı verilir. Bu halların baş verməməsi üçün gəlin, birləşək, bir olaq və bu virusla mübarizədə bütün səylərimizi birləşdirək, qadağalara, tövsiyələrə, çağırışlara əməl edək. Məhz onda biz elliklə bu mübarizədə qalib gəldiymizi görərik. Bu adi virus deyil. Dünyanın bütün ölkələrinin ən güclü həkimləri antivirus tapmaq üstündə çalışırlar. Amma vaksinin nə vaxt tapılacağı da məlum deyil.

Mən bir azərbaycanlı, vətəndaş, nəhayət, deputat kimi seçicilərim olan Qarabağ qazilərinə, şəhid ailələrinə öz əməkhaqqım hesabına tibbi ləvazimatlar göndərdim. Əziz seçicilərim, o bağlamada termometri təsadüfən qoymamışıq. Siz özünüzdə narahatlıq hiss etsəniz, tez-tez hərarətinizi ölçün. Əgər narahatlığınız artsa və davam etsə, mütləq anında təcili yardıma müracət edin. Bu o demək deyil ki, sizdə virus var. Yoxlanın, arxayın olun ki, bu adi soyuqlamadır. Əgər soyuqlama deyilsə, bunu gizlətmək sonra çox ağır nəticə verər və sağalma mümkün olmaz. Gigiyena qaydalarına indi daha çox əməl edin. Evdən çıxanda, marketlərdə insanlarla ara məsafə saxlayın, maska yoxdursa, yüngül şərflə ağız-burnunuzu bağlayın.

Amma bununla iş bitmir. Virusdan kimsə sığortalanmayıb. Yaxşı bilirik ki, insanlarımızın bir çoxu günəmuzd işləyənlərdir. Onların ailələri hazırda ağır vəziyyətə düşüblər. Çünki, qazanc gələn yer yoxdur. Mən imkanlı tovuzlulara üz tuturam. Biz bu gün həm vətəndaşlıq, həm də insanlıq imtahanı veririk. Rayonda, kənddə yaşayanlar hansı ailənin necə imkana malik olduğunu yaxşı bilir. Rayondan kənarda yaşayanlar isə kənddəki qohumlarından oradakı ailələrin dolanışığı barədə məlumat ala bilərlər. Hər imkanlı şəxs 2-3 ay ərzində hər ay maddi vəziyyəti aşağı olan 10-15 ailəyə tibbi ləvazimat və ərzaq bağlaması göndərsə, maddi ehtiyaclarına kömək etsə, çətin olmaz deyə düşünürəm. Biz həmişə yardımsevər olmuşuq. Bu gün bizə bu, daha çox lazımdır. Cənab Prezidentin bu fikrini xatırlayaq: ”Biz birlikdə güclüyük!” Əminəm ki, biz də güc birlikdədir deyib, əl-ələ verərək bu çətin günləri arxada qoyacaq, virusa qalib gələcəyk.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

4 2020 19:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə