Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib

Əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə KTN ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq. Bundan başqa, AMEA və KTN-nin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları da araşdırılacaq.

Daha sonra çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər dövlət başçısının Azərbaycanda qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, bu sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var.

Kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin vacib olduğunu deyən nazir vurğulayıb ki, bunun üçün ümumi hədəfə doğru əməkdaşlıq olduqca vacibdir. İnam Kərimov bu səbəbdən əməkdaşlıq haqqında Niyyət Sazişinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Tədbirdə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Niyyət Sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bugünkü tədbiri ölkənin aqrar həyatında əhəmiyyətli addım kimi qiymətləndirib. Daha sonra çıxış edən KTN-in Aqrar  Elm və İnnovasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bildirib ki, Niyyət Sazişi tərəflər  arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması məqsədi ilə aqrar elm və istehsalat arasındakı əlaqələrin yenidən qurulmasına, tətbiqi elmi araşdırmaların bazar iqtisadiyyatının tələblərinə müvafiq aparılmasına xidmət edəcək.

Tədbirdə həmçinin  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, AMEA-nın müxbir üzvləri Bilal Bilalov çıxış edərək Niyyət Sazişinin müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini bildiriblər.

Sonda AMEA ilə KTN arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və kənd təsərrüfatı naziri İnam Kərimov imzalayıblar.

            

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 2018 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə